news Image
2015.04.02
05:00
| A A A
İnhisarda qalan müxalif partiyalar
Tural Abbaslı: “Könüllü də olmasa, zərurət kimi yenilənmə baş verməlidir” Mais Səfərli: “Məsələ odur ki, müxalifətin təkcə rəhbərliyi yox, ümumilikdə özü dəyişməlidir”

Radikal müxalif düşərgədə uzun illərdir ki, müşahidə olunan hallardan biri burada hansısa yeniliyin olmaması, liderlərin rəhbərləri olduqları partiya və təşkilatları belə demək mümkündürsə, inhisarçılıqlarında saxlamalarıdır. Məhz bu səbəbdəndir ki, radikal düşərgənin davranış tərzi 1990-cı illərin əvvəllərindən heç nə ilə fərqlənmir. Müxalif liderlərin mövqeləri və rəhbərləri olduqları qurumları inhisarçılıqlarında saxlamaq təşəbbüslərindən geri çəkilmək niyyətlərində olmaması radikal düşərgədə bundan sonra da hansısa dəyişikliyin olmayacağını göstərir.

Müsavat Partiyasından Tural Abbaslı da "Mövqe"yə açıqlamasında uzun illərdir, müxalifət liderlərinin dəyişmədiyini təqdir etmədiyini bildirdi: "Bu gün müxalifətdə olan insanlar 1989-cu ildən, hərəkat dönəmindən olan insanlardır. Düzdür, rəhbərliyə deyə bilmərik ki, siyasətdən gedin, yerini bizə verin. Bu, siyasi rəqabətə uyğun gəlmir. Ancaq ən azından siyasi liderlərin öhdəliklərindən biri də yeni gəncliyi yetişdirməkdir. Odur ki, hazırda belə problemin yaşandığını deyə bilərik. Amma bu problemin həlli onlarda deyil. Onu biz, iddialı şəxslərin özləri həll etməlidir. Heç kəs gözləməməlidir ki, kimsə ona öz yerini verəcək. Könüllü də olmasa, zərurət kimi yenilənmə baş verməlidir".

Tural Abbaslının sözlərinə görə, problem onların güclü, bizim zəif olmağımızda deyil: "Sadəcə olaraq, şəraitin tələbi budur. Çünki, son illər ictimaiyyətin siyasi proseslərə marağı minimum səviyyədədir. Sanki, cəmiyyət siyasətdən ayrılıb. Siyasi proseslərə cəmiyyət də qoşulmalıdır ki, siyasi rəhbərlik dəyişsin. Ancaq son zamanlar cəmiyyətdən siyasi sifarişlər gəlmir. Siyasi sifariş gələn dairə isə çox dardır".

Radikal müxalifət hər cəhətində radikallığı ilə seçilir, desək yanılmarıq. Opponentliyindən tutmuş idarəçiliyinə qədər bu radikallıq hiss edilməkdədir. Məsələn, istənilən aparıcı müxalif partiyanın lideri ən azından 10 ildir ki, rəhbərdir. Adlar çəkmədən bunu radikal düşərgədə ümumilikdə müxalif liderlərin hamısınıa şamil edə bilərik. Sanki, müxalif cəbhəni, partiyanı inhisara alıblar. Siyasilər bəzən müxalifətin ardıcıl məğlubiyyətinin səbəbi kimi də məhz bu amili vurğulayırlar. Monotonluq elə özlərinin daxilində də zaman-zaman çəkişmə predmeti olub.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, indiki müxalifətin bədbəxtçiliyi ondadır ki, hələ də 1988-ci ilin havasındadır: "İndiki liderlər 25 il əvvəl meydanda olanlardır. Məsələ odur ki, müxalifətin təkcə rəhbərliyi yox, ümumilikdə özü dəyişməlidir. İndiki rəhbərlər yalnız öz şəxsini fikirləşən adamlardır. Vahid mövqedən çıxş edə bilmədikləri üçün də məcburən ayrı-ayrı partiyalar yaradırlar. Ancaq düşünmürlər ki, güclü olmaları üçün lazım gələn şərtdən biri də birləşmələridir. Bu qədər müxalif partiya cəmi 2 partiyada birləşə bilər. Bundan başqa, seçkilərdəki nəticələri də onların istefa verməli olduğunu deyir. 20 ildə nəyəsə nail olmayıblarsa, deməli, dəyişməyən dəyişməlidir. Ən pisi də odur ki, ətraflarında adam qalmayıb. Ancaq öz qohumlarıdır. Ümumilikdə müxalifətin düşüncə tərzi dəyişməlidir. Xaricdə kifayət qədər gənclərimiz təhsil alır. Eyni zamanda, Azərbaycanın özündə belə çox gözəl gənclik yetişir. Təbii ki, bunların içərisində müxalif düşüncəlisisinin yetişməsi mütləqdir. Amma o gənclik indiki müxalifətin liderlərinə inanmır. Elə indiki müxalifət də onları qəbul etmir. Ona görə də deyə bilərik ki, artıq Azərbaycan müxalifəti inhisarçılığı ilə yanaşı, qocalıb da. Yəni, yeni müxalif gənclik gəlməlidir. Ancaq iş də orasındadır ki, lider olmağa can atanı gənc olanda partiyadan çıxardırlar. Bu, artıq sırf kommunist üsuludur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs