Əlaqə Arxiv
news Image
2012.08.25
08:10
| A A A
İranın Azərbaycana münasibətində terror amili güclənir
Qabil Hüseynli: "İranın ölkəmizə yönəlik terror təhdidlərini zərərsizləşdirmək üçün Azərbaycan BMT-yə və beynəlxalq məhkəməyə müraciət edə bilər" Hikmət Hacızadə: "İranın terror cəhdlərinin qarşısını yerindəcə aradan qaldırmaq üçün Azərbaycanın təhlükəsizlik orqanlarının Qərbin bu tip qurumları ilə daha sıx əməkdaşlığı vacibdir"

Məlumat verildiyi kimi Böyük Britaniyanın tanınmış "The Teleqrarh" qəzeti İngiltərə kəşfiyyatına istinadən sensasiyalı məqalə dərc edib. Məqalədə İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun ingiliscə "Quds Force" adlanan xüsusi bölməsinə "Eurovision-2012" mahnı müsabiqəsi günlərində Azərbaycanda terror aktları törətmək barədə şəxsən göstəriş verdiyi bildirilib. Məqalədə qeyd olunub ki, terror aktlarının məqsədi Qərbi və onun tərəfdarlarını vahiməyə salmaq olub.

O da xəbər verilir ki, terrorçular Bakıdakı İsrail diplomatlarını partlatmağı da planlaşdırıblar və bu məqsədlə üç partlayış hazırlayıblar. Qeyd edək ki, İran kəşfiyyatının Bakıda "Eurovision" müsabiqəsi günlərində terror aktları planlaşdırdığı barədə yerli mətbuatda dəfələrlə yazıb. Bundan başqa Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi xidmət orqanları ilə əlaqədə olan bir neçə nəfərin zərərsizləşdirilməsi barədə açıqlamalar yaymışdı. Belə ki, bir neçə ay əvvəl Bakı və Gəncə şəhərində terror aksiyasına cəhddə ittiham edilən bir neçə qrup zərərsizləşdirildi. Həmçinin Bakıdakı İsrail diplomatlarına qarşı qəsd təşkil etməyin üstü də açıldı. Bütün bunlar Britaniya kəşfiyyatının versiyalarının əsassız olmadığını göstərir. Ümumiyyətlə qeyd edək ki, son dövrlər Bakı ilə Tehran arasında münasibətlər ikincinin ölkəmizin daxili işlərinə müdaxilə etməsi səbəbindən kəskin istiqamət alıb. Tehran hər vəchlə çalışır ki, Azərbaycanı öz təsir dairəsinə salsın. Buna nail olmadıqda isə ölkəmizə qarşı təxribat və terror əməllərinə əl atır. İranın bir sıra hallarda dünyanın müxtəlif yerlərində terror təşkilatlarını dəstəklədiyini nəzərə aldıqda da Britaniya kəşfiyyatının sözügedən açıqlamasının real olduğu üzə çıxır. Ölkəmizdə də son illərin təcrübəsi göstərir ki, İran rejimi müxtəlif radikal qruplara dəstək verib və verməkdə davam edir. Görəsən, Azərbaycan İran tərəfindən həyata keçirilən terror əməllərinin kökünü beynəlxalq səviyyədə kəsmək üçün nə etməlidir?

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan sözügedən məsələ ilə bağlı olaraq BMT-yə və beynəlxalq məhkəmələrə müraciət edə bilər: "İran aydındır ki, terroru dəstəkləyən dövlətlər siyahısına daxildir. Onun hərəkətləri göstərir ki, bir çox hallarda terror əməllərini dəstəkləyib. Hətta İranın "Həmas", "Hizbullah" kimi terrorçu təşkilatları maliyyələşdirdiyi barədə də məlumatlar yayılır. Son hadisələr göstərir ki, İranın terrora meylli olmasından Azərbaycan da əziyyət çəkir. Azərbaycan öz ərazisində İran tərəfindən törədilən bütün terror hadisələri və ya terrora cəhdlərin hamısını siyahılaşdırıb məsələni Birləşmiş Millətlər Təşkilatında qaldırmalıdır. Hazırda Azərbaycan BMT-nin qeyri-daimi üzvü olduğundan həmin məsələnin qaldırılması imkanları daha genişdir. Ölkəmiz İranın bizə yönəlik bu təhdidləri və terrorla hədələmələrinin qarşısını almaq üçün heç nədən çəkinməməli və məsələni yuxarıda da qeyd etdiyimiz kimi beynəlxalq səviyyədə, BMT tribunasında qaldırmalıdır. Amma nədənsə Azərbaycan hələlik bu addıma getmir. İran xüsusi xidmət orqanları iki dəfə İsrailin ölkəmizdəki səfirliyini və İsrail Yəhudi Dini Məktəbini partlatmaq cəhdində bulunublar. Molla rejimi "Eurovision-2012" mahnı müsabiqəsi günlərində tədbiri pozmaq istiqamətində də addımlar atıblar. Həmin dövrdə də onlar terror aktları təşkil etməyə cəhd ediblər. Azərbaycan bütün bu faktları toplayaraq İranın ölkəmizə qarşı terror siyasəti həyata keçirdiyini sübut etmək üçün beynəlxalq məhkəməyə də müraciət edə bilər. Onsuz da hazırda İran rejiminin imici korlanıb. Artıq o, Qərbin geniş sanksiyası ilə üz-üzədir. Belə bir ərəfədə Tehranın ölkəmizə yönəlik terror cəhdlərini dünya səviyyəsində zərərsizləşdirmək üçün Azərbaycanın beynəlxalq strukturlara müraciət etməsi İranın daha bir siyasi damğa almasına gətirib çıxaracaq".

Digər politoloq Hikmət Hacızadə də sözügedən məsələdə həmkarı ilə təxminən eyni fikirdədir. O da bildirdi ki, molla rejiminin ölkəmizə qarşı terror əməllərinin qarşısını beynəlxalq müstəvidə almağın yollarından biri Haaqa beynəlxalq məhkəməsinə müraciət etməkdən ibarətdir: "Onsuz da İran özünün terrora meylli hərəkətlərilə dünya birliyi, xüsusən də Qərb qarşısında gözdən düşüb. Belə bir halda Azərbaycanın da Tehranın ona yönəlik hərəkətlərinə son qoyulması üçün baş vermiş hadisələrlə bağlı beynəlxalq məhkəməyə müraciət etməsi yerinə düşər". Digər tərəfdən ekspert qeyd etdi ki, İranın terror cəhdlərinin qarşısını yerindəcə aradan qaldırmaq üçün Azərbaycanın təhlükəsizlik orqanlarının Qərbin bu tip qurumları ilə daha sıx əməkdaşlıq etməsi də vacibdir.
Sizin Reklam Yeriniz