Əlaqə Arxiv
news Image
2012.09.12
08:35
| A A A
Müxalifətdaxili kompromat savaşları böyüyür
Aydın Mirzəzadə: “Bu, ilk növbədə, müxalifət cəbhəsində demokratiya ab-havasının olmaması ilə bağlıdır” Məmməd Əlizadə: “Arxasında ağsaqqalı olan gənc heç zaman konfliktə girməz”

Prezident seçkilərinə qədər olan zaman həlqəsi daraldıqca, radikal müxalifət daxilində kompromat savaş da genişlənməkdədir. Bir müddətdir ki, vahid namizəd iddiası ətrafında birləşmək istəyən müxalifət iddialarının əksinə olaraq parçalanmaqdadır. Kompromat savaşlar hələlik liderlərin ətrafında yer alan şəxslər səviyyəsində özünü qabarıq göstərir. Bunun daha da dərinləşməsi və liderlər səviyyəsində özünü qabarıq büruzə verməsi isə yaxın zamanın işi sayılır.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edir ki, prinsipcə müxalifətin daxilində gərginlik əvvəllər də mövcud olub: "Bu gərginlik həm üzdə olan ayrı-ayrı liderlər arasında, həm də ikinci, üçüncü dərəcəli simalar, hətta təşkilatın özünün arasında da çoxdan var. Bu, ilk növbədə, müxalifət cəbhəsində demokratiya ab-havasının olmaması ilə bağlıdır. Çünki müxalifət cəbhəsində gənclərin inkişafı üçün yer verilmir. Müxalifət cəbhəsi bu gün sivil qaydaların özündə tətbiq edilməsindən, cəmiyyətin problemlərinin həll edilməsi ab-havasından çox uzaqdadır. Yəni, bu cür xəbərlər artıq bizləri təəccübləndirməməlidir. Öz daxilində münasibətləri, demokratiyanı və hüquqların təmin edilməsini qoruya bilməyən qüvvə heç bir zaman nə cəmiyyətə rəhbərlik iddiası irəli sürə, nə də cəmiyyətdən güclü dəstək ala bilər".

Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadənin sözlərinə görə, müxalifət partyalarında hələlik ikinci-üçüncü simaların arasında özünü göstərən konfliktin yaranma səbələri var: "Arxasında ağsaqqalı olan gənc heç zaman konfliktə girməz. Onların ideya daşıyıcısı, yürütdükləri siyasətdə böyükləri yoxdur. Əgər ideya daşıyıcısı konflikt içərisindədirsə, kiçiklər arasında da konfliktlər olmağa başlayacaq. Ona görə də rəhbərlər nümunə olmağa çalışmalıdılar ki, gənclər arasında da müəyən gərginliklər yaranmasın".

Partiya sədri onu da əlavə etdi ki, kimya elmində doymuş məhlul anlayışı var: "Müəyyən müddətdən sonra həmin məhlul öz formasını dəyişmir və heç nə ilə reaksiyaya girmir. Bu gün siyasi fəaliyyətdə olan, milli azadlıq hərəkatından gələn, 20 ildən artıq partiya sədri olanlar var. Onların da əksəriyyəti nə partiyanın inkişafı istiqamətində önəmli işlər görə, nə də birlik çərçivəsində fəaliyyət göstərə bilməyəcəklər. Səbəb də bir-birilərini yaxından tanımaları, iddialı düşüncələrinin, hər kəsin kürsüyə sahib olmaq fəlsəfəsinin ortalığa qoyulmasıdır. Artıq bu partiyaların liderlərinin bir addım geri çəkilmələrinin zamanı gəlib. Liderlər öz funksiyalarını gənclərə təhvil verməli və onlar da partiyalarını irəliyə aparmağı bacarmalıdırlar. Amma bu baxımdan onların nə birləşmələri, nə də vahid namizəd ətrafında ortaq məxrəcə gəlmələri olduqca müşkül məsələ çevrilib. Hazırda Azərbaycanda sivil demokratik cəmiyyəti quruculuğunda müxalif düşüncəli insanların olması vacib şərtdir. Ölkəmizdə dövlətin manefələrinə söykənən ciddi müxalifət olmalıdır. Əks təqdirdə dövlət inkişaf edə bilməz. Xüsusən də Azərbaycan. Çünki bu gün Azərbaycanın böyük bir problemi - Dağlıq Qarabağ münaqişəsi var. Bu baxımdan müxalifətdə də dövlətçilik, milli maraqlar üstünlük təşkil etməlidir. Amma müxalifətin qərəzçilik mövqeyindən çıxış edənləri həmin ideyaları özünün qərəzli mövqelərinə yuvarlandırırlar. Bu isə ümumi işə ziyan vurur. Yəni, həm müxalifətçilik fəlsəfəsinə, həm də 20 ildən artıq müxalifət düşərgəsində sədaqətlə xidmət edən insanların keçdiyi yola. Bu baxımdan həmin siyasilər papaqlarını qabaqlarına qoyub düşünməyi bacarmalıdırlar. Nə etdim və nə edə bilərəm? Edə bilməyəcəksənsə, gənclərə imkan vermək lazımdır".
Sizin Reklam Yeriniz