news Image
2014.10.03
07:45
| A A A
Azərbaycan diplomatiyasının Ermənistan üzərində qazandığı qələbələrin sayı artır
Rufiz Qonaqov: “Yeni məruzəçinin Böyük Britaniyadan olması təqdirəlayiq haldır” Ərəstun Baxşəliyev: “Məruzəçinin təyin olunması Azərbaycan üçün müsbət addımdır”

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014-cü il tarixli iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edilib. Yeni təyin edilmiş məruzəçi britaniyalı deputat Robert Volterdir.

Qeyd edək ki, "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması haqqında qərar AŞPA-nın payız sessiyasının həftənin birinci günü keçirilmiş plenar iclasında qəbul olunmuşdu və bu tapşırıq aidiyyəti üzrə Siyasi Məsələlər Komitəsinə göndərilmişdi. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və onları dəstəkləyən digər deputatlar bu təklifə qarşı çıxaraq, məsələnin qurumun Monitorinq Komitəsinə ötürülməsini istəsələr də, plenar iclasdakı səsvermələrdə assambleya iştirakçıları onların bu tələbini qəbul etməyiblər. Eyni zamanda Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Toplantıda çıxış edən erməni deputatlar məruzənin bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi təqdirdə, Ermənistanın bu məsələdə AŞPA və onun məruzəçisi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək olduğu kimi, yəni "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" kimi qalıb.

Siyasi şərhçilərin fikirlərindən belə aydın olur ki, məruzəçinin təyin edilməsi Azərbaycan üçün müsbət addımdır. Beynəlxalq münasibətlərin araşdırılması mərkəzinin sədri Rufiz Qonaqov hesab edir ki, yeni məruzəçinin Böyük Britaniyadan olması təqdirəlayiq haldır: "Amma bu məsələnin həllində AŞPA, ATƏT-in, həmsədrlərin, iri dövlətlərin rəhbərləri səviyyəsində bir iradə olmalıdır. Böyük səkkizlərin görüşündə də Dağlıq Qarabağla bağlı dəfələrlə bəyanatlar verilib. Lakin bu problemin həlli üçün ciddi iradənin olması vacibdir. Bunun üçün də ilk növbədə Ermənistana təzyiq göstərilməlidir. Ermənistan beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. BMT-nin Ermənistan ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistana qarşı qəbul etdiyi bəyanatlar, qətnamələr yerinə yetirilməlidir. Bunlar üçün mexanizm olmalıdır ki, Ermənistan dünya ilə razılaşıb, Azərbaycan torpaqlarından geri çəkilsin. Bunlar olmayana qədər məruzəçinin kim olması o qədər də önəm daşımayacaq. Düzdür, Böyük Britaniya ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq münasibətləri var. Lakin Ermənistan ciddi cəzasını almayana qədər, onun sülh yolu ilə öz mövqeyindən geri çəkilməsi inandırıcı görünmür. Azərabycanın isə qısa müddətə hərbi yolla öz torpaqlarını azad etmək üçün kifayət qədər gücü var".

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyev bildirir ki, son günlərdə Qərb və Rusiyada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atılır: "Verilən vədlər həmişə olub. Hər bir ölkə maksimum şəkildə Azərabaycanı öz tərəfində görməyə çalışıb. Ancaq bu işdə qlobal oyunçuların maraqları təmin olunurmu? Yaxud da Azərbaycanın maraqları nə dərəcədə təmin olunur? Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Məruzəçinin təyin olunması Azərbaycan üçün müsbət addımdır. Amma bu məruzəçi Azərbaycanın lehinə fikirlər söyləcəkmi? Bizim üçün əsas olan budur. Hansısa proqressiv addımları gələcəkdə görəcəyik. Məruzəçinin bizim üçün nə dərəcədə faydalı olmasını gələcəkdə zaman göstərəcək. Sözsüz ki, beynəlxalq təşkilatlarda Azərbaycanın lehinə səsləndirilən hər bir fikir gələcəkdə bizə faydalıdır. Çünki, məcburən müharibə yolunu seçsək, beyənlxalq təşkiların qərarları bizim lehimizə işləyəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs