Əlaqə Arxiv
news Image
2015.01.16
10:00
| A A A
Ermənistan təklənir
Elşən Manafov: “ Ermənistanın iqtisadiyyatı, iqtidarın özü tam mənada Rusiyadan asılıdır ” Elman Nəsirov: “Ermənistan hakimiyyətinin həm xarici, həm də daxili siyasətindəki aqressiya bu iqtidarın özü-özünü dalana dirəməsinə gətirib çıxarıb”

Ermənistanda daxili vəziyyət günü-gündən daha kəskin xarakter alır. Bu ölkədə Serj Sarkisyan iqtidarından narazılıq bütün təbəqələri bürüyüb. Hətta erməni diasporu ilə iqtidar arasında münasibətlər də getdikcə pisləşir. Bundan başqa son günlər baş verən hadisə fonunda Sarkisyan hakimiyyətinin Rusiya ilə də münasibətləri pisləşir. Belə ki, Gümrüdəki rus hərbi bazasında qulluq edən rus əsgərinin bir erməni ailəsindən 6 nəfəri öldürməsi Ermənistan cəmiyyətində ciddi antirusiya əhval-ruhiyyəsi formalaşdırıb. Hətta Rusiya əleyhinə aksiyalar da keçirilir. Xatırladaq ki, bu aksiyaların birində Rusiya bayrağı ayaq altına atılıb. Bu vəziyyət Ermənistan və Rusiya arasında gərginliyin yaranması deməkdir. Həmin əsgərin harda mühakimə edilməsi məsələsində iki ölkə rəsmiləri arasında hələ ki, razılıq yoxdur. Rusiya öz vətəndaşı olduğundan, onun Rusiyada, ermənilər isə Ermənistanda mühakimə edilməli olduğunu söyləyirlər. Bu fonda Ermənistan iqtidarının getdikcə təkləndiyi müşahidə edilir. Görəsən, belə bir tendensiya Dağlıq Qarabağ konfliktinə nə vəd edir?

Politolooq Elşən Manafov düşünür ki, Ermənistanda baş verən hadisə və ondan sonra yarana biləcək olaylar Qarabağ konfliktinə onsuz da heç nə vəd etmir: "Ermənistanda baş verən olay, 102 saylı bazanın əsgərinin erməni ailəsini qətlə yetirməsi İrəvanla Moskva arasında dövlətlərarası münasibətlərə heç bir vəchlə təsir göstərməyəcək. Bu, bir Rusiya vətəndaşının erməni vətəndaşlarına qarşı həyata keçirdiyi cinayətdir. Hər halda Ermənistanın Rusiyadan hərbi, siyasi, iqtisadi asıllığını nəzərə alsaq və hazırki iqtidarın məhz Moskvanın dəstəyi şəraitində hakimiyyətdə qalması ilə bağlı faktorları ortaya qoysaq, təbii ki, Sarkisyan iqtidarı bu mənada şimal ölkəsi ilə münasibətlərə yeni impuls verməyəcək. Bu ilin yanvarından Ermənistan Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi Birliyinə qoşuldu. Ermənistanla Rusiya arasında siyasi, iqtisadi, hərbi münasibətlərin özünəməxsus tarixi var. Bütün hallarda baş verənlər bu münasibətlərin nə gedişatına, nə xarakterinə ciddi təsir göstərməyəcək. Ola bilsin, bu olaylardan Sarkisyana münasibətdə Ermənistanın qərbyönümlü müxalifəti istifadə etmək üçün müəyyən addlmlar atsın. Bu mənada güman etmirəm ki, Qərbin ciddi maliyə və siyasi dəstəyi olmadan Ermənistanda Sarkisyana müxalif olan siyasi qüvvələr hansısa real addımlar ata bilsinlər. Onu da nəzərə alaq ki, Qərbin Ermənistanla bağlı layihələrə belə təsir imkanları kifayət qədər deyil. Bu konteksdə güman edirəm ki, baş verən olay heç bir vəchlə Ermənistan Rusiya münasibətlərinə təsir göstərmədiyi kimi, Dağlıq Qarabağ probleminin çözülməsi, nizamlanması ilə bağlı proseslərə də ciddi təsir etməyəcək. Bu proseslər ATƏT-in Minsk qrupunun nəzarəti altındadır. Hər iki tərəf onların münaqişənin nizamlanması üzrə vasitəçi qismində qəbul edib.

Azərbaycan tərəfi perspektivdə Ermənistan-Rusiya münasibətlərində yarana biləcək olaylardan istifadə etməlidir. Güman edirəm ki, bütün hallarda Dağlıq Qarabağda tərəflər arasında iri miqyaslı hərbi əməliyyatlar başlamayacaq, bunu müşahidə etməyəcəyik. Azərbaycan diplomatiyası Ermənistanda psixoloji zəmində yaranan bu olaydan istifadə etmək üçün müəyyən addımlar atmalıdır. Amma bütövlükdə həmin olayın Ermənistan-Rusiya münasibətlərinə birmənalı şəkildə təsir göstərməyəcək. Çünki, Ermənistanın iqtisadiyyatı, iqtidarın özü tam mənada Rusiyadan asılıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında nahaq yerə demədi ki, Ermənistan ümumiyyətlə, müstəqil dövlət və müstəqil siyasət yeritmək iqtidarında deyil".

Politoloq Elman Nəsirov isə cərəyan edən hadisələr fonunda Ermənistanın yeni təxribatlara əl ata biləcəyini istisna etmədi: "Bu il Ermənistan üçün gərgin il kimi tarixə düşəcək. Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin həm xarici, həm də daxili siyasətindəki aqressiya bu iqtidarın özü-özünü dalana dirəməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Ermənistan parlamentindəki 3 müxalif blok Sarkisyan rejiminin hakimiyyətdən getməsinə ciddi-cəhdlə çalışırlar. Belə olan vəziyyətdə bir yandan müxalifətin təzyiqlərinin artması, əhalinin sosial durumunun günü-gündən pisləşməsi, hər keçən gün Ermənistanda vəziyyətin daha da gərginləşməsi, xalqın güzəranının pisləşməsi, insanların ölkəni həndəsi silsilə üzrə tərk etməsi və belə bir vəziyyətdə hər zaman Ermənistana dəstək verən Moskva ilə münasibətlərin məlum hadisə nəticəsində olduqca pisləşməsi hesab edirəm İrəvan üçün 2015-ci ilin daha ağır olacağını düşünməyə əsas verir.Dünya maliyyə iqtisadi böhranının da Ermənistana sarsıdıcı zərbə endirəcəyini proqnozlaşdırmaq mümkündür. Dramın dəyəri günü-gündən enməkdədir. Belə olan vəziyyətdə Ermənistanın düşdüyü ağır situasiya nəticə etibarı ilə iki vəziyyətin şərtlənməsinə gətirib çıxaracaq. Birincisi o ola bilər ki, Ermənistan iqtidarı bu vəziyyətdə ənənəvi siyasətini davam etdirsin. Yəni xalqın diqqətini gündəlik problemlərdən yayındırmaq üçün Dağlıq Qarabağ ətrafında vəziyyəti daha da gərginləşdirsin və yeni təxribatlara əl atsın. Bu versiya həmişə qüvvədədir və Ermənistan həmişə onu sınaqdan keçirib. İkinci bir tərəfdən, hadisələrin belə gedişatı göstərir ki, Ermənistan müxalifəti və hakimiyyətdən narazı qalan yüz minlərlə erməni vətəndaşı iqtidarın devrilməsi yolunda həlledici addım atsın. Yəni, Sarkisyan hakimiyyətinin belə situasiyalarda Dağlıq Qarabağda vəziyyəti gərginləşdirmək taktikası yararlı olmaya da bilər. Rusiya ilə münasibətlərin gərginləşməsi isə rəsmi Moskvanın Sarkisyan rejiminə olan etimadının azalmasına səbəb olar. Bu halda Moskvanın mövqeyilə müxalifətin mövqeyinin üst-üstə düşmə ehtimalı arta bilər. Bu baxımdan 2015-ci ildə Ermənistanda ciddi siyasi təlatümlərin olacağını indidən proqnozlaşdırmaq mümkündür".

Sizin Reklam Yeriniz