news Image
2012.09.01
07:20
| A A A
Azərbaycandan İrana konkret mesaj
İranda saxlanan şairlərimiz azad olunmayacağı təqdirdə Bakı cənub qonşumuza qarşı yeni siyasət müəyyənləşdirə bilər

İranda qanunsuz olaraq saxlanan iki Azərbaycan şairinin həbsdə qalıb-qalmayacağına dair veriləcək qərarın Bakı-Tehran münasibətlərinə birbaşa təsir göstərəcəyi rəsmi səviyyədə cənub qonşumuzun diqqətinə çatdırıldı. Hər halda xarici işlər naziri Elmar Məmmədyarov Tehranda İranın neft naziri Rüstəm Qasəmi ilə görüşdə səsləndirdiyi fikirlər göstərir ki, əgər Tehran Bakı ilə qarşılıqlı münasibətlərinin xoş məcrada inkişafının davamını istəyirsə, onda, qanunsuz olaraq həbsdə saxladığı şairləri azad etməlidir.

Əks halda cənub qonşumuz Azərbaycanın anti-İran koalisiyasında yer almasından qətiyyən təəccüblənməməlidir. Onsuz da İranın Azərbaycanda törətmək istədiyi terror aktları, Ermənistanla sıx işbirliyində olması və digər bu qəbildən olan addımlar ölkəmizdə cənub qonşumuz haqda heç də müsbət fikir formalaşdırmır. Belə bir vəziyyətdə İran azərbaycanlı şairlərlə münasibətdə ehtiyatlı və ədalətli mövqe sərgiləməli olduğunun fərqinə varmalıdır. Hər halda Elmar Məmmədyarovun İranda səsləndirdiyi fikirlər də bunu açıq şəkildə göstərir.

Xarici işlər naziri bildirib ki, azərbaycanlı şairlərin hələ də həbsdə saxlanılması İranla münasibətlərə mənfi təsir göstərir. Elmar Məmmədyarov şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynovla bağlı məsələni İranın İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdə də qabardıb. Bildirib ki, şairlərin həbs olunması Azərbaycanda böyük narahatlıq yaradır və qarşılqlı münasibətlərə mənfi təsir göstərir. Elmar Məmmədyrov bu məsələnin tezliklə həll ediləcəyinə ümidvar olduğunu vurğulayıb. Xatırladaq ki, İranda saxlanılan iki Azərbaycan şairləri ilə bağlı qərar 15-20 günə veriləcək.

Beynəlxalq münasibətlər üzrə ekspert, İsrail politoloqu Arye Qut isə məsələnin daha maraqlı tərəflərinə diqqət çəkir. Onun sözlərinə görə, artıq üç aydır ki, Təbrizdə heç bir səbəb olmadan həbs olunan Azərbaycan şairləri hələ də azad edilməyiblər: "Hamı başa düşür ki, bu gənc Azərbaycan şairləri cəsusluq və ya narkotik alveri ilə məşğul olmurlar. Aydın məsələdir ki, istedadlı Azərbaycan gəncləri, şeir festivalında iştirak etmək üçün İrana getmələri bu ölkənin molla rejimini qorxudur, narahat edir.

Əvvəlcə bu gənc şairləri hansısa miqrasiya qanunlarını pozmaqda ittiham etdilər, indi isə onlara qarşı narkotik qaçaqmalçılığı və İsrailin xeyrinə cəsusluq ittihamı irəli sürülüb. Bu şairlərə qarşı irəli sürülən ittihamların nə dərəcədə təhlükəli olduğunu dərk etmək lazımdır. Ayətullah rejimi tam soyuqqanlılıqla onları ölüm hökmünə məhkum edə bilər. Burada İranın ayətullah rejiminin bilavasitə xidmətçiləri olan HƏMAS və "Hizbullah" kimi terror təşkilatlarının xətti olduqca dəqiq görünür.

HƏMAS tərəfindən tutulan və demək olar ki, 5 il qaranlıq zindan və zirzəmilərdə insan cəhənnəminin bütün dairələrindən keçən və İsrailin 1500 fələstinlinin müqabilində dəyişdiyi 19 yaşlı İsrail əsgəri Qilad Şalitin düşdüyü vəziyyəti xatırlamaq kifayətdir. Bu gün də İran riyakarcasına gənc Azərbaycan şairlərini tutmaqla ola bilsin ki, onları İslam partiyasının aparıcı funksionerləri (Azərbaycan ərazisində açıqcasına antiazərbaycan fəaliyyəti göstərən İran xüsusi xidmət orqanlarının faktiki cəsusları), həmçinin "Səhər" telekanalının narkotik saxlamağa görə məhkum edilən ştatdankənar müxbirinin dəyişməyə cəhd göstərir".

Ekspertin sözlərinə görə, tamamilə başa düşüləndir ki, İrana qarşı beynəlxalq təzyiq nə qədər güclü olarsa, Bakı ilə Tehran arasında münasibətlər bir o qədər pis olacaq: "Lakin ən dəhşətlisi odur ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə İran həbsxanasında yatacaqlar, Avropa Şurası standartlarından uzaq olan bu əsl dəhşətli zindanda. İran həbsxanasında xüsusi sivil və təmiz kostyumlarda yatmırlar və diplomat və ombudsmanlar məhbusların görüşünə gəlmirlər. Bu əzab və işgəncələrin olduğu, mühafizəçilərin təhqir etdiyi və residiaistlərin aşağı gözlə baxdığı cəhənnəmdir.

Bu gün bizim ürəyimiz həmin azərbaycanlı şairlər və onların ailələri ilədir. İran həbsxanasının zindanlarında olan Fərid Hüseyn və Şəhriyar Hacızadənin nələr çəkdiyini təsəvvür etmək olar.

Düşünürəm ki, dünyanın bütün hüquq müdafiə təşkilatları bir tərəfdən Ermənistanı ən yaxın dostu adlandıran (Azərbaycan torpaqlarının 20 faizini işğal edən bir ölkəni), digər tərəfdən isə İranda yaşayan 35 milyon azərbaycanlının (Öz dili və mədəniyyətini inkişaf etdirmək hüququ olmayan) insan haqlarını pozan, İranda şeir festivalında iştirak etmək üçün Təbrizə gələn müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının hüququnu pozan ayətullah rejiminə qarşı öz hiddətlərini ifadə etməlidirlər. İslam inqilabını bütün İslam dünyasına ixrac etmək arzusunda olan radikal və terrorçu rejimin siyasət və əxlaqı belədir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs