news Image
2012.04.11
11:37
| A A A
Partiyaların maliyyə hesabatı verməsi məcburi olacaq
Onlar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuatda dərc etdirməlidir

"Siyasi partiyalar haqqında" hazırlanan yeni qanun layihəsi bir çox parametrlərinə görə xüsusi diqqət mərkəzindədir. Belə parametrlərdən biri də partiyaların maliyyə hesabatı ilə bağlıdır. Qeyd edək ki, aprelin 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini keçirib.

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər siyasi partiyaların seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, maliyyə vəsaitinin ümumi həcmindən 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitinin 40%-i MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Qalan maliyyə vəsaitinin 50%-i isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölünəcək.

Dəyişikliklərə əsasən, siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi o cümlədən ianələr qəbul etməsi qadağandır: dövlət orqanları və digər dövlət qurumları, bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər, fondlar, dini qurumlar və hüquqi şəxslər.

Siyasi partiyalar öz tərəflərindən alınan ianələr və onu edən şəxslər barədə məlumatı maliyyə hesabatına daxil etməlidirlər. Dəyişikliklərə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuatda dərc etdirməlidir. Siyasi partiya yaratmaq üçün partiya ən azı 5000 imza toplamalıdır. Bundan başqa, dəyişikliklərə əsasən, siyasi partiyanın müvafiq icra hakimiyyəti orqanlarına proqramın və gələcəkdə burada edilən dəyişikliklərin təqdim edilməsi nəzərdə tutulur.

Qanunvericilikdə dəyişikliklər, həmçinin siyasi partiyalar qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar. Düzəlişlərdə göstərilir ki, Azərbaycanın tam iş bacarığı olan, yetkinlik yaşına çatan, partiya nizamnaməsini və proqramını qəbul edən şəxslər partiya üzvü ola bilərlər. Layihədə o da qeyd olunur ki, məhkəmə siyasi partiyanın ləğvi barədə iş üzrə qərar qəbul edilənə qədər müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həmin partiyanın fəaliyyətini dayandıra bilər. Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Onu da xatırladaq ki, qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Bu günə qədər isə hakim Yeni Azərbaycan Partiyasından fərqli olaraq, ölkədə fəaliyyət göstərən digər siyasi qurumlar maliyyə hesabatı verməyib. Mövcud qanunda siyasi partiyaların maliyyə hesabatı verməsi birbaşa əks olunmasa da, şəffaflığın təmin edilməsi baxımından hesabatın verilməsi məqbul sayılır. Lakin YAP istisna olmaqla digər partiyalar bunu etmirdilər. Ancaq yeni qanunun qəbulundan sonra partiyaların maliyyə hesabatı verməsinin məcburi xarakter daşıması artıq onların hansı mənbədən maliyyələşdiyini üzə çıxaracaq əsas amillərdən sayılır.

Hazırda siyasi partiyaların maliyyə hesabatı verməməsi partiyaların maliyyə mənbələrini gizlətməsi ilə bağlıdır. O da həqiqətdir ki, partiyaların bir qisminin bu gün maliyyə vəziyyəti bərbaddır. Bir qismi fəaliyyətində Bakıdan çıxa bilmir, bir qismi isə sadəcə olaraq maliyyə mənbələrini gizlətməyə çalışır. Böyük ofisləri, böyük aparatları, xarici səfərləri və s. olan partiyalar hesabat vermirlər və bunların bir qayda olaraq dostların köməyi ilə edildiyini deyirlər. Yeni qəbul olunacaq qanunun gücü onda olacaq ki, partiyaya istənilən yardım mütləq partiya kassası vasitəsilə ediləcək və bu, maliyyə hesabatında öz əksini tapacaq. Ekspertlər hesab edir ki, qanunda maliyyə hesabatı verməyən partiyalara qarşı sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulmalıdır.

Ekspertlər hesab edir ki, əgər söhbət maliyyə mənbəyinin gizlədilməsindən gedirsə, burada çirkli pullar var, xaricdən maliyyələşmə var, partiyanın həqiqətən də böyük maliyyə imkanlarına malik olduğunu cəmiyyətdən gizlətmə istəyi var. Xaricdən maliyyələşən partiyaların Azərbaycanın milli maraqlarını qoruyacağı böyük sual altındadır.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs