Əlaqə Arxiv
news Image
2015.04.04
05:00
| A A A
Cənub qonşumuz müharibə ilə hədələndi
Ekspert: «Yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər»

Uzun illərdir İranla Qərb ölkələri arasında böyük çəkişmə predmetinə çevrilən cənub qonşumuzun nüvə proqramı ilə nəhayət tarixi bir razılıq əldə olundu. Belə ki, İsveçrənin Lozanna şəhərində 8 gündür davam edən danışıqlardan sonra Iran və dünyanın altı qüdrətli ölkəsi Tehranın nüvə proqramına dair sazişin əsas parametrləri üzərində razılığa gəlib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini bildirib ki, bu həlledici qərar iyunun 30-a təyin olunmuş son möhlətə qədər yekun qərarın alınmasının təməlini qoyacaq. O, İranın razılaşmanın şərtlərinə əməl etdiyi təsdiq olunduğu təqdirdə, Avropa İttifaqı və Birləşmiş Ştatların İrana qarşı tətbiq eydiyi sanksiyaların ləğv ediləcəyini deyib. İran prezidenti Həsən Ruhani və ABŞ dövlət katibi Con Kerri rəsmi "Twitter" hesablarında sazişin əsas parametrləri üzərində razılığın əldə olunduğunu bildiriblər.

Məsələ ilə bağlı Ağ Evdə danışan ABŞ prezidenti Barak Obama Amerikanın İranla tarixi bir anlaşma əldə etdiyini deyib. Barak Obama razılığın əsas fikir ayrılıqlarını aradan qaldırdığını və İranı nüvə bombası istehsalı etməkdən çəkindirdiyini bildirib. Obama deyib ki, əsas detallar gələn 3 ay ərzində yekunlaşdırılacaq. Tehranla "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) arasında İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması və yaxud məhv edilməsinə dair razılıq İsrail hökumətinin narazılığına səbəb olub. İsrail hökuməti İranın nüvə proqramına dair danışıqlarda razılığın əldə olunmasını "tarixi səhv" adlandırıb: "Əldə olunan razılaşma dünyanı daha da təhlükəli edəcək". İsrail kəşfiyyat naziri Yuval Steinitz də İranla bağlı planlarını açıqlayıb. Nazir Tehrana qarşı hərbi əməliyyatların başlanacağını istisna etməyib: "İranın nüvə silahı əldə etməsi təhlükəsinə qarşı hərbi əməliyyatlar da daxil olmaqla bütün variantlar aktualdır". Təl-Əvivin baş kəşfiyyatçısı danışıqlar yolu ilə razılıq əldə olunmasa, hərbi əməliyyatlara başlayacaqlarını bildirib: "Bütün təhlükələri diplomatiya və kəşfiyyat yolu ilə həll etməyə çalışacağıq. Başqa variantımız qalmasa, hərbi əməliyyatlara başlayacağıq". İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması üçün ABŞ-dan icazə almayacaqlarını deyən nazir tarixdən nümunə də gətirib: "İsrail 1981-ci ildə İraqdakı Osirak nüvə stansiyasını vurdu. O əməliyyat ABŞ-ın razılığı ilə reallaşmamışdı. Baş nazir Benyamin Netanyahu İranın nüvə dövləti olmasına icazə verməyəcəyini açıq şəkildə söyləyib. Buna imkan verməyəcəyik".

Benyamin Netanyahu Barak Obama ilə telefon danışığında İranla əldə edilmiş nüvə razılaşmasını kəskin pisləyib. O bildirib ki, bu razılaşma İsrailin mövcudluğunu təhdid edəcək. Netanyahu qeyd edib ki, İsrail əldə edilmiş razılaşmaya qətiyyətlə qarşı çıxır.

Lakin ABŞ prezidenti əminlik ifadə edib ki, əldə edilmiş razılaşma çərçivəsində Tehranın nüvə silahı istehsal etmək imkanı qalmır. Ağ Ev rəhbəri Tehranın bundan əvvəl Qərblə əldə etdiyi bütün razılaşmaları yerinə yetirdiyini və nüvə obyektlərində təftişləri artırmağa imkan verdiyini deyib. ABŞ prezidenti həmçinin İrana qarşı terror təşkilatlarını dəstəkləməyə görə tətbiq edilmiş sanksiyaların qüvvədə qalacağını da bildirib. Obama deyib ki, milli təhlükəsizlik komandasının üzvlərinə gələcəkdə İrandan qaynaqlanan mümkün təhdidlərə qarşı İsrailin təhlükəsizliyinin necə təmin oluna biləcəyinə dair əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırmağı tapşırıb. Həmçinin xəbər verilir ki, bundan əvvəl Obama Səudiyyə Ərəbistanı və İranın bölgədə nüfuzunun artmasından narahat olan digər Fars körfəzi ölkələrini Kemp-Deviddə sammitə dəvət edib. Sammitin yazın sonlarında baş tutacağı təxmin edilir.

Lozanna anlaşmasına əsasən İran hakimiyyəti uran ehtiyatlarını məhdudlaşdırmağa razılaşır. ABŞ isə bu ölkəyə qarşı sanksiyaları götürür. İranın nüvə ehtiyatları müəyyən müddət ərzində məhdudlaşdırılacaq və ölkədə yeni atom mərkəzləri tikilməyəcək. Toplanmış uran ehtiyatları isə ancaq elmi məqsədlər üçün istifadə olunacaq, artıq qalanı ölkədən çıxarılacaq. İranda yeganə uran zənginləşdirilməsi mərkəzi Natanz olacaq. Fordo nüvə mərkəzi isə uranı zənginləşdirmək üçün yox, elmi məqsədlər üçün istifadə ediləcək. Arakdakı nüvə reaktoru isə beynəlxalq şirkət tərəfindən modernləşdiriləcək və bu mərkəzdə plutonium istehsalı mümkün olmayacaq.. Yekun razılaşmanın imzalanmasından dərhal sonra ABŞ və Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv edəcək. Paralel olaraq BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalar ləğv olunacaq. Lozannada razılaşdırılmış baza prinsipləri əsasında danışıqlar davam edəcək və yekun razılaşmanın iyun ayında əldə edilməsi planlaşdırılır. Region ölkələri üçün də bu razılıq məqbul sayılır.

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu gedişat bölgədəki duruma da təsir edəcək: "İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılacaq, Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq. Az qala 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağına dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq".

Sizin Reklam Yeriniz