Əlaqə Arxiv
news Image
2015.10.01
10:45
| A A A
Erməni təxribatına laqeydlik müharibəni qaçılmaz edir
Elman Məmmədov: “Beynəlxalq vasitəçilərin cəbhədəki gərginliyə laqeyd yanaşması onların tabelikdə olduqları mərkəzlərin tapşırığını icra etməsinin nəticəsidir” Adil Abbas: “Beynəlxalq vasitəçilərin həmin gərginliyə göz yumması sonda savaşa gətirib çıxaracaq”

Ermənistan-Azərbaycan təmas xəttində gərgin durum davam edir. Erməni tərəfinin burada törətdiyi təxribatlar, dinc sakinləri hədəfə alması isə münaqişənin həllinə vasitəçilik edənlərərin gözü qarşısında baş verir. Lakin buna baxmayaraq, vasitəçilik missiyasımı üzərinə götürən həmin qüvvələr cəbhədə gərginliyin artmasına lazımı reaksiya vermirlər.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, beynəlxalq vasitəçilərin cəbhədəki gərginliyə laqeyd yanaşması onların tabelikdə olduqları mərkəzlərin tapşırığını icra etməsinin nəticəsidir: "10 il bundan əvvəl beynəlxalq müşahidəçilər, ATƏT-in Minsk qrupu həmsədrləri haqqında demişdim ki, onlar əslində, beynəlxalq turizm şirkətinin nümayəndələridir. Hərəkətləri buna bənzəyir. Dünyanın bütün görməli, gəzməli yerlərini gəzib guya iş görürlər. Ən yüksək səviyyədə imtiyaz və güzştərə malikdir, ən yüksək maaşla təmin olunurlar. Hara gedirlər, hörmətlə qəbul olunur, yerləşdirilirlər və onların xidmətində duranlar var. Onların heç birinin doğulduğu ev, yaşadığı torpaq işğal altında deyil. Onlar bu fəlakətləri yaşayan insanlar deyil. Bunlar üçün Azərbaycan torpaqlarının 20 ildən çoxdur işğal altında olmasının fərqi yoxdur. Bütün bunlar onları qətiyyən narahat etmir.

Həmin beynəlxalq müşahidəçilər mahir rejissorlar tərəfindən idarə olunan, rollarını ustalıqla oynayan aktyorlardır. Mərkəzdən hansı tapşırıqlar verilirsə, onlar da onu o cür icra edir. Deməli, cəbhə bölgəsindəki gərginliyə, torpaqlarımızın işğal altında qalmasına görə susqunluq nümayiş etdirmək, narahatçılıq keçirməmək, əvəzində yalandan da olsa, hər iki tərəfi qarşılıqlı güzəştlərə səsləmək, ağıllarına gələn bəyanatları vermək, həmin dairələrin çoxdankı peşəsidir. Burada onların təmsil olunduğu dövlətlərdən söhbət getməlidir. Onlara hansı tapşırıq verilir, onu da edirlər. Məsələ ondadır ki, vəziyyətlə əlaqədar bu gün narahat olmayan müşahidəçilərin təmsil olunduğu dövlətlər, ATƏT kimi beynəlxalq qurumlardır. BMT kimi 20 ildən çoxdur özünün 4 qətnaməsini icra edə bilməyən hörmətsiz bir təşkilatdır. Narahat olan Azərbaycandır, onun xalqı və dövlət başçısıdır. Narahat olan mənim kimi 1 milyondan artıq doğma yurd-yuvasından didərgin düşən məcburi köçkün və qaçqınlardır. Ona görə də məsələ ondan ibarətdir ki, biz onları narahat etməliyik, narahat olmağa məcbur etməliyik.

Bunun üçün isə yeganə yol dövlətin gücünü, daxili stabilliyi daha da artırmaq, birliyin təmin olunmasını daha yüksək səviyyədə təşkil etmək və daxili stabilliyə malik daha güclü iqtisadiyyat yaratmaq, güclü ordumuzu daha da gücləndirməkdən keçir. 2008-ci ildə Gürcüstanla Rusiya arasında olan qısa müddətli müharibə zamanı Vladimir Putinlə Dmitri Medvedyev belə söz işlətmişdi, "sülhə məcbur etmə". Azərbaycan da həmin varianatdan istifadə etməlidir. İşğalçı ilə təmas xəttində, sərhəd bölgəsində Ermənistana elə zərbə vurmalı, inkişaf gücümüz, ordumuzun əməli fəaliyyətilə elə bir şərait yaratmalıyıq ki, onlar görüşmək, danışmaq istədiklərini bizdən xahiş etsinlər. Düşməni bu günə salmaq lazımdır. Xahiş etməklə erməni kimi düşmən yola gələn deyil. Həmsədrlərin tutduğu mövqe də iyrənc bir məntiqə əsaslanır. Deyirlər ki, öz aranızda razılığa gəlin, biz də sizə kömək edərik. Öz aramızda razılığa gələcəyiksə, gələ biləcəyiksə, onda sizlər nəyə lazımsınız? Siz kəndirbazın kosasısınız? Bu məsələdə heç kimə ümid etməməliyik. Nə həmsədr dövlətlərə, nə beynəlxalq təşkilatlara, nə də digərlərinə ümid etməməliyik. Ümid ancaq özümüzədir. Bu gün Azərbaycan Prezidentinin apardığı düzgün siyasət son nəticədə ona gətirib çıxaracaq ki, cırtdan Ermənistan və onun havadarları ölkəmizin nüfuzu, gücü qarşısında tab gətirə bilməyəcək, məcbur olacaqlar ya torpaqları işğaldan azad etsinlər, ya da Azərbaycan hərbi güc tətbiq edib torpaqlarını işğaldan qurtaraq. Bunun digər yolu yoxdur".

Deputat Aqil Abbas vasitəçilərin gərgin duruma biganə münasibətinin kökündə beynəlxalq təşkilatların marağının dayandığı qənaətindədir: "Əslində, cəbhə xəttində baş verən gərginliyi də həmin beynəlxalq təşkilatlar yaradıb və yaradırlar. Bu da həmin beynəlxalq təşkilatların qurmasıdır. Erməninin Azərbaycan torpağını işğal etməyə gücü, qüdrəti yoxdur. İrəvan ancaq beynəlxalq güclərin hesabına torpaqlarımızı işğal edib, indi də məhz onların dəstəyi sayəsində torpaqlarımızı işğalda saxlamaqda davam edirlər. Ona görə də beynəlxalq təşkilatlar cəbhə xəttində gərginliyin olmasında maraqlıdırlar.

Bu gərginlikdən də istifadə etməklə çalışırlar ki, Azərbaycana təzyiqlər göstərsinlər. Ermənilər gərginliyi yaratsalar da, onlar əleyhinə bəyanat verən yoxdur, hamı bu məsələdə də ölkəmizə hücum edir. Yəni, beynəlxalq təşkilatların marağındadır ki, cəbhə xəttində gərgin durum saxlanılsın. Beynəlxalq vasitəçilərin həmin gərginliyə göz yumması sonda istər-istəməz savaşa gətirib çıxaracaq. Amma hər halda münasibətlərini bildirməyə məcbur olacaqlar. Çünki, Azərbaycanın güclü olduğunu görürlər. Bu fonda da sakitlik olması üçün yenidən tökülüb gələcək, danışıqlara başlamağı təklif edəcəklər".



Sizin Reklam Yeriniz