news Image
2012.10.12
07:07
| A A A
BP məhkəməyə verilə bilər
Şirkət öhdəliklərinə və müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə Azərbaycan BP-yə qarşı hüquqi müstəvidə müvafiq addımlar atılması səlahiyyətini özündə saxlayır

2010-cu ildən sonra Azərbaycanda neft hasilatının azalmağa doğu getməsinin əsl səbəbləri barədə bu vaxta qədər ekspertlər, həmçinin müxtəlif araşdırma institutları tərəfindən olduqca fərqli fikirlər səsləndirilirdi. Lakin oktyabrın 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlər neft hasilatı ilə əlaqədar olduqca maraqlı məqamları üzə çıxardı. Məlum oldu ki, Azərbaycanın hesabına milyardlarla dollar qazanan BP şirkəti faktiki olaraq Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və verilən bütün vədlərə naxələf çıxır. Məsələnin daha bir ilginc tərəfi isə ondan ibarətdir ki, BP bu addımları hasilatın pay bölgüsü çərçivəsində əldə olunan mənfəət neftində pay nisbətinin əsaslı şəkildə Azərbaycanın lehinə dəyişməsindən sonra atmağa başlayıb.

Nazirlər Kabinetinin iclasında Azərbaycanda neft sənayesinin azalması səbəblərindən danışarkən Prezident İlham Əliyev bu xüsusda olduqca maraqlı məqamlara toxundu, məlum oldu ki, BP-nin rəhbəri olduğu konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb: "Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, "Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlamışdır - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır".

Dövlət başçısının qeyd etdiyi kimi burada xüsusi maraq doğuran məqam nədən hasilatın pay bölgüsünə əsasən gəlirlər nisbəti Azərbaycanın lehinə dəyişməsindən sonra çıxarılan neftin miqdarının aşağı olması ilə bağlıdır. İlk əvvəl bu nəticəyə gəlmək olur ki, BP Azərbaycan neftindən daha az qazanc götürməsinə görə hasilatı tədricən aşağı salıb. Lakin şirkət bununla eyni zamanda Azərbaycanla imzaladığı müqavilənin şərtlərini də pozmuş olub və buna görə faktiki olaraq məsuliyyət daşıyır. Bu məsuliyyətə görə Azərbaycan BP-ni məhkəməyə verməkdən tutmuş, onunla əməkdaşlığı dayandırmağa qədər ən müxtəlif addımlar ata bilər. BP-nin məhkəməyə verilməsi üçün isə kifayət qədər əsas var. Belə ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev 2009-cu ildə "Azəri", "Çıraq" neft yataqlarında baş vermiş qaz sızması ilə bağlı hadisə nəticəsində qazma işləri dayandırılıb. Bu da sonrakı illərdə neft şasilatının azalmasına gətirib çıxarıb. Hələ iki il əvvəl "WikiLeaks" saytı tərəfindən açıqlanan məlumatda isə bu xüsusda maraqlı məqamlar yer alıb.

Həmin məlumatlardan belə aydın olur ki, o vaxt baş verən qaz sızıntısı o qədər böyük olub ki, suyun üzərindəki qaz qabarcıqlarını hətta havadan müşahidə etmək mümkün olub.

"WikiLeaks" bildirir ki, "Azəri" yatağında qaz sızmasının səbəbi tapılıb - bu, pis sementləmə imiş. Buna görə isə BP məsuliyyət daşıyır. Azərbaycanı zərərə saldığına görə isə BP cərimə ödəməlidir. Qeyd edək ki, bu ilin iyulunda Sibirdə Rusiya arbitraj məhkəməsi Britaniyanın neft nəhəngi BP şirkətinin öz rusiyalı tərəfdaşı TNK-BP şirkətinə 3.1 milyard dollar kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Qərara görə BP Rusiya dövlət neft şirkəti olan "Rosnef"tlə birgə layihələrə girərək TNK-BP-nin itkilərinə səbəb olub. Bu səbəbdən də cərimə ödəməlidir. İndi Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün də lazım gələrsə BP məhkəməyə verilə bilər. Digər tərəfdən BP-nin verdiyi vədləri yerinə yetirməməsi də məhkəməyə müraciət üçün əsas yaradır. Həmin vədlər barədə isə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında olduqca maraqlı faktlar səsləndirib:

"2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir".

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, BP dəfələrlə hasilatın pay bölgüsündə 2008-ci ilə qədər olan şərtlərin daha bir neçə il qüvvədə olmasını istəyib. Lakin Azərbaycan müqavilə şərtlərini əsas gətirərək buna razılıq verməyib. Elə bundan sonra BP neft hasilatını azaltmağa başlayıb. Bunun isə təsadüf olması heç də inandırıcı görünmür. Digər tərəfdən BP-nin Azərbaycanda külli miqdarda qazanc götürməsindən sonra belə addımlar atması da qətiyyən qəbul oluna bilməz. Qeyd olunan kontekstdə də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında maraqlı fikirlər səsləndirib: ""Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur... Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz BP şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir.

Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir". Aydındır ki, BP bütün bunlardan nəticə çıxarmalıdır. Əks təqdirdə Azərbaycan bu şirkətə qarşı hüquqi müstəvidə müvafiq addımların atılması səlahiyyətini özündə saxlayır.

Hələlik isə BP şirkətinin ictimaiyyətlə əlaqələndiricisi Tamam Bayatlı şirkətin Azərbaycana sadiq olduğunu deyir: "Biz Azərbaycana tam sadiqik və "Azəri-Günəşli-Çıraq" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik". Tamam Bayatlı prezidentin müşavirədə BP barədə dediklərinə bundan artıq münasibət bildirmək istəmədiklərini deyib.