Əlaqə Arxiv
news Image
2012.09.08
08:15
| A A A
Qərb yeni Qarabağ müharibəsindən ehtiyatlanır
Proseslərin gedişi isə Azərbaycanın ərazi bütövlüyünün güc yolu ilə bərpa olunacağı ehtimalını daha da gücləndirir

Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanacağına dair Qərb düşərgəsində edilən xəbərdarlıqların sayı yenidən artmaqdadır. Bildirilir ki, yüksək olan yeni müharibə ehtimalı bölgədə vəziyyəti ciddi surətdə dəyişə və kənar qüvvələrin buraya müdaxiləsinə səbəb ola bilər. Bu kontekstdə dünyada məşhur telekanallardan biri sayılan CNN televeziyası Ermənistan və Azərbaycan arasında yenidən müharibənin başlamasının istisna olunmadığını bildirir.

Kanalda o da xüsusi olaraq vurğulanır ui, müharibə regiondakı nəhənglərin də bura müdaxiləsini istisna etmir.

Beynəlxalq Böhran Qrupunun Avropa proqramları koordinatoru Sabina Freyzer də Ermənistanla Azərbaycan arasında artan gərginliyin müharibəyə gətirib çıxarmasını istisna etmir: " Bəli, mən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanması təhlükəsi var. İki ölkə arasında gərginlik, düşmənçilik və qarşılıqlı etimadsızlıq daha da artıb. Onsuz da vəziyyət getdikcə daha çox narahatlıq doğurmaqda idi. Təkcə iyun ayında Azərbaycan və Ermənistan arasında atışmada azı 10 nəfər ölmüşdü. Hərbi büdcələrdə kəskin artım müşahidə edirdik. Azərbaycan keçən il öz hərbi xərclərini iki dəfə artırıb".

Ekspert xatırladır ki, Azərbaycan və Ermənistan arasında münaqişə 20 ildir mövcuddur: "Azərbaycan çalışır ki, Qarabağ problemini həll etsin və məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Azərbaycan buna bir həll yolu tapmalıdır. Onun ərazisinin bir hissəsi işğal altındadır. Məncə, ən yaxşı yol sülh danışıqlarıdır və "Baza prinsipləri" bunun üçün yaxşı zəmin ola bilər. Ermənistan Azərbaycanın hərbi büdcəsini artırdığını, gücləndiyini, yeni-yeni silahlar aldığını görür. Qarabağ münaqişəsi isə, təəssüf ki, göstərir ki, əgər sülh danışıqları yolu ilə gedilməsə, gərginlik aradan qalxmayacaq".

Dağlıq Qarabağda müharibə ehtimalını gücləndirən daha bir səbəb isə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azad edilməsi fonunda Ermənistanın separatçı Qarabac rejiminin müstəqilliyini tanıya biləcəyini və danışıqlar prosesindən çıxacağını istisna etməməsidir. Rusiyalı analitik Oleq Kuznetsov qeyd edir ki, əslində, Ermənistan Azərbaycan tərəfindən"vurulan iynə"nin ağrısını yumşaltmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək: "Ermənistanın ATƏT-in Minsk qrupunun üzvü olması və həmsədrlərlə görüşmək imkanı bunu etmək üçün real fürsətdir. Ermənistan tərəfinin bu imkandan istifadə etmək cəhdində qeyri-adi heç nə yoxdur. Əslində, rəsmi İrəvanın bu addımı atmaması məndə təəccüb doğurardı".

Türkiyə parlamentinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, politoloq Sinan Oğan Ermənisanda Dağlıq Qarabağ separtçı rejimin müstəqilliyinin tanınması və müharibə çağırışları ilə bağlı səslənən fikirləri şərh edərkən bildirib ki, Ramil Səfərovun beynəlxalq hüquq normalarına görə, Azərbaycana verilməsi və Azərbaycan prezidenti cənab İlham Əliyevin çox doğru bir qərarı ilə əfv etməsinə cavab olaraq, Ermənistan beynəlxalq arenada yeni böhranlar çıxarmağa çalışır və yerli ictimaiyyətə müxtəlif ismarışlar verirlər:

"Ermənistan bir yandan lazım olarsa Azərbaycanla müharibə aparacağını irəli sürür, digər yandan da işğal etdiyi Dağlıq Qarabağın tanınması yönündə bəzi addımların atılması istiqamətində hərəkətlilik görülməkdədir.

Son olaraq Ermənistan hakimiyyətinin iqtidar ortağı olan Miras partiyası tərəfindən məclisin gündəminə gətirilən bu qanun layihəsinin tanınma ehtimalının zəif olduğunu düşünürəm. Çünki, bu proses baş verərsə, onda bu vəziyyətdə Ermənistan Qarabağın işğalını öz tərəfindən həyata keçirildiyini açıq etiraf etmiş olacaq. Bildiyiniz kimi İrəvan hakimiyyəti Dağlıq Qarabağı özü tərəfindən işğal etmədiyini irəli sürməkdədir". Sinan Oğan "gün" portalına açıqlamasında onu da vurğulayıb ki, belə bir vəziyyətin yaranacağı təqdirdə, bu hal Azərbaycan dövlətinin beynəlxalq hüquq prinsipləri çərçivəsində öz torpaqlarını müharibə yoluya geri almasına şərait yaradacaq: "Ermənistan hakimiyyəti yaxşı bilir ki, Azərbaycan dövləti ilə nə hərbi, nə də iqtisadi olaraq imkanları ölçülə bilməz. Müharibə baş verərsə, Ermənistanın məğlub olması qaçılmazdır.

Eyni zamanda, Sarkisyan hakimiyyəti bu yöndə öz ictimaiyyətinə ismarış verməyə çalışmaqla blef etməkdədir. Ancaq İrəvan hakimiyyəti unutmasın ki, təhlükəli bir oyun oynamaqdadır. Bu blef ipi çəkilmiş bomba kimidir və bomba hər an ermənilərin öz əlində partlaya bilər".
Sizin Reklam Yeriniz