Əlaqə Arxiv
news Image
2012.04.14
17:13
| A A A
Xəzərdə silahlanma yeni vüsət alır
Dənizdə ən böyük hərbi gücə malik Rusiya burada daha qorxunc oyunlara start vermək niyyətindədir

Xəzər dənizində həyati maraqlarının olduğunu hər zaman açıq etiraf edən Rusiya son dövrlər bu hövzədə Azərbaycan-Türkmənistan-Avropa İttifaqı üçlüyünün aktivləşən fəaliyyətindən ciddi narahatlıq keçirməkdədir. Şimal qonşumuzda belə hesab edilir ki, sözügedən üçlüyün fəallığı yekun nəticədə Rusiyanın ehtiyat etdiyi "Transxəzər" layihəsinin reallaşmasına rəvac verəcək.

Bu layihə isə Moskvanın Avropada enerji hegemonluğuna son qoya biləcək əsas amillərdən sayılır. Elə bu məqsədlə Rusiyanın qarşıya qoyduğu əsas hədəflərdən biri istənilən vəchlə "Transxəzər" layihəsinin reallaşmasının qarşısını almaqdır.

Bunun üçün Kremlin diqqət yetirdiyi başlıca məqamlardan biri dənizdə hərbi gücünü davamlı şəkildə artırmaqdır. Bu isə digər sahilyanı ölkələrin analoji addımlar atmasını şərtləndirir.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Xəzəryanı ölkələr son 4 ildə öz Hərbi Dəniz Qüvvələrini (HDQ) gücləndirməyə başlayıb. Son 5 ildə Rusiya, İran və Azərbaycan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsini modernləşdirib və döyüş sıralarına yeni gəmilər daxil edib, Qazaxıstan və Türkmənistan isə HDQ-nin yaradılmasına başlayıb, yeni gəmilər alıb və ya tikintisinə başlayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) açıqladığı hesabatda yer alan məlumatlara görə, 2008-ci ildən başlayaraq Qazaxıstan, Türkmənistan və Azərbaycan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı məhsullar alıb.

2015-ci ilədək Xəzərdə ən müasir avadanlıqlarla təchiz olunmuş HDQ yaratmağı hədəf olaraq qarşıya qoymuş Qazaxıstan 2008-ci ildə Rusiyaya 4 ədəd 20970 layihəli "Katran" tipli kiçik artilleriya-raket kateri sifariş verib. Bu katerlərdə qurulmaq üçün isə Almaniyanın MTU şirkətindən 8 ədəd (hər katerdə 2 mühərrik qurulacaq) MTU-4000 tipli dizel mühərriki satın alıb. Sifariş verilmiş 4 katerin 2012-ci il ərzində silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.

Qazaxıstan bu katerlərin silahlanmasında istifadə edilmək üçün yenə Rusiyadan 60 ədəd gəmi əleyhinə tətbiq olunan "Uran" raketi satın alıb. Bu raket 130 km məsafədən hədəflərə qarşı tətbiq oluna bilir. Kater "Pozitiv M-31.2" radiolokasiya stansiyası, MP-123-02 "Bagira" artilleriya qurğusuna malik olacaq.

Qazaxıstan həmçinin Rusiyaya 2009-cu ildə 3 ədəd 22180 layihəli "Tornado" tipli patrul kateri sifariş verib və katerlərin çatdırılması artıq başa çatıb. Qazaxıstan HDQ-də bu katerlər "Sərdar" adlanır. 2008-ci ildən ABŞ və Türkiyənin yardımı, eləcə də daxili imkanlar hesabına HDQ-ni və Sahil Mühafizəsini modernləşdirən Azərbaycan İsraildən açıqlanmayan sayda gəmi əleyhinə "Gabriel-5" qanadlı raketləri, dəniz və hava hədəflərinə qarşı hazırlanmış 1 ədəd "Barak-8" sistemi və 75 ədəd "Barak-8" raketi satın alıb. Türkmənistan isə "Azeridefence"in məlumatına görə, 2008-ci ildə Rusiyaya 2 ədəd 12418 layihəli "Tarantul" tipli raket kateri sifariş verib və bu katerlər 2010-2011-ci illərdə sifarişçiyə çatdırılıb. "Tarantul" kateri üçün Ukraynadan bu dövrdə 4 ədəd DR-76 və 4 ədəd DR-77 qaz trubini də əldə edilib. Aşqabad bu katerlərin silahlandırılması üçün Rusiyaya həmçinin 60 ədəd gəmi əleyhinə "Uran" raketi sifariş verib və bu raketlərin 30-u keçən il Türkmənistanda silahlanmaya daxil edilib.

Türkmənistan Türkiyənin "Dearsan" şirkəti ilə 2010-cu ildə 2 ədəd Yeni Tip Gözətçi Gəmisinin tikintisinə dair müqavilə bağlayıb. Hər birinin dəyəri 55 milyon avro olan iki gəmi hazırda Türkmənistanda inşa olunur və bu il HDQ-nin döyüş sıralarına daxil ediləcək. Bu gəmilər üçün ötən il Aşqabad İtaliyanın "Oto Melara" şirkətin 2 ədəd 40L70 "Compact" topu, Almaniyadan mühərrik satın alıb. İran da Xəzərə yeni hərbi gəmilər və döyüş texnikaları cəmləşdirməkdədir. Hazırda İran Xəzərdə 100-ə qədər müxtəlif tipli kiçik tutumlu hərbi gəmiyə malikdir. Bura Şimali Koreyada istehsal olunan 3 dizel sualtı qayığı da daxildir. Bu sualtı qayıqlar xüsusi təyinatlı dalğıcları daşıya bilir və 1200 mil məsafədə üzməyə qadirdir. Ancaq dənizdə əsas hərbi güc Rusiyaya məxsusdur. Özü də Moskva buradakı gücünü daha da artırmağı planlaşdırır. Bu, həm də Rusiyanın yeni prezidenti Vladimir Putinin yeni silahlanma strategiyasından irəli gəlir.

Rusiyanın strategiyasında əsas dəyişikliklər isə təzə "Borey" sualtı qayığı əldə etmək, RS-24 "Yars" raketlərini yerləşdirmək və yeni maye yanacaqlı qitələrararı ballistik bunker raketlərinin istehsalıdır. Yeni sualtı qayıqlardan Xəzərə gətirilə biləcəyi də istisna edilmir. Yuxarıda qeyd olunduğu kimi, Moskva Qərbin "Transxəzər" layihəsi ilə bağlı daha qəti hərəkət etməyə başlamasından sonra Xəzərə daha böyük miqdarda hərbi güc cəmləşdirilməsini artıq siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu fonda isə Rusiyanın Xəzərə "Bal-E" raket kompleksləri gətirdiyi məlum olub. Qeyd edək ki, sahildə quraşdırılan mobil "Bal-E" raket kompleksi Rusiya Silahlı Qüvvələrinin istifadəsinə 2008-ci ildən verilib. Bu zenit-raket kompleksi 120 kilometr məsafədə günün istənilən vaxtı və istənilən şəraitdə hədəfi vurmağa qadirdir. "Bal-E" raket kompleksi 10 dəqiqə ərzində döyüş hazırlığı vəziyyətinə gətirilir. Döyüş zamanı mobil formada 850 kilometr məsafəyə daşına biləcək yanacaq ehtiyatı ilə təmin olunan raket kompleksində 64 raket var. Bu raketlər düşmənin hərbi gəmi zərbə qrupunu, desant bölüyünü məhv etmək üçün nəzərdə tutulub. Raket kompleksi sahildən 10 kilometr kənarda saxlana bilər. İqor Qorbul bildirib ki, 2012-ci ildə Xəzər donanmasının raket bölməsi dənizdə şərti hədəfi məhv etmək üçün ən azı 4 raket buraxacaq.

Xatırladaq ki, Kreml həm də yaxın tezlikdə "Dağıstan" adlı yeni gözətçi gəmisini Xəzərdə hərbi növbətçiliyə cəlb edib. O, Xəzər dənizində istənilən donanmanı məhv etməyə qadir olan "Tatarıstan" gəmisi ilə tandem təşkil edir. "Dağıstan" adlı yeni gözətçi gəminin əsas silahı isə "Kalibr-HK" raket kompleksidir. Onun atış məsafəsi 300 km-ə çatır. Onun köməyi ilə təkcə gəmilər yox, ərazinin dərinliyində olan hədəflər də məhv edilə bilər. "Tatarıstan"da X-35U raketilə "Uran" kompleksi quraşdırılıb. Atəş məsafəsi 280 km-dir. Eekspertlər hesab edir ki, Moskvanın Xəzərdə hərbi gücünü belə sürətlə artırmasının arxasında Qərbin dənizdə yeni layihələr reallaşdırmaq niyyəti dayanır. Artıq Kreml hərbi güc nümayişi ilə də bu layihələrin reallaşmasının qarşısını almaq üçün şanslarını sınamağa çalışır. Ümumiyyətlə isə Rusiya yaxın 10 ildə Xəzər donanmasına 16 yeni hərbi gəmi daxil edəcək. Həmçinin Xəzər donanmasının tabeliyində Hərbi Hava Qüvvələri də olacaq. Rusiyanın Xəzər donanmasının sərəncamına İran sahillərini vurmaq imkanında olan raketlər də verilib. Hazırda Rusiyanın Xəzərdə 150-yə qədər gəmi və qayığı var. Bu, Xəzərdəki ən güclü donanmadır.


Səməd CƏFƏROV



Sizin Reklam Yeriniz