Əlaqə Arxiv
news Image
2015.01.14
08:33
| A A A
Qərbdə təhlükəli islamofobiya ssenarisi işə salınır
İlham İsmayıl: “İnsanlıq, əxlaq nöqteyi-nəzərindən Qərb mediasının bu mövqeyi qəbuledilməzdir” Fərhad Mehdiyev: “Bütün bunların arxasında müəyyən dövlətlərin siyasətini görmək olar”

Qərb mediasi İslam dünyasını növbəti dəfə təxribata çəkməyə çalışır. Belə ki, ötən həftə terrorçuların hücumuna məruz qalan "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti buraxılışının birinci səhifəsində İslam peyğəmbərini "Je suis Charlie" ("Mən Şarliyəm") plakatı ilə əks etdirəcəyianonsunu verib. Jurnalın vəkili Rişar Malka nəşrin yeni sayının Məhəmməd peyğəmbərin şəkli, eləcə də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib. Qeyd edək ki, jurnalın yeni nömrəsi yanvarın 14-də işıq üzü görəcək. "Charlie Hebdo"nun adi tirajı 60 min olduğu və yarısı satıldığı halda jurnal bu günə kimi görünməyən tirajla - 3 milyon ədəd nəşr olunacaq.

Bəzi siyasilərin fikrincə, burada söz azadlığı anlayışı altında siyasi məqsədlər həyata keçrilir və jurnalın bu addım atmasıan səbəb müəyyən antiisalmçı dairələrdən gələn sifarişdir. Yəni, jurnal burada özbaşına hərəkət etmir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirir ki, Qərbin siyasəti öz mediasına da təsir edir: "Yəni, burada hər ikisinin maraqları var. Ona görə də bu, gözlənilən idi. Yəni, qarşıduma məqsədi ilə bu cür vəziyyətlər davam edəcək. Qərb birdən-birə geri çəkilməz. Hətta Məhəmməd peyğəmbərin karikaturasını qadağan edən BBC də artıq bu qadağanı aradan götürdü. Bununla həmin jurnalla həmrəylik nümayiş etdirdi. Bəzi siyasi dairələr də İslama qarşı bundan istifadə edəcəklər. Bunun nətcələri barədə isə proqnoz vermək çox çətindir. Həm də hiss olunur ki, bu, yeni qarşıdurmaya aparacaq".

Ekspertin fikrincə, vəziyyət olduqca mürəkkəbdir: "İnsanlıq, əxlaq nöqteyi-nəzərindən Qərb mediasının bu mövqeyi qəbuledilməzdir. Amma dünya rəngarəngdir. Kiminsə üçün müqəddəs görünən kimin üçünsə müqəddəs sayıla bilməz. Əvvəllər belə məsələlər olmurdu. Amma qloballaşma belə məsələləri artırıb. Burada mübarizə üçün legitim, sivil yollarla addım atmaq lazımdır. O zaman Qərb mediası bundan əl çəkəcək. Çünki, onlar rezonans doğuracaq xəbər axtarırlar. Ümumiyyətlə, bilirik ki, qadağa marağı artırır. İlk növbədə İslam təşkilatları bunu etməməyi xahiş etməlidirlər. İkinci yol isə hər bir problem məhkəmə ilə həll edilməlidir. Hətta məhkəməni uduzmuş olsaq belə, qarşı tərəf bu əməllərindən əl çəkəcək".

Digər politoloq Fərhad Mehdiyev hesab edir ki, Qərbin media orqanları müsəlman aləminin belə təhqiqlərə loyal yanaşmasını istəyir: "Artıq BBC də peyğəmbərin karikaturasına qoyduğu qadağanı aradan götürdü. Onlar deyirlər ki, bütün media orqanları bunu etsə, terrorçular onların hamısını öldürəsi deyil. Amma bir media orqanı yazanda onu öldürmək nisbətən asandır. Onların özlərində İsanı tənqid etmək o qədər də qıcıq yaratmır. Amma onların bu taktikası müsəlmanların əzmini qırmağa kifayət etməyəcək. Əslində, radikal müsəlmanlar çox deyillər. Ancaq radikalların özləri də başa düşməlidirlər ki, yaxşı nəsə etmədilər. İndiyə qədər bir-iki media orqanı çap edirdisə, bundan sonra demək olar əksəriyyəti peyğəmbərimizin karikaturasını çap edəcək. Eyni zamanda bütün bunların arxasında müəyyən dövlətlərin siyasətini görmək olar. Çünki, əvvəllər siyasətçilərin buna gedilməməsi üçün çağırışları oldu. Amma bu dəfə olmadı".

Fərhad Mehdiyevin fikrincə, proseslərinin necə nəticələcəyini proqnoz etmək çətindir: "Olsa-olsa, bəzi Avropa ölkələrində İslamın tələb etdiyi prinsiplərə qadağa qoyula bilər. Amma bu da effektiv üsul sayıla bilməz. Bundan başqa, ərəblərin ora gəlişini çətinləşirmək barədə düşünə bilərlər. Amma onsuz da bu gün Avropaya giriş çətindir. Bundan sonra müsəlmanların ora gedişinin qarşısını alçmaq üçün Avropa miqrasiya siyasətini yəqin ki, çətinləşdirəcək. Ola bilsin ki, Avropada məscidlərin açılmasında da müəyyən əngəlliklər törətsinlər".

Sizin Reklam Yeriniz