news Image
2015.01.08
08:30
| A A A
İqtidar-müxalifət dialoqunun bu il də davamı gözlənilir
Aydın Hüseynov: “Belə təmaslar müxalifət düşərgəsinin özündə dövlətçiliyə bağlılıq ideyasını formalaşdıraraq, onu daha da gücləndirir” Tahir Kərimli: “Gələcəkdə ola bilsin, daha çox konkret sahələr üzrə də görüşlər olsun”

Zöhrab Abdullayev: "Bu dialoqlar bəzi beynəlxalq qüvvələrin Azərbaycana qarşı olan müəyyən addımlarının qarşısını da ala bilər"


Keçən ilin sonlarında baş tutan iqtidar-müxalifət dialoqu cəmiyyətdə böyük diqqətlə qarşılandı. Xatırladaq ki, bu prosesdə müxalifətin geniş spektri təmsil olunmuşdu. Bu fonda hazırda maraq doğuran məsələlərdən biri odur ki, sözügedən dialoq cari ildə də davam etdiriləcəkmi? Ümumiyyətlə, bu tip dialoq ölkənin siyasi mühitinə nə vəd edir?

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, bu kimi dialoqlar ölkədə dövlətçilik meylinin daha da güclənməsinə xidmət edir: "İqtidar dəfələrlə bəyan edib ki, Azərbaycanın dövlət və milli maraqları ilə üst-üstə düşən bütün məsələlərdə hər bir siyasi, ictimai qurumla bir yerdədir. İqtidarın qapıları belə əqidəyə həmişə açıq olub. Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov keçən ilin sonunda müxalifət nümayəndələrilə görüşərək, müzakirələr apardı. Bu isə o deməkdir ki, belə dialoqlar bir dəfə ilə məhdudlaşmır. Onun davamı olacaq, həmişə davam edəcək. Bu istiqamətdə iqtidar öz mövqeyini açıq şəkildə bəyan edib. Belə dialoqlar bir məsələ, yəni konstruktiv müxalifətin Azərbaycanın milli maraqlarına xidmət etməsi çərçivəsində həmişə davam etdiriləcək. Bu kimi dialoq və danışıqlar ölkənin siyasi mühitində də əsaslı rol oynayır. Belə təmaslar artıq müxalifət düşərgəsinin özündə də dövlətçiliyə bağlılıq ideyasını formalaşdıraraq, onu daha da gücləndirir. Bəzən adını müxalifət qoyub, xarici mərkəzlərin əlaltısına çevrilənlər olur. Belə dialoqlar onlara da bir ibrət dərsi olur".

Vəhdət Partiyasının sədri Tahir Kərimli düşünür ki, dialoqun davam etdirilməsi mövcud antoqonist ziddiyyətlərin yumşalmasına gətirib çıxaracaq: "İqtidarla müxalifət arasında dialoqun bu il də davam edəcəyini gözləmək olar. Cənab Əli Həsənov keçən il baş tutan görüşün nəticəsi olaraq bildirmişdi ki, bu barədə cənab Prezidentə məruzə edəcək. Bu fonda yəqin ki, Prezidentin də adekvat reaksiyası olacaq. Çünki, görüşdə bir sıra məsələlər qaldırılıb. Ümumiyyətlə, bir sıra ortaq nöqtələrə də gəlinib. Bunun da ən mühümü odur ki, belə görüşlər davam etdiriləcək. Əlbəttə, bu zaman spektri geünişləndirmək olar. Danışıqlarda daha çox partiyaların təmsil olunması məsələsi gündəmdədir. Orada ictimai-siyasi, istərsə də partiya həyatı, seçkilər, həbsdə olanlarla bağlı qaldırılan bir çox məsələlər yenə də davam etdiriləcək. Gələcəkdə, hətta ola bilsin, daha çox ayrıca konkret sahələr üzrə də görüşlər olsun. Yəni, bir sahəyə ayrılmış predmetli görüşlər də ola bilər. Bütün hallarda belə görüşlər hökmən olacaq. Güman edirəm ki, hər iki tərəf bunu istəyir. Bu kimi dialoqlar mövcud olan müəyyən antoqonist, barışmaz ziddiyyətlərin yumşalmasına gətirib çıxarır. Hazırda müxalifət sosial bazasını itirmiş vəziyyətdədir. Onlar başa düşür ki, 20 ildən artıq aparılan mübarizə səmərə verməyib. Radikal, barışmaz şüarlar cəmiyyətdə müdafiə olunmur. Ona görə hər iki tərəfin mehribançılığa, ümummilli məsələlərdə birgə köməkliyinə ehtiyac var. Bu dialoq daha çox müxalifətə lazımdır. Danışıqlar prosesi gələcəkdə, seçki ərəfəsində mühitin normallaşmasına, radikal müxalifətin xaricə şikayətlərinə son qoyulması, problemlərin ölkə daxilində müzakirə və həllinə stimul yaradacaq. Müxalifətin böyük hissəsi belə dialoqlara normal yanaşır".

BAXCP-nin baş katibi Zöhrab Abdullayev də dialoqun davam etdiriləcəyinə ümid etdiyini dedi: "Bu istiqamətdə iki tərəf arasında razılıq əldə olundu ki, dialoq davam etdirilsin. İqtidar nümayəndəsi də bununla razılaşdı. Belə olan halda dialoqun davam etdirilməsi ehtimalı var. Bu dialoqlar bəzi beynəlxalq qüvvələrin Azərbaycana qarşı olan müəyyən addımlarının qarşısını da ala bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs