Əlaqə Arxiv
news Image
2012.09.19
20:37
| A A A
Azərbaycanda ölçü vahidləri dəyişdirilə bilər
Azərbaycanda yeni ölçü vahidləri istifadəyə daxil edilə bilər. Artıq bununla bağlı müvafiq sənəd hazırlanır və parlamentin payız sessiyasında müzakirəyə təqdim olunması gözlənilir. Bu barədə Lent.az-a Milli Məclisdəki mənbələrdən məlumat verilib.

Hökumətdə hesab edirlər ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə ixrac potensialı artdıqca yeni ölçü vahidlərinin müəyyənləşdirilməsinə ehtiyac yaranır. Xüsusilə də Avropa məkanına inteqrasiya prosesi buna zərurəti artırır.
Mənbənin məlumatına görə, hazırlanan sənəddə geyim, qida, sənaye istehsalı sahəsində yeni ölçü vahidlərinin tətbiqi nəzərdə tutulur. Məsələn, Azərbaycanda tətbiq olunan geyim və çəki ölçüləri vahidləri çox az arealda tanınır və tətbiq olunur. Bu ölçülər əsasında Avropa bazarına çıxarılmış məhsullar öz yerini tapa bilmir və bəzi ölkələr tərəfindən qəbul olunmur.
Azərbaycanda işlədilən metr, kilometr və s. kimi uzunluq ölçü vahidlərinin mil, yard, düym kimi beynəlxalq ölçü vahidləri ilə əvəzlənməsi də baxılacaq məsələlər arasında yer alır.
Parlamentlə birgə müzakirə olunan sənəddə başqa bir məqam isə bu proses çərçivəsində hazırda Azərbaycanda istehsalda tətbiq edilən keçmiş QOST standartlarından imtina olunmasıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də ölçü və standartların təkmilləşdirilməsi, beynəlxalq ölçü və standartlara keçidin gündəmdə olduğunu söyləyib. Komitə sədrinin sözlərinə görə, bütün bu məsələlər parlamentin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılan "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunda öz əksini tapır: "Bu çox vacib qanundur. Bütün dünya standartlara gedir. Texniki vasitələr, onların hazırlanması, geyimlər, informasiya texnologiyaları hansısa standartlara cavab verməlidir. Bu qanunda Azərbaycanda istifadə olunan ölçü vasitələrinin hansıların dəyişdirilməsi öz əksini tapacaq".
Komitə sədri hesab edir ki, adıçəkilən qanun layihəsi dövlət və özəl sektorda istehsal standartlarını dünya standartlarına çatdırılmasını nəzərdə tutur. Z. Səmədzadə onu da əlavə edib ki, yeni qanun qəbul olunandan sonra Azərbaycandakı QOST standartı aradan qalxacaq.

Sizin Reklam Yeriniz