news Image
2012.09.14
07:03
| A A A
ATƏT səfirlərinə Qarabağ müharibəsi mesajı
Cümşüd Nuriyev: “Azərbaycan artıq hərbi dil və hərbi gücə keçmək məcburiyyətində qalıb” Elşən Həsənov: “Azərbaycan hər an müharibə edərək torpaqlarını işğaldan azad edə bilər”

Qəbələdə səfərdə olarkən prezident İlham Əliyev ATƏT-ə üzv dövlətlərin səfirləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra maraqlı fikirlər səsləndirdi. Prezident ATƏT səfirlərilə təmasda Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının qətiyyətli mövqe tutduğunu və bu mövqedən geri çəkilməyəcəyini bir daha onların nəzərinə çatdırdı. O bildirdi ki, təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir: "Azərbaycan erməni təcavüzünün qurbanıdır.

Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir". Prezident qeyd edib ki, 2011-ci ilin iyununda Kazanda keçirilən son görüşdən sonra danışıqlar prosesi durğunluq mərhələsindədir: "ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər edir, lakin bizim hazırda müzakirələrimizin əsas mövzusu danışıqlar prosesinin mahiyyətinə deyil, gərginliyin, potensial təhlükənin azaldılmasına yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir ki, danışıqlar prosesinin dalana dirəndiyinin şahidiyik. Ötən illərdə danışıqlar prosesinin bir neçə mərhələsi, bir sıra təkliflər nəticəsiz olub. Praqa prosesindən başlayıb Madrid prinsipləri ilə tamamlanan, Azərbaycanın imtina etmədiyi sonuncu təkliflər paketi bəzi ermənilərin bunun əksini söyləməsinə baxmayaraq, deyərdim ki, həll üçün bəlkə də son təklif və son imkan idi. Ermənistan hazırda bu epizoddan bəhanə kimi istifadə edir. Onlar bacardıqları qədər "status-kvo"nu saxlamaq istəyirlər. Onlar həmişə məsələnin sülh yolu ilə həllini istədiklərini bildirirlər. Biz də problemin sülh yolu ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk qrupunda olmağımız aydın şəkildə göstərir ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə həldən başqa biz, eyni zamanda, torpaqlarımızın da azad olunmasını istəyirik". Prezidentin danışıqlar prosesinin dalana dirəndiyini də bildirməsi isə konfliktin çözümündə müharibə ehtimalını artırır. Münaqişənin həll olunmasına cavabdeh olan ATƏT-in Minsk Qrupu isə fəaliyyətə başladığı dövrdən bu günə kimi problemin çözülməsində əhəmiyyətli bir irəliləyişə imza atmayıb. Onlar sadəcə olaraq bölgəyə səfərlər edib görüşlərdə müəyyən təkliflər verməklə kifayətlənirlər. Təcavüzkar Ermənistan isə Minsk qrupunun belə fəaliyyətindən sui-istifadə edərək münaqişənin hazırkı vəziyyətdə qalmasına çalışır. Azərbaycanı isə torpaqları işğal altında olduğundan mövcud durum heç vaxt qane edə bilməz. Münaqişənin çözülməməsi və dalana dirənməsi əvvəl onsuz da əvvəl-axır Azərbaycanın səbr kasasını daşdıracaq. Bu halda isə Azərbaycan xalqı torpaqlarını azad etmək üçün digər variantlara əl atmalı olacaqdır.

Politoloq Cümşüd Nuriyev bildirdi ki, münaqişənin çözülmək əvəzinə dərin dalana dirənməsi istər-istəməz müharibə variantını daha da yaxınlaşdırır: "Dağlıq Qarabağ ətrafında gedən danışıqların nəticə verməməsi ölkəmizi torpaqlarımızın azad olması istiqamətində digər variantlara əl atmağa məcbur edir. Bizi məcburən buna sövq edirlər. Azərbaycana başqa çıxış yolu qoymurlar. Bunun da səbəbi ölkəmizə qarşı xristian həmrəyliyinin və ikili standartların hökm sürməsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bunu da hansı yolla olursa-olsun həyata keçirmək məcburiyyətindədir. Danışıqların dalana dirənməsi, Ermənistanın yola gəlməməsi səbəbindən Azərbaycan məcburdur ki, münaqişə ətrafındakı bütün məsələləri hərbi müstəviyə keçirsin. Özü də Azərbaycanın buna kifayət qədər imkanları var. Ölkəmiz maksimum 5-7 gün ərzində erməni separatçılarından Qarabağı təmizləmək gücündədir. Rusiya faktoru, dünyanın prosesə qarışması məsələləri isə boş şeydir. Çünki Azərbaycan beynəlxalq hüquq müstəvisində Qarabağ məsələsini artıq həll edib. Yəni dünyanın bütün təşkilatları bütünlüklə Ermənistanı işğalçı dövlət kimi tanıyıb və həmin əraziləri boşaltmaq barədə qərar verib. Bu qərarların icrasını yerinə yetirmək istəməyən dünya birliyi bir növ Azərbaycanı buna sövq edir və ölkəmizin də belədə digər variantlara əl atmaqdan əlavə başqa çıxış yolu qalmır. Azərbaycan artıq hərbi dil və hərbi gücə keçmək məcburiyyətində qalıb".

Politoloq Elşən Həsənovun fikrincə, Azərbaycan prezidentinin ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunması və Ermənistanın bu məsələdə qeyri-səmimi mövqe nümayiş etdirməsini söyləməsi bir daha onu deməyə əsas verir ki, rəsmi Bakı Qarabağ məsələsində heç bir güzəştə getməyəcək. Hətta lazım gələrsə müharibə variantına da əl atmalı olacağıq: "Prezident ATƏT-in Minsk qrupunun da fəaliyyətini tənqid edib. Bu həmin qrupa bir mesajdır. Deyərdim ki, prezident bu məsələdə də haqlıdır. Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsi üçün vasitəçilik missiyasını uğurla yerinə yetirmir və haqlı olaraq həm Azərbaycan, həm də bir sıra beynəlxalq təşkilatlar tərəfindən qınanılır. Azərbaycan prezidenti səfirlərlə görüşündə münaqişənin sülh yolu ilə həllinə daha çox üstünlük verildiyini, əks təqdirdə müharibənin də qaçılmaz olacağına işarə edib. Bu da o deməkdir ki, Azərbaycan hər an müharibə edərək torpaqlarını işğaldan azad edə bilər. Eyni zamanda prezidentin bu fikri işğalçı Ermənistan rəhbəri Sarkisyana da bir mesajdır ki, daxili auditoriyanı sakitləşdirməkdən ötrü Azərbaycanı hədələyən boş-boş bəyanatlar verməsin".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs