news Image
2015.04.07
01:00
| A A A
Minsk qrupuna qarşı sərt ittihamlar
Aydın Ağayev: “Minsk qrupunun fəaliyyətinin necə nəticəsi yoxdursa, o monitorinqin də mahiyyəti eynidir” Elman Məmmədov: “Monitorinq aparanlar daha çox Avropanın müəyyən xüsusi xidmət orqanlarının kəşfiyyat qrupuna bənzəyirlər”

Cəbhə zonasında atəşkəs mütəmadi olaraq pozulur. Son zamanlar isə daha çox iri çaplı pulemyotlar, minaatanlar işə düşüb. Təmas xəttində baş verən prosesləri izləmək üçün hazırda ATƏT-in Minsk qrupunun müvafiq missiyası tərəfindən monitorinqlər aparır. Lakin cərəyan edən proseslər onu deməyə əsas verir ki, aparılan bu monitorinqlərin nəticələrinə baxmayaraq, cəbhədə atəşkəsin pozulması hallarına həmin qurumun özü tərəfindən belə lazımı reaksiya verilmir. Daha doğrusu, Ermənistan tərəfindən atəşkəs pozulsa da, diversiya hərəkətlərinə cəhdlər olsa da, İrəvana lazımi təzyiqlər göstərilmir. Belə olan halda görəsən, sözügedən monitorinq formatının dəyişdirilməsinə ehtiyac varmı?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bu formatın dəyişdirilməsini təsəvvür edə bilmədiyini söylədi: "Monitorinq qurulmuş mexanizmin həyata keçirilməsinin bir vasitəsidir. Minsk qrupunun fəaliyyətinin necə nəticəsi yoxdursa, o monitorinqin də mahiyyəti eynidir. Monitorinq aparıb oradakı prosesləri gördülər, qeyd etdilər, bunun vəziyyətin normallaşma mənasında dəyişməsinə bir təsiri varmı? Yoxdur. Məndə belə bir təəssürat yaranıb ki, Minsk qrupunun monitorinq aparan xüsusi nümayəndələri də bir məmurdur, maaş alır, gəlirlər, hər cür şəraitdə təmin olunmuş vəziyyətdə avtomobillərə oturub gedib işlərini görür, qeydlərini aparır, hesabatlarını verirlər. Burada ciddi mənada nəyəsə təsir etmək məsələsindən danışmağa yer qalmır. Monitorinq formatını dəyişmək, başqa nəsə fikirləşmək o demək olur ki, onlar heç olmasın. Ayrı nə təklif etmək olar ki? Bu, mexanizmin tərkib hissəsi, onun həyata keçirilməsinin elementidir. Mexanizm necədirsə, element də o cürdür. İkincisi, istənilən monitorinq nəticəsində mövcud vəziyyətin getdikcə gərginləşməsinə aparan faktları təhlil etmək lazımdır və onun əsasında monitorinq aparan qurum tövsiyələrini verməlidir. Vəziyyətin gərginləşməsinə səbəb isə əlbəttə ki, Azərbaycan ərazisində ermənilərin təmas xətti yaratmalarıdır. İstənilən dövlət Azərbaycanın yerində olsa, ərazisində olan işğalçıya münasibətdə oturub onları müşahidə etməyəcək. Onlar işğalçının rədd olunub qovulması əhvalında olmalıdırlar. Heç bir dövlət öz ərazisində işğalçının olmasını qəbul edə bilməz. Erməni işğalçısı isə torpağımızdan çıxıb getmir. Ona görə də ermənilərə gücümüzü göstərməliyik. Onlar bilməlidir, başa düşməlidir ki, Azərbaycanın hərbi gücü də real olaraq gündən-günə artır və bu güc bir gün tam mənasında işə düşəcək. Son zamanlar Azərbaycan Ordusunun güclənməsi barədə ölkəmizdə, regionda, dünyada səslənən informasiyalar erməniləri müəyyən qədər təşvişə salır. Ermənistandakı siyasi müxalifət də bunu anlayır. Bəzən onlar da münaqişənin nizamlanması üçün təkliflər də verirlər. Amma Ermənistan hakimiyyətində oturanların bir ümid yeri var, gözləri həmişə şimaldadır. Bu nə qədər belə davam etməlidir ki? Ona görə monitorinq keçirənlər prosesləri müşahidə etməklə bərabər, vəziyyət gərginləşərsə, onun hara aparacağı barədə tövsiyə də verməlidirlər. Monitorinqin formatının dəyişdirilməsini təsəvvür edə bilmirəm".

Millət vəkili Elman Məmmədov isə ümumiyyətlə, təmas xəttində monitorinq aparanların fəaliyyətinə ehtiyac olmadığını bildirdi: "Təmas xəttində aparılan monitorinqlərlə bağlı ATƏT-in burada fəaliyyətdə olan nümayəndəsi Anjey Kasprişiklə bir dəfə Dağlıq Qarabağın Azərbaycan icması görüş keçirib. Həmin görüşdə ATƏT-in həmsədrləri də iştirak edirdi. Həmin zaman Minsk qrupunun xüsusi nümayəndəliyinin monitorinq keçirməklə bağlı sualı Kasprişikə ünvanlamışdım. Ona sual etdim ki, keçirdikləri bu monitorinqlərin məqsədi nədir? Keçirilən monitorinqlərlə bağlı hesabat hazırlayıb verirsinizsə, ancaq bu hesabatın heç bir nəticəsi olmursa, yəni, atəşkəsi pozan tərəfə qarşı heç bir sanksiya tətbiq edə bilmirlərsə, belədə monitorinqin heç bir xeyri olmursa, bunu nə üçün aparırsınız? Bu suallarımı Kasprişik dolayı yolla müəyyən cavab şəklində, sözlər yığımı formasında cavablandırdı ki, ona da cavab demək olmazdı. Sadəcə olaraq, o, vəziyyətdən çıxmaq üçün söz yığınından istifadə etdi. Belə olanda ona bildirdim ki, sizi qınamıram. Sizin buradakı işiniz ancaq fəaliyyət göstərib, ATƏT-i təmsil edib, maaş almaqdan ibarətdir. Yəni, monitorinqin, xüsusən də Azərbaycan ərazilərini işğal edən, atəşkəs rejimini müntəzəm olaraq pozan Ermənistana heç bir təsiri yoxdur. Deməli, onlarda təsir mexanizmi də yoxdur. Minsk qrupunun apardığı monitorinqlərin bir məqsədi var. Onlar bununla ancaq rəhbərliyə fəaliyyət göstərdikləri barədə hesabat verir və vəziyyəti öyrənərək, lazımı kəşfiyyat məlumatlarını çatdırırlar. Yəni, onlar monitorinq aparan tərəfdən daha çox, Avropanın müəyyən xüsusi xidmət orqanlarının kəşfiyyat qrupuna bənzəyirlər. Cəbhə bölgəsinə heç bir maneə olmadan mütəmadi olaraq gedib-gəlir, izləyir, müşahidə aparır, hesabat hazırlayıb kəşfiyyat xarakterli materiallar toplayırlar. Belə monitorinqin Azərbaycana heç bir xeyri yoxdur. Onlar heç bir şey etmir və etmək fikrində də deyillər. Monitorinqin formatını dəyişib də heç nə etməyəcəklər. Ən yaxşı format ondan ibarətdir ki, monitorinq aparan bu qurumlar təmas xəttinə buraxılmasınlar. Çünki, onlar ATƏT nümayəndəsindən daha çox, xüsusi xidmət orqanlarının işçiləri qismində ora gedirlər. Belədə onların fəaliyyətinə ehtiyac yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs