news Image
2012.08.29
10:42
| A A A
Azərbaycanın birləşməsi Klintonun gündəmində

Dövlət Departamenti Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi ideyasının dəstəklənməsi barədə məktub aldığını təsdiqləyib.

ABŞ Dövlət Departamenti konqresmen Dana Rorabaxerin dövlət katibi Hillari Klintona Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi ideyasının dəstəklənməsi barədə məktub göndərdiyini təsdiqləyib. Lent.az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland keçirdiyi brifinqdə söyləyib. 
Viktoriya Nuland deyib ki, Hillari Klinton Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ideyasının dəstəklənməsi barədə konqresmenin məktubuna cavab verib. Ancaq cavab məktubunun detalları açıqlanmayıb. 
Qeyd edək ki, Dana Rorabaxer məktubunda yazıb ki, İranda etnik azərbaycanlıların üstünlük təşkil etdiyi Şərqi və Qərbi Azərbaycan əyalətləri var, azərbaycanlıların vətəni bölünüb: "1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisi Rusiya və İran arasında bölünüb. ABŞ-ın Azərbaycan və İsraillə hərbi əməkdaşlıq etməsi yaxşı olar, çünki İran hər iki ölkənin düşmənidir".