news Image
2015.04.04
02:02
| A A A
Erməni lobbisinin mövqeyi sarsılır
Okeanın o tayında ermənipərəst konqresmenlərin bir-bir sıradan çıxması işğalçı ölkədə böyük təlaşla izlənilir

Öz çirkin məqsədlərinə nail olmaq, həmçinin, bədnam niyyətlərinə dəstək qazanmaq üçün Ermənistanın yardımına hər zaman erməni lobbisinin gəlməsi heç kimə sirr deyil. Erməni lobbisinin isə müxtəlif ölkələrdə təmas qurduqları şəxslərin böyük əksəriyyətinin korrupsioner, rüşvətxor olmasına dair üzə çıxan faktların sayı getdikcə artır. Belə şəxslərin tutduqları postlardan kənarlaşdırılması isə nəticə etibarı ilə erməni lobbisinin mövqelərinin zəifləməsi ilə müşayiət olunur.

Hər halda ABŞ-da baş verənlər də qeyd olunanların real təsdiqi hesab edilə bilər. Söhbət ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru Robert Menendez aprelin 1-də cinayət məsuliyyətinə cəlb edilməsindən gedir.

61 yaşlı senator korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən "dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması" faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur. Rəsmi ittiham Menendezin Florida ştatından oftalmoloq Salomon Melgen ilə münasibətlərində onun qanunsuz hərəkətləri iki il araşdırılandan sonra ABŞ Ədliyyə Nazirliyinin qəti addımı olub. R.Menendezin işi ilə bağlı doktor Melgenə də ittiham irəli sürülüb. Federal Təhqiqatlar Xidmətinin (FTX) bildirdiyinə görə, R.Menendez həkimin qanunla problemlərdən qaçması, onun Dominikan Respublikasında sahibkarlıq fəaliyyətinin və maraqlarının irəliləməsinə kömək etmək üçün öz vəzifə durumundan istifadə edib. Təhqiqat 2013-cü ildə - anonim şəxs senatorun Melgen ilə Dominikan Respublikasına birgə səfərlərindən birində onun qeyri-adekvat hərəkətlərindən şikayət edəndə başlayıb. Davam edən təhqiqat zamanı R.Menendez ilə S.Melgen arasında sıx münasibətlərin olması faktı üzə çıxıb. Bu münasibətlər sayəsində R.Menendez doktor Melgendən müəyyən qədər hədiyyə, seçki kampaniyası və Dominikan Respublikasına şəxsi səfərləri üçün pay şəklində yüz minlərlə dollar alıb.

68 səhifəlik rəsmi ittihamnamədə deyilir ki, Melgen Menendez üçün lüks tətillər, təyyarə uçuşları və mehmanxana nömrələri təşkil edib, həmçinin Menendezin hüquq müdafiəsi fonduna ianələr verib. İttihamnamədə bildirilir ki, bunların müqabilində Menendez Melgenin xarici sevgililəri üçün viza alınmasında köməklik göstərib, doktorun tərəfində federal səhiyyə debatlarına müdaxilə edib və Melgenin investoru olduğu şirkətin kontraktının müdafiəsində yardım edib. Menendezə qarşı 8 rüşvət ittihamı irəli sürülüb və bunların hər biri 15 ilədək həbsxana cəzasını nəzərdə tutur. Xatırladaq ki, hələ 2012-ci ildə, Robert Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl, o, nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.

Onu da qeyd edək ki, Robert Menendez ABŞ Konqresində erməni kokusunun üzvüdür və ermənipərəst həmkarlarının antiazərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin böyük üzvü kimi erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, Metyu Brayanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqini dayandırmaq, "Ermənistanın və Dağlıq Qarabağın qanunsuz blokadaya alınması" ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb. Baş verənlərin ABŞın xarici siyasətinə təsiri də xüsusi maraq dairəsindədir. Qeyd edək ki, xarici siyasətin yürüdülməsində ABŞ hökuməti aparıcı olsa da ABŞ Konqresi də bu sahədə mühüm rol oynayır. Vəzifədə olduğu müddətdə Menendez Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib və noyabr ayında keçirilmiş seçkidə Senat çoxluğu respublikaçıların ixtiyarına keçəndən bəri Menendez komitədəki ən yüksək vəzifəli demokratdır. Lakin aprelin 1-də iş gününün sonunda R.Menendez ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin böyük üzvü vəzifəsindən istefa verdiyini elan edib. Bu, erməni lobbisinin ABŞ-da mövqelərinin sarsılmasına mütləq şəkildə təsir göstərəcək. Menendez Ermənistanın dostu kimi tanınır. Onun yaşadığı Nyu-Cersi ştatında çoxsaylı erməni əhalisi var və o, 2009-cu ildə Obama administrasiyasını I dünya müharibəsində baş vermiş qətliamların "erməni soyqırımı" kimi tanınmasına çağıran qanunvericlik aktını təqdim edib. O, həmçinin ABŞ-ın Azərbaycana silah satışını əngəlləmək üçün fəaliyyət göstərib. Təbii ki, erməni lobbisinin təsiri və onlardan aldığı pullar, hədiyyələr müqabilində.

Xatırladaq ki, ötən ilin sonunda ABŞ-ın daha bir ermənipərəst konqresmeni Maykl Qrimmə qarşı 20 maddə üzrə, o cümlədən vergi ödəməkdən qəsdən yayınma, fırıldaqçılıq və yalançı şahidlik maddələri üzrə ittiham irəli sürülmüşdü. Bütün bunlar ermənipərəst konqresmenlərin tədricən sıradan çıxmaqda olduğunu və belə vəziyyətin erməni lobbisinin mövqeyinin okeanın o tayında sarsılmaqda olduğunu göstərir. Bütün bunlar Ermənistanda da böyük təlaşla izlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs