Əlaqə Arxiv
news Image
2012.04.12
01:46
| A A A
Rusiya Azərbaycanla sərhəd ölkələrə ordu cəmləyir
Hava Desant Qoşunları hesabına Gürcüstan və Ermənistanda rus hərbi bazaları gücləndiriləcək

Cənubi Qafqazda mövqelərini əldən vermək niyyətində olmayan Rusiya bölgəyə yenidən hərbi qüvvə cəmləşdirməyə diqqət yetirməyə başlayıb. Məsələni şərh edən Rusiya hərbi-desant qoşunlarının baş komandanı general-leytenant Vladimir Şamanov "Nezavisimaya Qazeta"ya müsahibəsində bildirib ki, ölkənin yeni prezidenti Vladimir Putinin hələ seçkilərdən əvvəl müdafiə quruculuğu barədə səsləndirdiyi fikirlər Rusiyanın Mərkəzi Asiya və Qafqazda dislokasiya olunmuş hərbi bazalarına da aiddir. 

Bu bazaların əsas etibarı ilə hava desant qüvvələri hesabına gücləndiriləcəyini diqqətə çatdıran Şamanov bu addımı iki məqamla izah edir. Bunlardan birincisi onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün müəyyən istiqamətlərdə ilkin hərbi bazalara malik olmaqdır. İkinci səbəb kimi isə general Rusiyanın  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr qarşısında götürülmüş beynəlxalq öhdəlikləri ilə bağlayır. 

Xaricdəki hərbi bazaların vertolyot bölmələri ilə gücləndiriləcəyi də gələn məlumatlar sırasındadır və ilk olaraq Abxaziyada, Cənubi Osetiyada bu istiqamətdə addımlar atılacağı gözlənilir. Bundan başqa  "Nezavisimaya qazeta" yazır ki, cari il ərzində  Hava Desant Qoşunları KTMT-nin Çevik Reaksiya Qüvvələri tərkibində Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasında təlimlər keçiriləcək. Lakin Hava Desant Qoşunlarının 102-ci hərbi bazada qalıb-qalmayacaqları dəqiq bilinmir. Ehtimal olunur ki, Moskva Mərkəzi Asiya və Qafqazdakı bazalarını gücləndirmək haqda qərar qəbul edibsə, onda Hava Desant Qoşunları 102-ci hərbi bazada daimi sakinlərdən olacaq. Bu isə sözügedən bazanın daha da güclənməsi deməkdir. 

Xatırladaq ki, Moskva bu bazanı daha da gücləndirməkdə, onu yeni texnika ilə təchiz etməkdədir. Bir müddət əvvəl isə bura  yeni komandir təyin olunub.  Rusiya prezidentinin fərmanı ilə polkovnik Oleq Smiryonov hərbi bazanın komandiri təyin edilib. Yeni təyinata qədər polkovnik O. Smiryonov Rusiya Müdafiə Nazirliyinin birinci Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edib. 

Hesab olunur ki, indiki şəraitdə Ermənistanda rus hərbi bazasının elitar desant hissələri ilə gücləndirilməsi o qədər yaxşı niyyətlərdən xəbər vermir. Xüsusən rus generalının KTMT qarşısında götürdükləri öhdəlikləri xatırlatması düşündürücü məqamdır. Qeyd edək ki, bu saziş Ermənistana hücum təhlükəsi olan zaman Rusiyaya danışıqsız olaraq bölgəyə ordu yeritməyə icazə verib.

Məsələnin digər geosiyasi tərəfləri də var. Belə ki, Suriyada baş qaldırmış proseslərdən sonra Rusiya Ermənistandakı hərbi bazalarına yeni silahlar göndərməyə başlayıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, Kreml bununla yanaşı, həm də hərbi bazalarını modernləşdirmək üçün addımlar atır. Bunun əsas səbəbləri barədə isə heç bir məlumat verilmir. 

Pentaqonun keçmiş rəsmisi Maykl Maluf bunlara aydınlıq gətirməyə çalışıb. O deyib ki, Suriyada hakimiyyət dəyişərsə, Rusiyanın bölgədəki maraqları açıq şəkildə təhlükə altına düşəcək: "Suriya ətrafında baş verən proseslər Moskva üçün ciddi təhlükə mənbəyidir. Rusiya Ermənistana özünün ən güclü hərbi və modernləşmiş bazasını yerləşdirməklə, mümkün təhlükələrdən sığortalanmaq istəyir. Çünki bu gün Yaxın Şərqdəki Suriyadan tutmuş İrana qədər hər an baş verə biləcək partlayışın fərqindədir". 

Maluf daha sonra deyib ki, əgər müxalifət sakitləşməsə, Rusiya mümkündür ki, Suriyadan çəkilməli olacaq. Onun sözlərinə görə, Kreml BMT-nin Suriya ilə bağlı qətnaməsini dəstəkləməməklə ağıllı iş görüb:  "Ona görə ki, tezliklə Suriyadakı müxalifətin kimlər tərəfindən silahlandırıldığı üzə çıxacaq. Bunun ardından isə onları ittiham etmələri üçün geniş imkanlar açılacaq".

Onu da xatırladaq ki, bir il əvvəl Gürcüstan parlamenti bu ölkə üzərindən Rusiyanın Ermənistandakı hərbi bazasına silah daşınmasına dair razılaşmanı ləğv edib. Bununla da Ermənistanla onun ən yaxın müttəfiqi olan Rusiya arasına birbaşa əlaqə kəsilib. Ermənistandakı Rusiya hərbi bazasına yüklərin və canlı qüvvənin daşınmasına dair razılaşma Moskva ilə Tiflis arasında 2006-cı il martın 31-də imzalanmışdı. Sənədə əsasən, Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasına Gürcüstanın quru və hava ərazisi ilə silah daşıya bilərdi. Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirir ki, razılaşmanın müddəti iki il yarım əvvəl başa çatıb. O biri yandan 2008-ci ildən bəri faktiki olaraq işləməyib. O deyir ki, bu müqavilədən istifadə olunaraq 2008-ci ilin iyulunda Gürcüstan ərazisi ilə Ermənistana silah aparılıb. Həmin ilin avqustunda isə Rusiya ilə Gürcüstan arasında müharibə baş verdiyindən Moskva istəsə də, Tiflis öz ərazisi ilə silah daşınmasına imkan verməyib. 

Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan və Rusiya hərbi təchizat üçün İran marşrutundan istifadə edə bilər. Qeyd edək ki, Ermənistandakı Rusiya bazasının səlahiyyətlərinə bu ölkənin Azərbaycanla sərhədlərini qorumaq da daxil edilib. Gürcüstan üzərindən tranzit kanalının kəsilməsi bu bazanı faktiki mühasirə vəziyyətində qoyur. Yeganə mümkün variant kimi görünən İran variantı isə ekspertlərin dediyi kimi mürəkkəbdir. Bunun üçün yüklər və ya canlı qüvvə əvvəlcə gəmilərlə Xəzər üzərindən İrana çatdırılmalı, oradan isə Ermənistana daşınmalıdır. Rusiya Gümrü bazasını özünün Cənubi Qafqazdakı silah anbarına çevirib və oradan Ermənistan ordusunu da təchiz edir. 

Ermənistandakı 102-ci Rusiya hərbi bazası İrəvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını uzatmaq üçün istifadə etdiyi əsas rıçaqlardan biridir və ötən il Azərbaycanın öz hərbi potensialını gücləndirməsinə, işğal edilmiş əraziləri hərbi yolla qaytarmaq barədə artan xəbərdarlıqlarına cavab olaraq bazanın dislokasiya müddətinin uzadılmasına dair sənəd imzalanmışdı. Hazırda isə Moskva Azərbaycanla həmsərhəd olan iki ölkəyə - Ermənistana və Gürcüstana Vladimir Şamanovun dediyi kimi əlavə hərbi qüvvə cəmləşdirir ki, bu da regionda gərgin vəziyyət yaradır.


Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz