Əlaqə Arxiv
news Image
2012.09.18
15:08
| A A A
“Əbdürrəhman Vəzirov da Azərbaycana gələ bilər”
Partiya sədri onun vətənə qayıtmasına münasibət bildirib

Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra keçmiş prezident Ayaz Mütəllibov vətənə döndü. Eks-prezident indi Mərdəkanda yerləşən bağ evində dincəlir. Bəs görəsən, A.Mütəllibovun ötən əsrin 90-cı illərində həbs olunan silahdaşlarının taleyi necə olacaq?

Bu barədə Modern.az saytına açıqlama verən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, Ayaz Mütəllibovun ətrafında olanlardan heç biri həbs edilməyib. "Kimsə vaxtilə həbs edilibsə də, hamısı azad olunub", – deyə o bildirib.

Xatırladaq ki, hazırda Moskvada kifayət qədər keçmiş mütəllibovçu aqibətlərinin necə olacağı qayğısındadır.

90-cı illərdə Azərbaycanı tərk edən siyasi simalar arasında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirovun da adı unudulmamalıdır. Onun vətənə qayıtmasına münasibət bildirən A. Əlizadə sözügedən şəxsin Azərbaycanda demək olar ki, yaşamadığını bildirib. ASDP sədrinin sözlərinə görə, Ə. Vəzirov 70-ci illərdən Azərbaycanı tərk etmiş siyasi simalardandır.

"O, heç bir işi həll etmirdi. Qısa müddətdə Kommunist Partiyasının birinci katibi olub. Əgər Xalq Cəbhəsinin liderləri azadlıqdadırlarsa və Azərbaycanda sərbəst yaşayırlarsa, Əbdürrəhman Vəzirovun da Azərbaycanda yaşamaq hüququ var. O bədbəxt insandır. Heç vaxt nə birinci katib oldu, nə də Azərbaycan xalqının oğlu".

Qısa arayış: Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930) – sovet və Azərbaycan siyasi xadimi, diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi (1988-1990), SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsini tutub. Sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından bir qədər əvvəl vəzifəsini tərk edib. 20 yanvar hadisələri ilə bağlı Azərbaycanda açılmış cinayət işində ittiham olunan şəxslərdən biridir.

Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasiyalı açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini "qeyd edib". Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib edib və bunu özünə qarşı təxribat adlandırıb.

2007-ci ilə aid həmin müraciətdə Ə.Vəzirov İlham Əliyevi atasından da güclü, gənc, cəsarətli, özünəməxsus, qəti addımlara qabil siyasətçi adlandırıb.
"Azərbaycan xalqı öz prezidentini sevir və onun ətrafında sıx birləşib"-deyə o, bildirib.

Ə.Vəzirov "Mənim diplomatik fəaliyyətim" ("Моя дипслужба") adlı kitabın müəllifidir. Öz memuarında o, Hindistan, Nepal, Pakistandakı 12 illik işi ilə bağlı xatirələri yer alıb. "Tibet və Çin üzrə mütəxəssis" adlandırılan Ə.Vəzirov Pakistanın mərhum baş naziri Bənəzir Bhuttonun toyunda iştirak eləmiş yeganə səfir şöhrəti tapıb. O, Rusiyanın tanınmış simaları Qroqoroviç, Primakov, Paxmutova, habelə SSRİ-nin ilk kosmonavtı Y. Qaqarinlə dostluğu ilə tanınır.

Haqqında cinayət işinin mövcud olmasına baxmayaraq, 1992-ci ildə anasının ölümü ilə əlaqədar Ə.Vəzirov bir dəfə Azərbaycana gəlmək hüququ qazanıb. Bu, Ə. Elçibəyin prezidentlik dönəmində baş verib.

Ə.Vəzirovun Eldar adlı bir oğlu var. Onun həyat həyat yoldaşı İrina Konstantinovna milliyətcə rusdur.Əbdürrəhman Vəzirov 82 yaşındadır.
Ə.Vəzrovun ən sonuncu şəkliniModern.azsaytı bu ilin aprelində yayıb. O, bu il aprelin 29-da Moskvadakı Milllətlər evində "Şəhriyar" ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tədbirdə iştirak edib. Bu, uzun illərdir Moskvada yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun "Fatalnıy Fatali" kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimat mərasimi olub.
Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının, ictimai fəalların qatıldığı tədbirdə Əbdürrəhman Vəzirov da iştirakı bəziləri üçün gözlənilməz olub.
Tədbirdə yaxşı əhval-ruhiyyədə olan Vəzirov jurnalistə hər hansı açıqlama verməkdən imtina edib. Azərbaycanın keçmiş rəhbəri çox kəskin şəkildə bundan sonra kimsəyə müsahibə vermək fikrində olmadığını vurğulamışdı.
Əhvalı yerində olan Ə.Vəzirov yazıçı Çingiz Hüseynovun "Fatalnıy Fatali" kitabının təqdimatından sonra təşkil olunan furşetə qatılmış, qonaqlarla ünsiyyətdə olmuş, deyib-gülmüşdü.

Sizin Reklam Yeriniz