news Image
2012.10.01
10:30
| A A A
Gürcüstanda parlament seçkiləri başlayıb
APA-nın "Novosti Qruziya"ya istinadən xəbərinə görə, yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri qapılarını seçicilərin üzünə açıb.

Seçkilər 73 seçki dairəsində və 3719 məntəqədə keçiriləcək. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, xaricdə səs verəcək seçicilər də nəzərə alınmaqla seçkilərdə 3 mln. 613 min 551 seçici iştirak edəcək. Ümumiyyətlə, Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsinin 44 şəhərində seçki məntəqələri fəaliyyət göstərir.

Yeni parlament əvvəlki kimi, proporsional və majoritar qaydada seçilmiş 150 deputatdan ibarət olacaq. Seçkilərdə iştirak etmək üçün iki blok və 14 partiya qeydiyyatdan keçib. 150 deputat yeri uğrunda 2805 namizəd mübarizə aparır. Partiyalar üçün seçki baryeri səsvermədə iştirak edən seçicilərin səslərinin 5%-i həddində müəyyənləşdirilib.

Seçkilərdə əsas mübarizənin hakim "Vahid Milli Hərəkat" və Bidzina İvanişvilinin "Gürcü arzusu" bloku arasında gedəcəyi gözlənilir. Seçkiləri rekord sayda – 60 min yerli və beynəlxalq müşahidəçi izləyəcək. Gürcüstan prezidenti Mixail Saakaşvilinin ikinci səlahiyyət müddətinin 2013-cü ildə bitəcəyini nəzərə alsaq, seçkilərə bu diqqətin səbəbi aydın olar. Üstəlik, yeni Konstitusiya normalarına əsasən, Gürcüstanda baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərinin azaldılması hesabına artırılacaq və gələn il yeni baş naziri bugünkü seçkidə qalib gələn partiya və ya seçki bloku təqdim edəcək.