Əlaqə Arxiv
news Image
2014.10.01
09:00
| A A A
Xəzərin bölüşdürülməsində yeni mərhələ başlanır
Araz Aslanlı: “Ümumilikdə qərar Azərbaycan üçün uğurludur” Vəfa Quluzadə: “Sahilyanı ölkələrin hamısının rəyi olmadan Xəzərin statusunu dəyişmək mümkün deyil”

Xəzəryanı ölkələrin Həştərxanda keçirilən sammitində dənizin su səthindən istifadə prinsiplərinin razılaşdırıldığı kommunike qəbul edilib. Qəbul edilən siyasi bəyanata əsasən, tərəflər sahilyanı ölkələrin Xəzər üzərində suverenlik hüququna dair prinsipləri razılaşdırıblar. Sənədə əsasən, sahildən 15 mil məsafədə sahilyanı ölkələrin suverenlik hüquqları tanınır. Bioloji resursların hasilatına dair müstəsna hüquq isə daha 10 mil məsafədə keçərlidir. Xəzərin qalan su səthi ümumi istifadədə olacaq. Beləliklə, Xəzərin su səthinin bölüşdürülməsi məsələsi faktiki olaraq həllini tapıb. Əgər əvvəllər Xəzərin su səthinin də dibi kimi milli sektorlara bölünməsi ideyası ətrafında danışıqlar gedirdisə, indi dənizin su səthinin 25 mil, yəni 40 kilometrlik milli zonalar istisna olmaqla ümumi istifadədə olması məsələsi həll olunub. Rusiya prezidenti Vladimir Putin bu siyasi bəyannamənin qəbul edilməsini Xəzərin hüquqi statusunun razılaşdırılması yolunda mühüm addım hesab edib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı hesab edir ki, sammit Azərbaycan üçün əhəmiyyəti o oldu ki, İran və Türkmənistan bölüşdürmə ilə bağlı razılığa imza atdı: "Bilirik ki, Azərbaycan və Qazaxıstan dənizi orta xətt prinsipi ilə, Türkmənistan və İran isə fərqli variantlarda bölüşdürmətəklifini irəli sürürdülər. Azərbaycan və Qazaxıstan həmişə mövqeyini qoruyub ki, Xəzərdə birgə istifadədən söhbət gedə bilməz. Bu prizmadan, sammitin nəticələrini ranın güzəştə getməsi kimi də dəyərləndirə bilərik. Ümumilikdə olunmuş qərar Xəzəryanı dövlətlər üçün ortaq məxrəc oldu. Amma Azərbaycanı maraqlandıran dənizin dibidir. Qazaxıstan üçün də belədir. Çünki, orada neft ehtiyatları var. Suyun səthi ilə bağlı Azərbaycanı maraqlandıran məsələ milli təhlükəsizlik zolağı yaratmaqdır. Bu, Azərbaycan Konstitusiyasında da təsbit olunub. Azərbaycan ərazisi deyiləndə quru sahələrlə yanaşı, Xəzərdəki Azərbaycan sektoru da nəzərdə tutulur. Vaxtı ilə bu ifadə qəbul olunanda Rusiya və İran tərəfindən etirazla qarşılanmışdı. Amma bu gün biz haqlı çıxdıq. Ən azından suyun səthi ilə bağlı hamı qəbul etdi ki, milli sektor var. Dənizin dibi ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiya arasında razılıq var. Bunun gələcəkdə problemi o ola bilər ki, Xəzərin dibi bölüşdürən zaman İran dənizin eyni sərhəd üzrə bölüşdürüləməsi təklifini irəli sürə bilər. Amma həmin çətinlik indikindən qəliz olmayacaq. Çünki, onsuz da İran təklif edirdi ki, Xəzər ortaq şəkildə istifadə olunsun. Amma indiki qərar ən azından İranın "bərabər bölünsün" mövqeyindən geri çəkildiyini göstərdi. Yəni, ümumilikdə qərar Azərbaycan üçün uğurludur".

Politoloq hesab edir ki, qərarı texniki baxımdan Xəzərin statusunun müəyyənləşməsində irəli addım hesab etmək olar: "Amma nəticəyaratmaq baxımdan çox prinsipial deyil. Neft yataqlarının bölüşdürülməsində dövlətlər yenə də əvvəlki mövqeyini müdafiə edəcəklər. Sadəcə Türkmənistanın ümumi mövqeyi Azərbaycana yaxınlaşdığı üçün əməkdaşlıq təşəbbüsləri arta bilər. İndiki qərar texniki addımdır. Xəzərin statusu isə mahiyyətcə siyasi problem olduğuna görə bütövlükdə statusla bağlı işə çox faydası olmayacaq".

"Xəzər" Araşdırmaları Mərkəzinin direktoru Vəfa Quluzadənin sözlərinə görə, Xəzərdə mövcud olan yeganə təhlükə, Vladimir Putinin rəhbəri olduğu Rusiyadır: "Əslində, Rusiya Xəzər dənizini ümumi edə bilməyib. Ona görə də hər bir ölkənin öz sektoru var. Lakin bu sektordan kənar ümumi sayılır. Bu da Rusiyanın Həştərxanda dayanan raketlə dolu əsgəri donanmasına gəzməyə imkanlar açır. Amma eyni zamanda hər ölkənin öz sektoru olduğuna görə Rusiyanın əsgəri donanması heç bir ölkənin sahillərinə yaxınlaşmaq hüququna malik deyil. Ona görə də bu bölgünü böyük nailiyyət hesab etmirəm. Sammitdə Rusiya nəyəsə nail ola bilmədi. Hər bir ölkə özünün maraqlarını qoruya bilib. Çünki, sammitdən əvvəl Putin administrasiyasından bəyanat verilmişdi ki, Rusiya sektorlara bölünmə ilə razı deyil. Amma gördük ki, Rusiyanın imperiya maraqları bu sammitdə irəli getmədi. Sammit sadəcə, bir sıra xırda məsələlərin həllinə nail oldu".

Vəfa Quluzadə də bölgünün Xəzərin statsunun təyin olunmasında rol oynamadığı fikrindədir: "Rusiya, İran öz mövqeyindən çıxış edib, Xəzərin statusunu dəyişmək istəsələr də, məsələlər həmrəyliklə həll olunur. Sahilyanı ölkələrin hamısının rəyi olmadan Xəzərin statusunu dəyişmək mümkün deyil. Yəni, sammiti Xəzərin statusunu təyin olunması yolunda addım kimi qiymətləndirmək olmaz".

Sizin Reklam Yeriniz