news Image
2014.10.17
07:49
| A A A
Qarabağa görə Ermənistana Rusiya təzyiqi
Aydın Ağayev: “Rusiya nə istəsə edə bilər, amma məsələ ondadır ki, Rusiya hansı həddə qədər bunu istəyə bilər”

Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen maraqlı açıqlama ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsilə ilgili o, "Arminfo" agentliyinə müsahibəsində qeyd edib: "Mənim Moskvadakı mənbələrim deyir ki, prezident Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə Ermənistan prezidenti Serj Sarkisyana çox qəzəblidir". Ariel Koenin sözlərinə görə, Putinə Ukraynadakı münaqişəni Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etmək gərəkdir: "Ancaq bunun üçün Ermənistan Qarabağda bir neçə rayonu qaytarsın, sonra məsələnin yekun həllinə real yanaşsın. Sarkisyan və Qarabağ klanı isə bu ssenariyə əsas maneə kimi görünür". Amerikalı ekspertin dediyinə görə, Putin məsələni Sarkisyanla müzakirə edib, ancaq Ermənistan prezidenti güzəştə getmək istəmir. A.Koen deyir ki, onun Moskvadakı mənbələrinin bildirdiyinə görə, Putin Sarkisyanın kompromisə getmək istəməməsinə görə əsəbiləşir. Xatırladaq ki, Ermənistan Avrasiya İttifaqına üzvlüyü nəhayət ötən Minskdə rəsmiləşib. İttifaqda üzvlük üçün Ermənistan Dağlıq Qarabağ sərhədində gömrük postu yerləşdirmək öhdəliyini qəbul edib. Bu, Ermənistan üçün diplomatik və siyasi planda ciddi zərbədir.

İndi isə istisna deyil ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiqləri artırsın. Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bunun Rusiyanın istəyindən asılı olduğunu bildirdi: "Ariel Koenin bu fikri maraqlıdır. Koen regionu, Dağlıq Qarabağ problemini, eləcə də Azərbaycan, Ermənistan və Rusiyanı yaxşı tanıyır. Məsələnin mahiyyətinə gəldikdə, Qarabağ probleminin normal, ədalətli həlli prosesində hansısa addımların atılmasında Rusiyanın rolunun olduğuna kim şübhə edə bilər? Heç kim. Bu, düz fikirdir. Yəni Rusiya Ermənistana hər cür təzyiq göstərə bilər. Rusiya istəsə, hətta Ermənistanın hakimiyyətdə olanların nəfəsini kəsər. Bütövlükdə bu ölkə Rusiyanın əlindədir. Az sayda hadisələrə təsir göstərmək baxımından, erməni müxalifəti kardinal olaraq situasiyanı dedikləri kimi dəyişmək iqtidarında deyil. Yəni mövcud hakimiyyətin arxasında əvvəlki kimi xarici güc dayanır. Rusiya nə istəsə, edə bilər. Amma məsələ ondadır ki, Rusiya hansı həddə qədər bunu istəyə bilər. Birmənalı olaraq, Koenin bu fikirlərini nə təkzib, nə də təsdiq etmək fikrində deyiləm. Amma ümumi olaraq, o fikirlə razıyam ki, Rusiya istəsə, çox şey edə bilər. Bu da əlbəttə ki, yeni situasiya yaradardı. Burada Koenin dediyi kimi, təzyiqlər varsa, bu pis deyil. Koen məlumatlı adamdır. Dediyinə görə də, Moskvada ona mötəbər məlumatlar verənlər var. Lakin Moskva nə dərəcədə bunu edə bilər, etməyə nə dərəcədə siyasi iradəsi olacaq, bu amildən çox şey asılıdır. Problemi həll etmək üçün bunun qarşılığında Rusiyanın nə istədiyinə gəldikdə, burada heç münəccimliyə ehtiyac yoxdur. Rusiyanın siyasətini başa düşmək çətin deyil. Onun hansı istəklərinin olduğunu başa düşmək olur. Azərbaycan prinsipial məsələləri özünün balanslaşdırılmış siyasətinə uyğun qoymaqla bərabər, gündəlik Rusiya dövləti ilə münasibətlərin normal məcrada saxlanılmasına çalışır. Azərbaycanda bu istək var. Dama dama göl olar. Tədricən Rusiyadakı ictimai rəyi dəyişmək gərəkdir. Ukraynadakı proseslər, Rusiyanın Qərblə münasibətləri, yaxın çevrəsindəki ölkələrin bu ölkəyə yaxınlaşmağının şimal qonşumuz üçün əhəmiyyəti, bütün bunların real olduğunu düşünməklə bərabər, hər dövlətin, o cümlədən Azərbaycanın da öz marağı var. Azərbaycan dövlətinin marağının əsasında isə Dağlıq Qarabağ problemi durur. Çoxşaxəli sahələri əhatə edən Rusiya ilə münasibətlərdə seçilən bu yol, bu taktika normal prosesdir. Bütün bunlar müqabilində bəzi şərhçilərin Rusiyanın qorxunc obrazını yaratmağa hesablanmış fikirlərini də eşitmişik. Amma real siyasət ayrı məsələdir. Real siyasətdə hər dövlətin öz marağı dayanır. Azərbaycan artıq kifayət qədər təcrübəyə malik və məntiqə, səbrə əsaslanan, işləri tədricən görməklə məqsədə nail olmağı nəzərdə tutan yaxşı bir siyasəti var. Biz çox şey eşidə bilərik. Koendən də müəyyən şeylər eşidirik. Qarşıda Paris görüşü gözlənilir. Yenə də bu kimi müxtəlif fikirlər səslənəcək. Amma hər bir halda Azərbaycan siyasəti öz işini görür. Hesab edirəm ki, bu işlərə də müsbət mənada yanaşmaq lazımdır. Çünki, görülən işlərin mahiyyətində Azərbaycanın milli maraqları dayanır. Onun da əsasında Dağlıq Qarabağ probleminin həllində Rusiyanın bizə normal yanaşmasına nail olmaq məqsədi durur. Bu da vacib məqamdır. Azərbaycanı iqtisadi, siyasi, sabitlik, əhalinin rifah halı, dünya və region ölkələrilə münasibətləri və əlaqələri, tədbirlərin keçirildiyi maraqlı ölkə mənasında Ermənistanla heç cürə müqayisə etmək olmaz. Bu komponentlərə görə də ölkəmiz işğalçı Ermənistanla müqayisədə xeyli dərəcədə inkişaf edib, onu qabaqlayıb. Rusiyada da gözlər bağlı deyil. Onlar da Azərbaycanın, Ermənistanın necə olduğunu, ölkəmizin hara getdiyini görür. Ermənistan isə heç hara getmir, köhnə problemləri ilə baş-başa qalıb. Dünya da bunu görür. Amma açıq şəkildə ölkəmizi istəməyənlər də var. Onların da təbliğatı işləyir. Bunu başa düşür və öz nəticələrimizi də çıxarırıq. Ona görə də görülən işləri düzgün qiymətləndirmək lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs