news Image
2012.08.25
07:13
| A A A
Siqaret aludəçiliyi daha böyük bəlaya çevrilir
Musa Quliyev: “Qutular elə şəkildə hazırlanmalıdır ki, o, alıcıların, siqaret çəkənlərin diqqətini çox cəlb etməsin” Əbülfəz Süleymanlı: “Bunların hamısını ortadan qaldırmaq üçün həm maarifləndirici, həm cəzalandırıcı, həm də qadağanedici tədbirlərin üçü birgə aparılmalıdır”

Oqtay Haqverdiyev: "Tütün məmulatlarına qoyulan aksiz vergisinin qiymətlərini qaldırmaq lazımdır"


Təbii ki, sivil dünyanın sivil də problemləri olacaq. Bu gün bəşəriyyətin, daha doğrusu, insan məxluqunun özünün-özünə yaratdığı bəlalardan biri də siqaret aludəçiliyidir. Artıq qloballığı ilə seçilən bu bəla cinslər arasındakı sərhəddi də aşıb. Qabaqlar yalnız əli siqaretli kişi görmək olurdusa, bu gün əks cinsin nümayəndəsi üçün də bu normal hal olaraq qəbul edilməkdədir. Aludəçilik sırf psixoloji aspektdən yarandığından onunla ən təsirli mübarizə forması da psixolji üsul hesab edilir. Siqaretlə mübarizə dünya ölkələrinin hər birində fərqli yollarla aparılır.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü millət vəkili Musa Quliyev isə ölkəmizdə siqaretlə mübarizənin yeni üsulundan danışır. Millət vəkili bildirir ki, "Tütün istehlakının məhdudlaşdırılması" ilə bağlı qanun layihəsi hazırlanıb: "Həmin layihədə tütün qutularının forması göstərilib. Qutular elə şəkildə hazırlanmalıdır ki, o, alıcıların, siqaret çəkənlərin diqqətini çox cəlb etməsin. Onların üzərində reklamlı etiketlər olmasın. Burada biz Avropa modelini götürmüşük. Avropa modeli elədir ki, siqaret qabları bir rəngdə olur. Adətən də bu rənglər çox azlıq təşkil edir. Həm də qutunun üzərində heç bir şəkil, reklam, cəlbedici bir simvol olmur. Sadəcə olaraq siqaretin adı yazılır. Çox kiçik hərflərlə də onu buraxan zavodun, yaxud da firmanın koordinantları yazılır. Təxminən siqaretin adı həcmində hərflərlə də onun insan orqanizminə zərərli olması barəsində bir xəbərdarlıq yazılır. Amma o xəbərdarlıq forması hələ bizdə müəyyənləşməyib. Məsələn, Türkiyədə siqaret qutularının üzərinə "çəkmə, öldürər" yazılır. Bizdə isə sovet vaxtından qalan "səhiyyə nazirliyi xəbərdarlıq edir ki, siqaret sağlamlığınıza ziyandır" şablonu var. Bizdəki bu təbliğat çox yüngül, Türkiyədəki "çəkmə, öldürər" isə çox ağırdır. Burada da ortaq bir variant tapmaq lazımdır. Yəqin ki, bu da qanunun qəbulundan sonra həyata keçiriləcək. Qanun da qəbulunda əsas məqsəd siqaretə cəlbediciliyi azaltmaqdır. Siqaretin rəngi bir rəngdə, yazılar eyni ölçüdə olduqda bu daha təsirli olur və o qədər də cəlbedici olmur".

"Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlı da millət vəkilinin təklif etdiyi üsulu təqdirəlayiq hesab edir: "Bu üsul yəqin ki, xarici praktikada mütləq nəticə verib. Burada psixoloji məqam əsas önəm daşıyır. Bununla paralel ən vacib üsullardan biri maarifçiliyin gücləndirilməsidir. Fikir verdikdə görürük ki, indiki dövrdə siqaretə başlamaq yaşı keçmiş illərə nisbətən aşağı düşüb. Əgər əvvəllər yeniyetmələr gizlin bir yerdə siqaret çəkirdilərsə, indi həmin yeniyetmələri əli siqaretli küçənin ortasında görmək mümkündür. Bu da o təəssürat yaradır ki, böyüklərin yanında gənclərdə siqaretin çəkilməsinin ayıb olması hissələri silinib. Burada valideynlərin də rolu böyükdür. Ona görə də valideyn nəzarətini gücləndirmək lazımdır. Orta məktəblərdə müəllimlərin nəzarəti gücləndirilməlidir. İndi hətta məktəblərdə qızlar arasında da siqaret çəkmə halları çoxalıb. Bunlarla paralel ictimai qınaq da artırılmalıdır. Yaşlı insanların gənclərə qarşı bir az daha mənfi mövqedən çıxış etmələri lazımdır. Ondan siqaret istəyən gəncə olmadığını söyləyən zaman, həmçinin siqaretin zərərli olduğunu da anlatmalıdır. Qadağaları artırmaq lazımdır. Yeniyetmələrə siqaret satan dükanlara nəzarət, onların üzərində qadağalar gücləndirilməlidir. İndi heç kəsə sirr deyil ki, "16 yaşından aşağı siqaret çəkmək qadağandır" fikri, sadəcə, sözdədir. Buna əməl edilmir. Burada həmin dükanlara qarşı cərimələr yüksək olmalıdır. Lazım gələrsə, İnzibati Xətalar Məcəlləsində müəyyən dəyişikliklər edib, həmin dükanlara qarşı daha sərt addımlar atmaq olar. Əgər bir obyekt cəzalandırılsa və bu da media vasitəsi ilə təbliğ olunsa, bunun özü də müəyyən dərəcədə çəkindirici amilə çevrilə bilər. Bu da mübarizənin metodlarından biridir. Artıq bir çox ölkələrdə tətbiq olunan ictimai, qapalı yerlərdə siqaretin qadağan edilməsidir. Bu məsələ bizdə də zaman - zaman dilə gətirilir, amma nədənsə, tətbiq mexanizmi gecikdirilir. Bizdə artıq bunu da tətbiq etməyin vaxtı yetişib".

Sosioloq burada həmçinin məktəb-valideyn-cəmiyyət üçbucağının üzərinə çox iş düşdüyünü bildirir: "Çünki, siqaret çəkmə yaşı müəyyəndir. Birinci şirnikləndirilir, sonra bunu bir kişilik etalonuna çevirirlər, müəyyən həddən sonra da bu dəb halına gətirilir. Bunların hamısını ortadan qaldırmaq üçün həm maarifləndirici, həm cəzalandırıcı, həm də qadağanedici tədbirlərin üçü birgə aparılmalıdır. Əgər bir müəllim şagirddən, şagird də müəllimdən siqaret ala bilirsə, bu, artıq problemin böyüklüyündən xəbər verir".

Siqaretlə mübarizənin həm hüquqi, həm də psixoloji tərəfindən başqa onun iqtisadi kompanentlərinə də toxunulması zaman-zaman irəli sürülüb. Belə ki, aludəçiliyin qarşısının alınmasında yardımçı metodlardan biri də siqaretə qoyulan aksiz vergisinin artırılması məsələsidir. İqtisadçıların sözlərinə görə, belə metod həm aludəçiliyə maneçilik yaradar, həm də büdcəyə xidmət edər. Amma iqtisadçı-ekspert Oqtay Haqverdiyev aksizi iqtisadi kateqoriyadan çox, siyasi kateqoriya hesab edir: "Bu, daha çox siyasi kateqoriyadır. Hər bir hökumət bu aksizlərlə istehlak bazarını tənzimləyir və bununla da büdcəni doldurur. Aksiz markası spirtli içkilər, tütün məmulatlarının qarşısını almaq üçün tətbiq edilir. Amma əslində əsas məqsəd büdcəni doldurmaqdı. Ona görə də hesab edirəm ki, tütün məmulatlarına qoyulan aksiz vergisinin qiymətlərini qaldırmaq lazımdır. Bu, həm əhalidə siqaretə aludəçiliyin qarşısını alar, həm də büdcəyə faydası olar".