Əlaqə Arxiv
news Image
2012.08.28
07:58
| A A A
Rusiyaya qarşı yeni Qarabağ gedişi
Musa Qasımlı: “Türkiyə tərəfinin belə bir təşəbbüs etməsi müsbət haldır” Vəfa Quluzadə: “Ümumiyyətlə, bu danışıqların haradasa keçirilməsinin heç bir önəmi yoxdur”

Elman Nəsirli: "Əslində, Türkiyənin bu istəyi müəyyən dayaqlara söykənib"

Artıq xeyli müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilər arasında əsas təşəbbüsün Rusiyanın əlində olduğu aydın sezilir. Misk qrupunun digər həmsədr ölkələri bir növ münaqişənin həllində arxa planda görünürlər. Amma həm Rusiyanın vasitəçiliyi, həm də ümumilikdə Minsk qrupunun bu işdə fəaliyyətlərini bizim üçün uğurlu hesab etmək olmaz.

Bu fonda isə Türkiyənin Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirmək və əsas təşəbbüskarlardan birinə çevrilmək istəyi də özünü büruzə verməyə başlayır. Lakin hələ ki, Türkiyə həmsədr olaraq fəaliyyət göstərməsə də, xarici işlər naziri Əhməd Davudoğlu danışıqların İstanbulda aparılmasını təklif edib. Türk xarici işlər nazirinin bu təşəbbüsünü siyasi ekspertlər təqdirəlayiq hesab edirlər.

Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirir ki, ümumiyyətlə, danışıqların hər hansı bir yerdə keçirilməsinin müəyyən anlamı var: "Əgər hansısa ölkə müəyyən görüşü təşkil edirsə, heç şübhəsiz ki, o, orada ev sahibi rolunu oynayır. Müəyyən psixoloji üstünlüyə sahib olur. Bizim üçün isə əsas məsələ münaqişənin həll edilməsidir. Türkiyə tərəfinin belə bir təşəbbüs etməsi müsbət haldır. Hələ buna qədər də belə təşəbbüslər olub. Bir zamanlar Türkiyənin sabiq xarici işlər naziri İsmayıl Cem Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birlikdə Nyu Yorkda görüşmüşdülər. Bu, "çay diplomatiyası" adlanmışdı. Lakin bu təşəbbüslərin heç bir nəticəsi olmadı. Çünki, Ermənistan Türkiyəyə xoş münasibət bəsləmir. Hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakının əleyhinədir. Bir zamanlar Ermənistan ATƏT-in Minsk qrupunda Türkiyənin iştirak etməsinin qəti şəkildə əleyhinə çıxırdı. Ermənistanın Türkiyədən uydurma soyqırımı tanıma, təzminat və torpaq tələbləri var".

Deputat əlavə etdi ki, Ermənistan Türkiyənin sərhədlərini tanımayan bir ölkədir: "Belə bir halda Türkiyənin bu vasitəçilik təşəbbüsünə Ermənistanın müsbət cavab verəcəyinə inanmıram. Digər tərəfdən də Ermənistan xarici siyasətində müstəqil deyil. Son 20 ilin təcrübəsi göstərir ki, Ermənistan müstəqil addım atan kimi müəyyən xarici qüvvələr Ermənistanın daxilində gərginlik yaradırlar. Levon Ter-Petrosyanın istefası, Ermənistan parlamentindəki terror aktları onu göstərir ki, Türkiyənin bu təşəbbüsü nə qədər xeyirxah olsa da, xoşməramlı niyyət güdsə də, Ermənistan heç vaxt onunla razışlamayacaq. Çünki Ermənistanın özü müstəqil bir dövlət deyil".

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, ümumiyyətlə, bu danışıqların haradasa keçirilməsinin heç bir önəmi yoxdur: "Türkiyənin bu işə münasibəti məlum və müsbətdir. Amma görək ki, Ermənilər buna razılıq verəcəkmi? Görək ermənilərin gedib, Türkiyədə görüşmələrinə rəsmi Moskva razılıq verəcəkmi? Əhməd Davudoğlunun təşəbbüsü təqdirəlayiqdir. Amma nə qədər real olmasını demək çətin məsələdir. Burada əsas problemləri Ermənistan yaradır. Ermənistan həmişə qeyri-konkstruktiv mövqe tutur. Rusiyanın bütün arzularını yerinə yetirən, qeyri-müstəqil, siyasi iradəsi olmayan Ermənistandır".

Politoloq Elman Nəsirli də hesab edir ki, Türkiyənin bu istəyi kifayət qədər maraqlı təşəbbüsdür: "Əslində, bu istək müəyyən dayaqlara söykənib. Bu təşəbbüs təsadüfən verilməyib. Çünki, əvvəla Türkiyə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun 11 üzvündən biridir. İkincisə də, bu, həm də ondan irəli gəlir ki, Türkiyə təkcə bu məsələdə deyil, regional bir sıra məsələlərin həllində ev sahibliyi edib. Braziliya ilə birlikdə İranın nüvə proqramları ilə bağlı məsələlərdə də məhz Türkiyə təşəbbüslə çıxış etmişdi. Bundan başqa Suriya ilə bağlı danışıqların İstanbulda keçirilməsi və s. Bu nöqteyi-nəzərdən Türkiyənin kifayət qədər həm təcrübəsi, həm potensialı var. Eyni zamanda Minsk qrupunun üzvüdür. Bu baxımdan əsaslı təklifidir. Ancaq başqa məsələ də var. Ermənistanın ənənəvi mövqeyi bəllidir. Ermənistan hər zaman hesab edir ki, Türkiyənin vasitəçiliyi heç zaman obyektiv olmayacaq. Guya Türkiyə ancaq Azərbaycan mövqeyini müdafiə edəcək. Məsələyə bu kontekstdən yanaşsaq, hesab edirəm ki, Türkiyənin bu təklifi çox cəlbedici və konkret nəticələrə söykənəcək bir təklif olsa da, Ermənistan tərəfi təklifi qəbul etməyəcək. Burada təkcə Ermənistan deyil. Həmsədr dövlətlərin özləri də münaqişənin həlli ilə bağlı indiyə kimi fəaliyyətləri heç bir fayda verməyib. Odur ki, Türkiyənin bu məsələyə qarışması və vasitəçilik etməsində, həmsədrlər müəyyən nəticələrin əldə olunmasında maraqlı ola bilməzlər. Ona görə də bu təklifin reallaşması xeyli müşküldür".

Elman Nəsirli 3 ildən artıq müddətdir ki, görüşlərin Rusiyanın təşəbbüsü ilə keçirildiyini qeyd etdi: "Rusiya tənzimləmə prosesində tam monopoliyanı ələ keçirib. Digər həmsədrlər sanki müşahidəçi statusundadırlar. Bu nöqteyi-nəzərindən artıq şəhərin dəyişməsi və konkret olaraq danışıqların İstanbulda keçirilməsi tənzimləmə prosesində Rusiyanın monopoliyasının zəiflədilməsi anlamına gətirib çıxarır. Amma Putin Rusiyasının buna necə yanaşması da sual altında qalan məsələdir".
Sizin Reklam Yeriniz