Əlaqə Arxiv
news Image
2014.10.22
08:08
| A A A
Regionda İŞİD təhlükəsi artır
Elşən Manafov: “İŞİD-ə qarşı koalisiyaya qoşulmaq Türkiyənin ərazi bütövlüyü və bir dövlət olaraq ona ciddi təhlükə yarada bilər” Akif Nağı: “Ölkəmiz üçün birbaşa olaraq İŞİD-in elə bir ciddi təhlükəsi yoxdur”

Suriya və İraqda bir sıra əraziləri ələ keçirən İŞİD terror qruplaşması Türkiyə ilə sərhəddəki Kobani şəhərini ələ keçirməkdə iddialı olduğunu bəyan edib.Artıq Kobaninin mərkəzini ələ keçirdiklərini iddia edən İŞİD üzvləri Kobani Mədəniyyət Mərkəzi də daxil olmaqla bir çox binanı əlində saxladıqlarını bildirib. Onlar Kobanini tamamilə ələ keçərənə qədər dayanmayacaqlarını bildirirlər.

Koalisiya qüvvələrinin avia zərbələri və kürdlərin müqaviməti isə İŞİD-i dayandırmaq üçün artıq yetərli sayılmır. Kobaninin ələ keçməsindən sonar isə Türkiyə üçün İŞİD təhdidinin arta biləcəyini göstərir. Politoloq Elşən Manafovun fikrincə, bəzi dairələrin istədiyi kimi, Türkiyənin İŞİD-ə qarşı açıq hərbi əməliyyatlara keçməsi fonunda, bu terrorçu təşkilat qardaş ölkəyə müəyyən təhlükələr yarada bilər: "İŞİD-ə qarşı koalisiyaya qoşulmaq Türkiyənin ərazi bütövlüyü və bir dövlət olaraq ona ciddi təhlükə yarada bilər. Türkiyə onsuz da 40 ilə yaxındır ki, PKK faktoru ilə üz-üzədir. Qardaş ölkə PKK-nın terrorçu fəaliyyətindən kifayət qədər ziyan çəkib. Çoxsaylı Türkiyə vətəndaşı öz həyatını itirib, istərsə də Türkiyə PKK-ya qarşı mübarizəyə kifayət qədər məsrəflər yönəldib. Üstəlik, İŞİD-ə qarşı Türkiyənin mübarizəyə qalxması, bu ölkənin Suriya ilə həmsərhəd bölgələrində vəziyyətin nəzarət altından çıxmasına səbəb ola bilər. Onsuz da Suriya böhranı ilə bağlı olaraq Türkiyəyə sığınan suriyalı qaçqınların sayı 1 milyon nəfəri keçib. Bu fonda İŞİD-ə qarşı mübarizə Türkiyə üçün həm humanitar fəlakətin miqyasının böyüməsi olacaq, eyni zamanda bu hal qardaş ölkənin hərbi məsrəflərinin yetərincə artmasına gətirib çıxaracaq. Türkiyə birdən-birə iki cəbhədə vuruşmaq məcburiyyətində qalacaq. Güman edirəm ki, bu və ya digər formada İŞİD Türkiyəni hədəfə götürə bilər. Digər tərəfdən Türkiyənin İŞİD-ə qarşı mübarizəyə qoşulması dolayısı ilə onun Bəşər Əsəd rejimini dəstəkləməsi demək olardı. Bildiyiniz kimi, Türkiyə hökuməti Bəşər Əsəd rejiminin legitimliyini qəbul etmir. Halbuki, İŞİD-də Əsədə qarşı vuruşan hərbi müxalifətin özəyini təşkil edirdi. Bu mənada hazırda Türkiyə ciddi sınaq qarşısındadır. Türkiyə koalisiyaya qoşula bilər, ancaq o anlamda ki, İŞİD-ə qarşı hərbi hava qüvvələrinin zərbələr endirməsinə razılıq versin. Amma Türkiyə quru qoşunlarının İŞİD-ə qarşı mübarizəyə qoşulması qardaş ölkəninn maraqlarına cavab verməyən bir məsələdir. Güman edirəm ki, bu məsələdə ciddi problem yaşanarsa, Türkiyə NATO üzrə müttəfiqlərinə müraciət etməlidir. Hərçənd, NATO-nun yeni baş katibinin maraqlı bir açıqlaması oldu. O bildirdi ki, Türkiyə NATO-da ordusunun gücünə görə ikinci böyük dövlətdir və lazım olarsa, bu qüvvə İŞİD-lə təkbətək də vuruşa bilər".

Türkiyənin İŞİD problemilə üzləşməsinin onun müttəfiqləri, o cümlədən Azərbaycana nə vəd etdiyinə gəldikdə, ekspert bildirdi ki, ölkəmizin bu terror təşkilatı ilə mübarizə koalisiyasına qoşulacağına inanmır: "Türkiyənin bu problemlə üzləşməsi dolayısı ilə Ankara Bakı münasibətlərinə də müəyyən təsir göstərə bilər. O mənada ki, Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Bakı Türkiyənin terror təşkilatına qarşı mübarizəsini dəstəkləyirsə, dolayısı ilə özü də İŞİD-ə qarşı mübarizəyə qatılmasını etiraf etmiş olacaq".

QAT sədri Akif Nağı Türkiyənin mürəkkb bir situasiyada olduğunu söylədi: "Bir tərəfdən PKK təhlükəsi var, bir tərəfədn İŞİD hədələyir, eyni zamanda Suriya rejimi ilə münasibətləri mürəkkəbdir. Yaranmış bu vəziyyətdə Türkiyə hökuməti çalışır ki, maksimum optimal mövqe tutsun. Bir tərəfdən də NATO müttəfiqləri Türkiyəni qətiyyətli addım atmağa təhrik edir. Daxildə isə kürd amili fəallaşıb, müəyyən qüvvələr bu amildən istifadə edərək sabitliyi pozmağa çalışır. Suriyadan gələn qaçqın ordusu da Türkiyə üçün ağır yükdür. Onlar da qeyri-stabillik mənbəyidir. İŞİD amilinin ortaya çıxması ilə yaranan digər problemlər də qardaş ölkəni çətin durumda qoyub. Amma bütün hallarda inanmıram ki, İŞİD Türkiyə ərazisinə də hücum etsin. Burada müəyyən maraqlar var. İŞİD-in addımları məqsədyönlü, müəyyənləşmiş bir hərəkətdən ibarətdir. Onların hərəkətindən hiss olunur ki, hələlik hədəflərində Türkiyə yoxdur. Əsas məsələ Suriya və İraqda müəyyən situasiya yaradıb, onu idarə etməkdən ibarətdir. Bu səbəbdən, İŞİD-in üçüncü cəbhəni açması əlamətləri hələlik görünmür".

İŞİD-in Türkiyə sərhədlərində aktivləşməsi həmsöhbətimizə görə, Azərbaycan üçün də təhlükəli vəziyyətdir: "Burada onlar dini prinsipləri qabardırlar. Onların əsas şüarı İslam dininin düşmənlərinə qarşı olsa da, başqalarını hədəf seçməyiblər. Yəni ortada qeyri-müəyyənliklər var, deməli, burada məqsəd başqadır. Ölkəmiz üçün birbaşa olaraq İŞİD-in elə bir ciddi təhlükəsi yoxdur. Sadəcə olaraq, bütün dünyadan, əsasən də İslam ölkələrindən İŞİD özünə tərfdarlar toplamaqla məşğuldur. Onların arasında azərbaycanlılar da var. İŞİD-in ölkəmizə dolayı təhlükəsindən danışmaq lazımdır. Dolayısı təhlükə odur ki, İŞİD "məktəbini" keçən xarici ölkə vətəndaşları, həmçinin də azərbaycanlılar qayıtdıqdan sonra, ölkələri üçün təhlükə yarada bilərlər. Bu dəstələrdən nə zamansa, həmin ölkələrin özünə qarşı istifadə oluna biləcək, təhlükəli qüvvəyə çevrilə bilərlər".

Sizin Reklam Yeriniz