Əlaqə Arxiv
news Image
2015.04.03
07:00
| A A A
Avtoritar idarəçilik radikal müxalif partiyaları daha tez sıradan çıxarır
Elçin Mirzəbəyli: “Əli Kərimli öz məqsədinə çatmaq üçün ən yaxın dostlarını belə şantaj, təhqir etməyə hazırdır” Araz Əlizadə: “Tənqidə dözümsüz yanaşan şəxsin, partiyanın gələcəyi yoxdur”

Bir neçə gündür AXCP rəhbərliyi ilə partiyanın gənc fəalları arasında qarşıdurma olduğu barədə informasiyalar yayılır. Yayılan xəbərlərdən aydın olur ki, AXCP rəhbərliyinin siyasətini tənqid edən bir neçə gənc buna görə, partiyadan xaric ediliblər. Gərginliyə səbəb kimi isə Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir facebook statusu olub. Həmin statusda Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın keçirdiyi mitinq zamanı Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək veriblər. Bundan sonra isə həmin gənclər partiyadan çıxarılıblar.

Gənclərlə AXCP rəhbərliyinin qarşıdurmasına bu yaxınlarda partiya sıralarından istefa vermiş sabiq sədr müavini Razi Nurullayev də münasibət bildirib: "Gəncliklə savaşanlar məğlub olur. Günümüzün gəncliyi fərqlidir. Onların hamısını zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edənlər partiyadan uzaqlaşdırılıb. Səbəb obyektiv tənqiddir. Amma onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir. Əli Kərimli də məğlub olacaq. Çünki, o gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir".

Digər siyasilər isə bu cür hərəkətləri müxalif cəbhədəki avtoritar idarəçilik düşüncəsinin hökm sürməsi ilə əlaqələndirilər. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, bu, Əli Kərimlinin demokratik idarəçilik üsullarına zidd fəaliyyət göstərməsindən, xarakterindən, cəsarətsizliyindən irəli gəlir: "Eyni zamanda partiya idarəçiliyindən buraxdığı səhvlər son nəticədə bu partiyanın iflasına səbəb olub. Vaxtı ilə Əli Kərimli ilə bir yola çıxan siyasi simaların heç biri bu gün onun yanında yoxdur. Bu qədər insanın hamısının günhakar, birinin isə günhasız olması mümkün deyil. Partiya daxilində baş verən bütün proseslərin səbəbkarı Əli Kərimlidir. Onun məqsədi ancaq insanları zombiləşdirərək idarə etmək, insanları özünü siyasi və digər maraqlarının girovuna çevirməkdir. Yaranamış bu vəziyyətdə sonda istefalara səbəb olub. Əli Kərimli öz məqsədinə çatmaq üçün ən yaxın dostlarını belə şantaj, təhqir etməyə hazırdır. Bu adamın fəaliyyətində siyasi fəaliyyətə zidd olan prinsiplər yer almaqdadır. Hətta üçüncü dərəcəli ölkələrin siyasətçiləri də özünü belə aparmır. Bu adam özünü partiya daxilində mütləq görür. Bunun nəticəsində partiya daxilində 1-2 nəfər qalacaq. Faktiki olaraq, bu gün Əli Kərimlinin yanında qrant layihələrinə görə elə 1-2 nəfər "papka daşıyan" qalıb. Partiya yox səviyyəsindədir. Onun kimə rəhbərlik etdiyi bilinmir. Bu günə qədər Əli Kərimli özünə qarşı olan ən cüzi tənqidi belə qəbul etməyib. Bu adam üçün dialoq anlayışı yoxdur. Gec də olsa, gənclərin bunu başa düşməsi böyük işdir".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, bunlar Əli Kərimlinin siyasi mədəniyyətinin olmamasından irəli gəlir: "Təbliğ apara, nəticə çıxara bilmir. Ən əsas isə cavab verməyə sözü yoxdur. Ancaq tənqidə dözümsüz yanaşan şəxsin, partiyanın gələcəyi yoxdur. Heç onların sonu da yoxdur. Artıq çoxdan sona çatıblar. Amma digər müxalif partiyalar bundan sevinməsin. Demək olar ki, müxalif partiyaların hamısında vəziyyət eynidir. Müsavatın son qurultaytından sonra durumunu görürük".

Sizin Reklam Yeriniz