news Image
2012.08.08
07:45
| A A A
Xaricdən maliyyə dəstəyi alan partiyalar
Fazil Mustafa: “Bu gün onlar heç bir gücə sahib olmasalar da, müəyyən dərəcədə xarici dəstək hesabına ayaqda dururlar” Rauf Qurbanov: “Hansısa siyasi partiyanın Azərbaycandan kənardan dəstək alaraq maliyyələşməsi Azərbaycanın milli maraqlarına zidd olan məsələdir”

Məlumdur ki, bu gün ölkədə qeydiyyatdan keçən, həmçinin qeydiyyatsız olaraq xeyli sayda siyasi partiya mövcuddur. Bu partiyaların bəzilərinin isə haradan maliyyələşməsi, haradan dəstək alması belə demək mümkünsə, müəmma olaraq qalır. Zaman-zaman isə belə bir fikir də səslənir ki, bəzi müxalif partiyalar xaricdən dəstək alır və bu səbəbdən onların fəaliyyətlərində xarici qüvvələrin diqtəsi var.

Məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanda açıq məkanın olduğunu qeyd edir: "Bu məkanda da partiyaların hamısı dövlətin maraqlarını təmin edəcək fəaliyyət göstərmir. Bunun hüquqi tərəfi bəllidir. Amma əsasən xarici dövlətlərin dəstəyi ilə ayaqda qalan partiyalar da var. AXCP də uzun illərdi ki, bu cür fəaliyyət göstərən partiyadır. Bu partiya daha çox xarici səfirliklərin əlində bir alətə çevrilib. Ona görə də bütün dəstəyi də oradan alırlar. Bu gün onlar heç bir gücə sahib olmasalar da, müəyyən dərəcədə xarici dəstək hesabına ayaqda dururlar. Bu isə hüquqi məsələdən daha çox mənəvi bir məsələdir. Çünki elə məsələlər var ki, orada digər məsələlər arxa planda qalır. Düzdür, hər bir partiyanın kimlərləsə əməkdaşlıq etməyi normaldır. Amma onun Azərbaycan mühitində xüsusi dəstək alaraq fəaliyyət göstərməsi mənəvi cəhətdən doğru deyil. Çünki partiya potensial hakimiyyətə gələn siyasi qüvvədir. Xarici qüvvələrlə əməkdaşlıq edənlər hakimiyyətə gəldikdən sonra Azərbaycanın maraqlarına qarşı çıxış edə bilərlər. Ona görə də bu təhlükəlidir".

Partiya sədri bildirir ki, bu asılılığın maliyyə işi əlaqəsi nisbətən azdır: "Çünki maliyyələşmə müxtəlif variantlarda olur. Amma o variantların böyük əksəriyyəti həmişə Azərbaycanda bu partiyaların hakimiyyətə gəlməsi məqsədi ilə edilmir. Bunlar, sadəcə, lazım olanda hakimiyyətə təzyiq göstərmək, həmin qüvvələrin marağını təmin etmək üçün yarayır. Bunları reallaşdırmaq üçün isə böyük məbləğdə dəstəklər verilmir. Əgər dəstək böyük məbləğdə olsa, bu addımı hakimiyyətə gətirilmək niyyəti ilə atarlar. Amma onların belə bir niyyəti yoxdur. Çünki hər bir xarici dövlət neft gəlirlərinə görə Azərbaycanla əməkdaşlığa maraqlıdır. Ona görə də bu hökumətin xoşuna gəlməyə bilər deyə, böyük dəstək vermirlər. Ancaq kiçik dəstəklərlə ayaqda tutmağa çalışırlar. Bu da ingilis siyasi metodudur. Necə ki, vaxtı ilə Osmanlıya qarşı kiçik-kiçik təriqətləri dəstəkləyib, hökumətdə qarışıqlıq yaradırdılar".

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirir ki, hər bir siyasi partiyanın xaricdən himayədarlıq olunmasına imkan var: "Bu da əsasən maliyyə məsələsi ilə bağlı olur. Amma bu milli mənafeyə zidd hərəkətdir. Hansısa siyasi partiyanın Azərbaycandan kənardan dəstək alaraq maliyyələşməsi Azərbaycanın milli maraqlarına zidd olan məsələdir. Çünki el arasında belə misal var ki, musiqini sifariş edən oynayar. Odur ki, xaricdən dəstək alaraq hakimiyyətə gələn partiya onu maliyyələşdirən qurumun maraqlarından çıxış edəcək. Ona görə də bu mələyə tamamilə mənfi mövqe bildirirəm. Odur ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi barədə məsələyə ciddi dəstək verilməlidir. Aydın məsələdir ki, hər bir siyasi partiyanın maliyyə imkanları olmasa, onun fəaliyyəti cəmiyyətdə o qədər də nəzərə çarpmır. Partiyaların da dövlət tərəfindən maliyyələşməsi onun aktivliyinə, siyasi plüarizmə xidmət edər. Bununla xaricdən himayədarlığın qarşısı alınar. Həm də xaricdən maliyyələşmək Azərbaycanı gələcəkdə çətin məsələlərə sürükləyə bilər. Çünki xaricdən dəstək alan hər bir müxalif siyasi partiyanın gələcəkdə hakimiyyətə gəlmək üçün şansı var".

Partiya sədrinin sözlərinə görə, hərdən belə fikir də ortaya çıxır ki, əgər partiyalar dövlət tərəfindən maliyyələşirsə, o dövlətin təsiri altında ola bilər: "Bu məsələni də adətən xaricdən maliyyələşən partiyalar qaldırır. Çünki milli maraqlara xidmət etməyən partiyalar xaricdən maliyyələşməyə daha çox üstünlük verirlər. Ona görə də dövlətdə müəyyən qurumlar olmalıdır ki, onlar siyasi partiyaların xaricdən dəstək almasının, maliyyələşməsinin qarşısını alsın. Çünki onlar milli maraqlardan heç vaxt çıxış edə bilməz. Bu da aksiom olan bir məsələdir. Amma söz yox ki, dövlət büdcəsi hakimiyyətin büdcəsi demək deyil. Ona görə də bu partiyalar dövlət partiyaları olduğundan dövlətdən maliyyələşməsi onların hakimiyyətin siyasəti altına düşməsi demək deyil. Dövlət büdcəsindən maliyyələşəndə burda yoxlayıcı qurumlar da olacaq ki, onlara da vəsait alan hər partiya hesabat verəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs