news Image
2012.10.05
17:44
| A A A
Rusiyanın Qəbələ RLS-lə bağlı yeni planı üzə çıxdı
Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsinin davam etdirilməsi prosesi ilə bağlı Rusiyanın bəzi təklifləri ilə razılaşmır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Rəsmi Bakının razılaşmadığı əsas təklif Rusiyanın obyektin statusunun dəyişdirilməsi və Qəbələ RLS-i hərbi bazaya çevirmək istəyidir. Belə olan təqdirdə obyekt analitik-informasiya mərkəzi statusunu itirmiş olacaq.
Qeyd edək ki, Azərbaycanın mövcud qanunvericiliyi ölkə ərazisində digər dövlətə məxsus hərbi bazanın yerləşməsini qadağan edir. Eyni zamanda ölkə ərazisində hansısa dövlətə məxsus hərbi bazanın yerləşməsi Azərbaycanın marağına uyğun deyil.
"Azərbaycan tərəfi Qəbələ RLS-in mövcud statusu saxlanılmaqla, eləcə də qiymətlər mövcud reallığa uyğunlaşdırılmaqla icarə müddətinin artırılmasını istəyir", - deyə məlumatda bildirilib.
Mənbə Rusiyanın imtina edəcəyi halda stansiyadan digər ölkələrin istifadə etmək niyyətində olmaları barədə yayılan məlumatları isə doğru saymayıb: "Rusiyanın bu stansiyadan yaxın dövrdə əl çəkəcəyi real görünmür. Hal-hazırda ruslar stansiyada mövcud sistemlərin və obyektlərin yenidən qurulmasını həyata keçirirlər. Qəbələ RLS Rusiyanın raketdən müdafiə sisteminin mərkəzində dayanır və əsas elementlərindən birini təşkil edir".
Məlumatda o da qeyd olunub ki, yaxın vaxtlarda tərəflər arasında Qəbələ RLS-in icarəsi ilə bağlı məsələlərin müzakirəsinə dair ekspertlər və yüksək səviyyəli heyətlər arasında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Qəbələ RLS 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilib. RLS-in imkanları Hind okeanı körfəzində ballistik raketlərin buraxılışını izləməyə şərait yaradır. Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinə dair 10 illik saziş 2002-ci ildə imzalanıb. Sazişin İndiyədək Rusiya RLS-in icarəsinə görə ildə 7 mln. dollar ödəyib. Azərbaycan RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.