news Image
2015.04.04
06:00
| A A A
Qərb üçün də İŞİD təhlükəsi artır
İlham İsmayıl: “İŞİD Avropada, ABŞ-da terror törətmək üçün tərəfdarlarına dəstək göndərə bilər” Ərəstun Oruclu: “ABŞ-da da, Avropada da İŞİD-in tərəfdarları var”

Hələ də zərərsiz hala gətrilməyən İŞİD terror təşkilatı artıq Qərb üçün də böyük təhlükəyə çevrilməyə başlayır. Avropada təşkilata bağlı şəxslərin peyda olması, bunun ardınca Amerika Birləşmiş Ştatlarında İŞİD terror qruplaşması ilə əlaqə qurmaqda şübhəli bilinən şəxslərin saxlanılması qeyd olunanların əyani göstəricisidir. ABŞ Federal Tədqiqatlar Bürosunun Nyu-Yorkda keçirdiyi əməliyyat nəticəsində biri 20, digəri isə 30 yaşlarında olduğu güman edilən iki qadın yaxalanıb. Yerli mediada yayılan xəbərlərə əsasən, həmin qadınların bomba hazırlamaqla məşğul olduqları deyilir.

Saxlanılan qadınlar bomba hazırlamaq suçu ilə yanaşı, İŞİD terror qruplaşmasının internet vasitəsilə yaydığı təxribata dəstək olduqları üçün də ittiham edilirlər. Xatırladaq ki, ötən həftə Çikaqoda iki qohum İŞİD üçün ABŞ-da terror hadisəsi törətməyə cəhd etdikləri üçün yaxalanmışdı.

BMT son hesabatına görə, 25 mindən artıq əcnəbi döyüşçü İŞİD və "əl-Qaidə" kimi silahlı qruplara qatılmaq məqsədilə münaqişəli bölgələrə yollanıb. Onların sırasında Qərb dövlətlərindən olanlar da üstünlük təşkil edir. Bütün bunlar İŞİD-in Qərb üçün də təhdidə çevrildyini aydın nümayiş etdirir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıl hesab edir ki, indiki halda Qərbdə, ABŞ-da İŞİD-in tək-tək üzvlərinin tutulması mümkündür: "İŞİD Avropada, ABŞ-da terror törətmək üçün tərəfdarlarına dəstək göndərə bilər. Amma Suriyada, İraqdakı kimi xristian məkanında fəaliyyət göstərmələri mümkün deyil. Çünki, bilirlər ki, bunun sonu yoxdur və heç bir uğur əldə edə bilməyəcəklər. Bu işlə də əsasən terrorçular məşğul olur. Amma İŞİD xristian dünyasına geniş şəkildə yayılmayacaq. Çünki, məqsədləri bu deyil. Ancaq bu, o demək deyil ki, Qərb sığortalanıb. Çünki, İraqda, Suriyadakı təhlükənin böyük bir qanadı əvvəl-axır Qərbi tutacaq. Bu gün İŞİD-in sona qədər məhv edilməsi gözləntisi var. Dünyanın hər yerindən radikal dindarlar, terrorçular bir yerə yığışıb, bir yerdə fəaliyyət göstərirlər. Bunların bir yerdə olması sanki işi Qərb üçün daha da asanlaşdırır. Onlara qarşı bir məkanda mübarizə aparılaraq, məhv edirlər. Dünyanın əksər bölgəsindən orada insanlar var. Həmin insanlarla ayrıca, tək-tək mübarizə aparmaq çətindir. Onların bir yerə yığışanda məhv edilməsi daha effektiv olur. Ona görə də İŞİD-in tam məhv edilməsi şəraiti onların bir yerə toplaşmasıdır. Bu baxımdan Qərb sığortalanıb, deyə bilmərik. Çünki, onların özlərində də İŞİD-i dəstəkləyən vətəndaşlar var. Həmin insanların öz ölkələrində terror etməsi mümkündür. Ancaq onlar ölkələrini tərk edib İŞİD-ə qoşulurlar. Bununla da kütləvi şəkildə məhv ola bilərlər. İndiyə qədər neft yataqlarından gələn gəlirlərlə özlərini təmin, tərəfdaş cəlb edə biliblər. Lakin proses sabah başqa xarakter ala bilər. İnsanların İŞİD-ə qoşulması prosesi zəifləyən kimi qruplaşma tam məhv olacaq".

Sabir MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirir ki, bir-iki nəfər üzvünün haradasa olması İŞİD-in həmin ərazidə yayılması demək deyil: "Təbii ki, ABŞ-da da, Avropada da İŞİD-in tərəfdarları var. Bu, yeni proses deyil. Vaxtı ilə digər terror təşkilatlarının da bu cür hücumları olub. Yəni, bunu Avropa və ABŞ üçün ciddi təhlükə hesab etmək olmaz. Ancaq terrordan heç kəs sığortalanmayıb. "Əl-Qaidə" dəfələrlə ABŞ və Avropada terror hadisəsi edib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs