Əlaqə Arxiv
news Image
2015.10.02
15:00
| A A A
Əli Həsənov: “İnternetə müdaxilə heç kimə müyəssər olmayıb, biz də belə fikirdə deyilik”

"Demokratiyada seçki yeganə prosesdir ki, ölkələrin başqa ölkənin daxili işlərinə qarışmasına imkan verir. Dünya idarə olunan dünyadır, ancaq standartlar eyni olmalıdır".


Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminarda MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, dünyanın heç yerində ideal seçki keçirilməyib: "Milyonlarla insanın iştirak etdiyi, çoxlu sayda subyektlərin olduğu prosesdə neqativ hallar qaçılmazdır. Əsas odur ki, müvafiq orqanlar buna dərhal, çevik reaksiya versin. Çatışmazlıqlardan qorxmaq lazım deyil".

 

Sosial şəbəkələrdə namizədlərin qanunsuz təbliğ olunmasına toxunan M. Pənahov KİV rəhbərlərini sosial şəbəkələrlə bağlı fikir bildirməyə çağırıb.

 

"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda ilk dəfədir ki, namizədlərin seçki təşviqatında sosial şəbəkələrdən geniş istifadə etdiyini söyləyib. Sosial şəbəkələrin monitorinqinin aparılmasının çox çətin olduğunu vurğulayan V. Mahirqızı sosial şəbəkələrdə saxta səhifələr yaradıldığını, eyni zamanda belə səhifələrin həm ölkə daxilində, həm də ölkə xaricində yaradılmasının mümkün olduğunu nəzərə çatdırıb. O, sosial şəbəkələrə müdaxilənin və onların idarə edilməsinin faktiki, mümkünsüz olduğunu bəyan edib.

 

M. Pənahov isə qeyd edib ki, sosial şəbəkələr barədə fikir səsləndirməkdə məqsədi ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir: "Əsas odur ki, Azərbaycan ictimaiyyəti bizim fikrimizi müdafiə etsin".

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanda sosial şəbəkələrdə yaradılan bloqlar hələ KİV statusu almayıb: "Bəzən yazırlar ki, bloqger fəaliyyəti ilə məşğul olan jurnalist həbs olunub. Sabah hər bloq yaradan ortaya çıxacaq ki, mən jurnalistəm. Mətbuat Şurasını biz niyə yaratmışıq? Çünki Azərbaycanda jurnalistləri tanıyan orqan Mətbuat Şurasıdır. Azərbaycanda yerli jurnalistlərin vəsiqəsini tanıyan orqan Mətbuat Şurası, xarici jurnalistləri tanıyan isə Xarici İşlər Nazirliyidir. Azərbaycanda nüfuzlu şəxslər, nazirlərlə bağlı saxta səhifələr yaradılır. Sosial şəbəkəni idarə etmək şəbəkəni yaradanlara da müyəssər olmayıb. İnternetə müdaxilə heç kimə müyəssər olmayıb və biz də belə fikirdə deyilik. Bizim üçün əsas məsələ Azərbaycan xalqının dəyərləndirməsidir. Sosial şəbəkə ilə internet mediasını fərqləndirmək lazımdır. Kimsə internet mediası yaratmaq hüququna malik olmaq, sabah dövlət orqanlarından yardımlar almaq istəyirsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli, Mətbuat Şurası tərəfindən tanınmalıdır".

Sizin Reklam Yeriniz