Əlaqə Arxiv
news Image
2014.10.03
08:57
| A A A
AXCP və Müsavat arasında intriqa böyüyür
"Müxalifətin, xüsusən də radikallığı ilə seçilən Müsavatla AXCP-nin elə bir yerdə dayaq və nümayəndəsi yoxdur ki, bələdiyyə seçkilərində də hər hansı bir nüfuz qazana bilsin" "AXCP ilə Müsavat arasında intriqanın daha da dərinləşməsi aldıqları pulları bölüşdürə bilməmələri ilə əlaqədardır"

Müsavat Partiyasının qurultayı və burada baş tutan seçkilərdən sonra təşkilat daxilində ziddiyyətlər hələ də davam edir. Bu azmış kimi, qurultaydan sonra Müsavatla AXCP arasında münasibətlər daha da gərginləşməyə doğru gedir. Qeyd edək ki, AXCP sədri Əli Kərimli qurultaya dəvət olunmamasından narazı qalıb və bunun münasibətlərə təsir göstərdiiyni etiraf edib. O qeyd edib ki, Müsavat onu qurultayına dəvət etsəydi sonrakı münasibətlər haqqında düşünmək olardı: "Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar". Müsavat partiyasının üzvü Tural Abbaslı isə Əli Kərimlinin səsləndirdiyi itttihamlara toxunaraq AXCP sədrinin haqsız olduğunu deyib : "AXCP kimi bir partiyanın liderinin belə ittiham səsləndirməsi qulağa xoş gəlmir və ədaləti əks etdirmir. Azərbaycan xalqı Müsavatı da, cəbhəni də tanıyır".

Hazırda cəbhəçilər müsavatçılara, onlar da öz növbəsində birincilərə sanki düşmən gözü ilə baxırlar. İndi Müsavatla AXCP arasında münasibətlər o dərəcədə gərgin xarakter alıb ki, sanki bir il öncə Milli Şurada birləşənlər onlar deyildilər. Cərəyan edən proseslər, bu iki müxalif qüvvə arasında dərin uçurumun yaranmasını göstərir. Bu isə o deməkdir ki, uzun illər ərzində seçkilərdəki məğlubiyyətlərlə uğursuzluğa düçar olan bu təşkilatlar, qarşıdan gələn bələdiyyə seçkilərinə də dağınıq halda gedəcəklər.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, cərəyan edən proseslər müxalifət daxili ziddiyyətlərin daha da dərinləşəcəyi və bələdiyyə seçkilərində onların daha acınacaqlı məğlubiyyətə düçar olacaqlarını deməyə əsas verir: "Hazırda müxalifətin siyasi proseslərə heç bir təsir qüvvəsi yoxdur. Bələdiyyə seçkilərində isə radikal müxalifətin zəifliyi, təşkilatı baxımdan heç bir nəticə ortaya qoya bilməmələri daha aydın şəkildə üzə çıxacaq. Çünki, bələdiyyə seçkiləri konkret olaraq insanların bir-birini daha çox tanıdığı bir məkanda keçirilir. Yəni kənd və qəsəbələrdə insanlar bir-birini, işgüzarlığı, siyasi əqidəsi və fəaliyyətini daha yaxşı tanıyır. Bu baxımdan, müxalifətin, xüsusən də radikallığı ilə seçilən Müsavatla AXCP-nin elə bir yerdə dayaq və nümayəndəsi yoxdur ki, bələdiyyə seçkilərində də hər hansı bir nüfuz qazana bilsin. Müsavatla AXCP-nin birincinin qurultayından sonra, bir-biri ilə olan savaşlarını daha da intensivləşdirmələrinə gəldikdə isə, bu didişmənin tarixi daha çoxdur. Artıq 20 ildən çoxdur ki, bu iki qüvvə daim bir-birilə dalaşır. Hətta müəyyən vaxtlarda bir yerdə olanda da, bir-birlərinə kin-küdurət bəsləməkdə davam edirdilər. Bu illər ərzində onlar daima bir-birinə nifrət, kin bəsləyib. Onların bir-birinə münasibətlərinin mənzərəsi məhz bundan ibarətdir. Əlbəttə ki, həmişə olduğu kimi, aralarında baş verən çəkişmələr, seçkilərdə daim məğlubiyyətlə üzləşmələri hər iki təşkilatda yenə də qopmalara səbəb olacaq. Daima belə olub ki, müxalifət daxilində təşkilat baxımından istənilən addım atılan kimi orada həmişə qopmalar baş verib. Həmin proses hazırda da davam edəcək".

ASDP sədri Araz Əlizadə isə maraqlı bir məqama toxunaraq qeyd etdi ki, AXCP ilə Müsavat arasında ziddiyyətlərin dərinləşməsinin kökündə aldıqları pulları bölüşdürə bilməmələri dayanır: "AXCP ilə Müsavat arasında intriqanın daha da dərinləşməsi aldıqları pulları bölüşdürə bilməmələri ilə əlaqədardır. Hər biri istəyir ki, ona daha çox pay versinlər. Başqa bir tərəfdən, AXCP ilə Müsavat arasında vəziyyət heç də bu gün, dünən gərginləşməyib. Artıq 20 ildən artıqdır ki, bu qüvvələr bir-birilə gərgin durumdadır. Ona görə də onun əsasında nə ideologiya, nə seçici, nə Qarabağ münaqişəsi kimi məsələlər dayanmır. Əsasında kimə daha çox pay veriləcəyi dayanır. Bunun da nə bələdiyyə, nə də parlament seçkilərinə, heç birinə dəxli yoxdur. Molla Nəsrəddin demişkən, "dava yorğan davasıdır".

Sizin Reklam Yeriniz