news Image
2015.01.22
09:40
| A A A
Azərbaycan Ordusu ilə bağlı Ermənistana növbəti xəbərdarlıq
Üzeyir Cəfərov: “Cari ildə ayrılan büdcə vəsaiti hesabına Azərbaycan öz hərbi potensialını daha da artıracaq ki, bu da reytinq siyahısında ölkəmizin bir qədər də irəliləməsinə imkan verəcək” Fərəc Quliyev: “Ermənilər daha ciddi şəkildə düşünmək məcburiyyətindədir ki, savaş olmadan ərazilərimizi tərk etsinlər, yoxsa, savaş başlayarsa, ermənilərdən burada əsər-əlamət qalmayacaq”

Məlum olduğu kimi bu günlərdə dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. "Global Firepower" saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu da yer alıb. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur. "Global Firepower" siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb. Siyahıda üçüncü yeri Çin tutur. Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya ilk onluqda yer alıb.Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb. Ümumiyyətlə, siyahıdan belə aydın olur ki, Azərbaycan Ordusu MDB və Şərqi Avropanın ən güclü orduları sırasında yer alır.

Maraqlıdır, bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir? Bu məsələ Ermənistanda övbəti ciddi xəbərdarlıq kimi qəbul olunacaqmı?

Hərbçi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, bu vəziyyət ordumuzum daha da gücləndiyini göstərir: "Müxtəlif təşkilatlat adətən müxtəlif reytinqlər tərtib edir. Bu reytinqlərdən biri də "Global Firepower" təşkilatının apardığı siyahıdır. Bu da sadəcə olaraq, bir reytinq siyahısıdır. Bu siyahıda da Azərbaycan 50-ci yerdə göstərilib. Ermənistan isə bu siyahıda yer almayıb. Adətən reytinqlər üç parametr üzrə hazırlanır. Quruda, havada və dənizdə silahlardan istifadə etmə, o cümlədən ölkənin iqtisadi vəziyyəti. Bilirsiniz ki, son illər Azərbaycan Silahli Qüvvələri üçün xeyli miqdarda silah-sursat alınıb. Bu istiqamət üzrə xeyli vəsaitlər də ayrılıb. Bu addımlar da reytinq təşkil edən təşkilatların diqqətindən yayınmır və onlar tərtib etdikləri siyahıda bu məqamları nəzərə alırlar. Ermənistan isə bu siyahıda ona görə yoxdur ki, onlar ancaq son iki ildə Azərbaycanla uğursuz da olsa silah yarışmasına girişib. Ermənilərin bu yarışmaya qoşulması onlar üçün yaxşı heç nə vəd etmir. Çünki, Azərbaycanın iqtisadi imkanları daha böyükdür. 2015-ci ildə hərbi büdcəyə 4 milyard manat xərclənəcək ki, bu da Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Məhz bu səbəblərə görə də ölkəmiz ən güclü orduya malik ölkələr sırasında 50-də yer alıb. Cari ildə ayrılan büdcə vəsaiti hesabına Azərbaycan öz hərbi potensialını daha da artıracaq ki, bu da reytinq siyahısında ölkəmizin bir qədər də irəliləməsinə imkan verəcək. Bu da normal haldır. Müharibə şəraitində olan ölkə quruda, dənizdə və hava məkanındakı silahlarını zənginləşdirməli, yeniləməlidir. Azərbaycan Silahlı Qüvvələrini modernləşdirməkdə haqlıdır. Çünki, torpaqlarımızı işğaldan azad etmək üçün bu istiqamətdə müəyyən addımlar atmalıyıq və atılır. Azərbaycanın hərbi gücünün artmasını və bu əsasda belə reytinqdə yaxşı yer almasını Ermənistanın siyasi və hərbi rəhbərliyi də gizlətmir. Onlar bundan təşviş içində olduqlarını açıq şəkildə etiraf edirlər. Şikayətlənirlər, hər addımbaşı öz narazılıqlarını bildirirlər. Ermənilər o qədər narahat vəziyyətə düşüb ki, bütün resurslarını işə salaraq, Azərbaycanı qaralama kampaniyası həyata keçirir. Bunu da ona görə edirlər ki, Azərbaycanın militarizasiya kursu götürən ölkə kimi təqdim etsinlər. Azərbaycanın sürətlə silahlanması Ermənistanın öz günahıdır. Çünki, Ermənistan işğal siyasəti aparmasaydı, Azərbaycan bu gün hərbiyə ayırdığı vəsaitlərin çox hissəsini tamam başqa sahələrə yönəldərdi, daha çox sosialyönümlü addımlar atardı. İndi isə silahlanma istiqamətində addımlar atmağa məcburuq və ona görə də tərtib olunan siyahda ölkəmizin də adı var".

Millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycan Ordusunun reytinq cədvəli üzrə dünyanın 50 ən güclü ordusu sırasında yer alması Ermənistanı sözün həqiqi mənasında ciddi narahat edib: "Burada bir mühüm məqam vardır. Çox maraqlıdır ki, hərbi baxımdan güclü olmaları ilə adları sıralanan siyahıda Ermənistan yoxdur. Amma Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Artıq söhbət məntiqlə ona gəlib çıxır ki, Azərbaycan ərazilərini Ermənistan işğal etməyib, onun ağaları, arxasında dayanan qüvvələr işğal edib. Hər bir ordunun da güclənməsi əslində, müharibə şəraitində olur. Müharibə Azərbaycana pis təsirlər buraxıb. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Hər il büdcəmizə 20 faiz torpaqlarımızdan gələcək gəlirlərini daxil edə bilmirik. Bu ərazilərdən qovulan insanlara əlavə olaraq vəsait verməyə məhkumuq. Amma bununla bərabər müharibə illərində Azərbaycan artıq oturuşmuş orduya malik dövlətə çevrilib. Bu, həm də onu göstərir ki, bizim tərəfdən ordumuz döyüşəcək. Bu gün Rusiya ilə Ermənistan arasında ziddiyyətlər yaranıb. Günün birində Moskva bölgəmizdən gedəndə, ermənilər savaşsız ərazilərimizi qaytarmaq məcburiyyətində qalacaqlar. Belədə, İrəvanın taleyilə bağlı müqavilənin də qüvvədən düşməsi gündəmə gələ bilər. Güman edirəm, Azərbaycan əhalisi, onun dostları da fəxr edir ki, ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Bu, Azərbaycanın gücüdür. Yaxın zamanlarda bu ordu öz gücünü həm də işğal olunmuş ərazilərdə göstərəcək. Bu vəziyyətdən təbii ki, Ermənistan narahat olacaq. Ermənilər özləri də bilir ki, Azərbaycan ərazilərini öz gücləri hesabına işğal etməyib. Son zamanlar sosial şəbəkələrdə rus politoloqları özləri də etiraf edir ki, Rusiya bir neçə günlüyə Ermənistanı tərk edərsə, Azərbaycan Ordusu bütün işğal olunmuş əraziləri azad edə bilər. Ona görə də ermənilər vəziyyətin nə yerdə olduğunu, Azərbaycan Ordusunun gücünü bilir. Belədə ermənilər daha çox düşünmək məcburiyyətindədir ki, savaş olmadan ərazilərimizi tərk etsinlər, yoxsa, savaş başlayarsa, ermənilərdən burada əsər-əlamət qalmayacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs