news Image
2014.10.04
07:34
| A A A
Xəzər yenidən barıt çəlləyinə çevrilir
Vəfa Quluzadə: “Dünyada olduğu kimi, Xəzərdə də Rusiyanın qarşısına NATO çıxıb” Fərhad Mehtiyev: “Rusiya bununla «Transxəzər» boru xətti kimi layihənin qarşısını almaq istəyir”

Rusiya Xəzərdəki hərbi donanmasını gücləndirmək istiqamətində daha bir addım atdı. Fedrasiya Xəzər dənizinə yeni raket gəmisi daxil edib. Xəzər flotiliyasının tərkibinə daxil olan 21631 layihəli üçüncü - "Velikiy Ustyuq" kiçik raket gəmisinin sınaqları keçrilir. Burada əsas diqqət gəminin idarəetmə sistemlərinin yoxlanılmasına və dənizdə döyüş atışlarının icrasına yönələcək. Gəmi donanmanın döyüş sıralarına noyabr ayında qəbul olunacaq.

Qeyd edək ki, 21631 "Buyan-M" layihəli gəmilər 21630 "Buyan" layihəli gəmilərin modernləşdirilmiş versiyasıdır. Bu layihəli gəmilər Xəzər flotiliyası üçün xüsusi olaraq tikilib. Adı çəkilən layihə üzrə Rusiya Xəzər flotiliyasının tərkibində "Qrad Sviyajsk" və "Uqliç" gəmiləri yer alır. Bu gəmilərin silahlanmasına ilk dəfə olaraq "Kalibr-NK" universal raket kompleksi daxil edilib. Rəsmi Moskva bu ilin sonuna kimi Xəzər dənizindəki donanmasına bir neçə hərbi gəmi göndərəcəyini açıqlayıb. Bundan başqa, 2016-ı ilə qədər isə Rusiya Hərbi-Dəniz donanması 3 ədəd "Buyan" sinfindən olan raket gəmiləri ilə təchiz olunacaq. Göründüyü kimi, Rusiya yenə də Xəzərdə donanma gücünü durmadan artırır. Bunun dənizi barıt çəlləyinə çevirməsi ilə yanaşı, digər Xəzəryanı ölkələrə təhdidlər yaratması da istisna edilmir.

Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti Vəfa Quluzadə bildirdi ki, Rusiyanın Xəzərdə hərbi gücünü artırması yeni məsələ deyil: "Çoxdandır ki, prezident Vladimir Putin Həştərxanda öz donanmasını modernləşdirməkdədir. Şübhəsiz ki, Rusiya Xəzərdə hökmranlığa hazırlaşır. SSRİ çökəndən sonra Putin düşünür ki, super dövlət statusunu Rusiyaya qaytarmalı və keçmiş Sovet respublikalarına yenidən nəzarət etməlidir. Ona görə də Xəzərdə hərbi donanmasını gücləndirir. Lakin bu, real olmayacaq. Ona görə real olmayacaq ki, artıq Putinin qarşısına böyük qüvvə çıxıb. Bunlar da NATO, Avropa və ABŞ-dır. Putin Ukraynada uduzdu. Sanksiyalar Rusiyanı çökdürüb. Rusiyaya qarşı yeni strategiya həyata keçirilir. Onu hər tərəfdən məhdudlaşdırmaq və dövlətin xarakterini, hakimiyyəti dəyişməyə cəhdlər var. Buna görə də Rusiyanın əsgəri donanması öz məqsədlərinə çata bilməyəcək. Rusiyanın bütün bu hərəkətləri çoxdan planlaşdırılıb. Bundan başqa, Rusiyada hakim dairə müdafiə nazirliyi və güc strukturlarıdır. Qərblə qarşıdurma şəraitində onlar külli-miqdarda pul qazandılar. Rusiya Əfqanıstanda uduzdu və Sovetlər çökdü. Amma rus generallarının hamısı milyarder oldu. İndi də vəziyyət eynidir. Bu dəqiqə ölkənin pensiya, analıq fondu hərbi məsələlərə istiqamətlənib".

Vəfa Quluzadə digər Xəzəryanı ölkələrin də oxşar addımı atmalarına ehtiyac görmədi: "Çünki, dünyada olduğu kimi, Xəzərdə də Rusiyanın qarşısına NATO çıxıb. NATO da bütün Xəzəryanı dövlətlərlə əməkdaşlığı gücləndirməkdədir".

Digər politoloq Fərhad Mehtiyev bildirdi ki, Rusiya Xəzərdə uzunmnəzilli raket daşıyan gəmiləri artırıb: "Həştərxan sammitində 25 mil məsafənin dövlətlərin milli sektoruna verilməsi o deməkdir ki, rus gəmiləri həmin məsafə daxilində hərəkət edə bilməyəcək. Həmin gəmilərdəki raketlərin radiusu isə 400 km-ə qədər çatır. Bu, Rusiyaya imkan verir ki, raketlərindən bu həddə hədəfləri vura bilmək üçün istifadə edə bilsin. Həm də Rusiya bununla "Transxəzər" boru xətti kimi layihənin qarşısını almaq istəyir. Rusiya yaxşı bilir ki, onun verdiyi mesajlar ciddiyə alınır. Bundan başqa, Rusiya İranı da rəqib olaraq görür. İran Xəzərin bölünməsini orta xətt prinsipi ilə yox, ortaq bölgü prinsipi ilə istəyir. Ona görə də İran da Xəzərdə hərbi donanmasını artmağa cəhd edir".

Politoloq hsab edir ki, Rusiyaya görə Xəzəryanı dövlətlərin də oxşar addımı atmasına lüzum yoxdur: "Çünki, quru və su müdaxiləsində Rusiyaya qarşı dayanmaq mümkün deyil. Ona görə də əlavə vəsait xərcləmək lazım deyil. Amma Rusiyadan başqa, digər dövlətlərə qarşı bunu etməkdə bir məqsəd ola bilər. Məsələn, Qazaxıstan ilə bizim kəsişmə nöqtələrimiz yoxdur. Xüsusi ilə Türkmənistan ilə quru əməliyyatımız mümkün deyil. Bizim onlarla toqquşma nöqtələrimiz məhz neft-qaz yataqları üzərindədir. Türkmənistan isə hərbi donanmasını artırmaq istəyir. Çünki, SSRİ-dən qalan hərbi donanma Rusiya ilə Azərbaycan arasında bölüşdürüldü. İranla isə münaqişə olarsa, quru müdaxilələr ilk sırada duracaq. Türkmənistan ilə münasibətdə isə sudan müdaxilə birinci yerdə dayanır. Rusiyaya qarşı isə hansısa yarışa girməyin mənası yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs