news Image
2012.08.27
14:11
| A A A
Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib
Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) növbədənkənar seçki konfransı keçirilib. TəşkilatdanAPA-ya verilən məlumata görə, konfransa Ukrayna Azərbaycanlıları Konqresinin 18 vilayət təşkilatından UAK-ın nizamnaməsinə uyqun olaraq 80-ə yaxın mandatlı nümayəndə iştirak edib.
Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra UAK-a yeni sədr seçilib. Çıxış edən 18 regional təşkilatın nümayəndələri sədr vəzifəsinə Qüdrət Hacıyevin və Rövşən Tağıyevin namizədliyini irəli sürüblər. Q. Hacıyev öz namizədliyini R. Tağıyevin xeyrinə geri götürüb. Açıq səsvermədə Rövşən Surxay oğlu Tağıyev yekdilliklə Ukrayna Azərbaycanlıları Konqresinin yeni sədri seçilib.
R. Tağıyev 1969-cu ildə Bakı şəhərində anadan olub. İki ali məktəb bitirib. 1991-1997-ci illərdə Ukrayna Milli Azlıqlar Assosiasiyasında Türkdilli Xalqlar Cəmiyyətinə rəhbərlik edib. 1997-2002-ci illərdə Azərbaycanın Ukraynadakı səfirliyinin 3-cü və 2-ci katibi vəzifələrində çalışıb. 2002-ci ildən biznes fəaliyyəti ilə məşğuldur. Ailəlidir, iki övladı var.