Əlaqə Arxiv
news Image
2015.10.03
07:00
| A A A
Korrupsiya burulğanında boğulan QHT-lər
Rauf Zeyni: “Milli maraqlara qarşı çıxan QHT-lər haqqında mütləq ölçü götürülməlidir” Azər Həsrət: “Həmin təşkilatlar şəffaflıq tələbi qarşısında beynəlxalq aləmdə səs-küy salırlar”

Azərbaycana qarşı çıxan müəyyən qüvvələrin öz bəd niyyətlərini həyata keçirmək üçün ələ aldıqları QHT-lərdən faydalandıqları heç kimə sirr deyil. Belə QHT-lər adətən mövcud qanunvericiliyə də əməl etmədən fəaliyyət göstərirlər. Baş prokuror Zakir Qaralov bəzi QHT-lərin dövlətin qanunlarına hörmətlə yanaşmadığını və dövlət qeydiyyatından keçmədiklərini bildirdi. Onun sözlərinə görə, belə QHT-lər əldə etdikləri maliyyə ilə bağlı dövlətin rəsmi qurumlarına məlumat vermirlər: "QHT ilə məşğul olan şəxslərə, jurnalistlərə sözüm odur ki, dövlətin qanunlarına əməl etsinlər. Qanun pozulmayacaqsa, prokurorluq bunların barəsində araşdırma aparmayacaq. Əgər bunlar korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər".

Həmçinin o cür QHT-lərin alqdıqları pulların həcminin gizlətməsi faktları da var. Milli Qeyri-Hökumət Təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, biz hər zaman şəffaflıq nümunəsi olmuşuq: "Nümunə göstərərək də hamıdan şəffaflıq tələb etmişik. Hökumətdən, dövlətdən şəffaflıq tələb edən QHT ilk növbədə özü şəffaf olmalıdır. Hansı QHT şəffaflıq prinsipini pozursa, onlar baş prokurorun sözlərindən nəticə çıxartmalıdırlar. Çünki, cəmiyyət ən birinci şəffaflığı göstərən QHT olmalıdır ki, dövlətdən bunu tələb edə bilsin".

Rauf Zeyni əlavə etdi ki, dünyada bəzi beynəlxalq təşkilatlar hökumətlərdən demokratik dəyərlər, meyarlar tələb edir: "Halbuki, özləri qrantların hesabatını vermirlər. Onların məqsədi bəllidir: cəmiyyətdə stabilliyi pozmaq, çirkli maraqlarına nail olmaq. Nəticə olaraq hazırda Ukrayna, Suriya, Liviyadkı vəziyyət göz qabağındadır. Üçüncü dünya müharibəsinə səbəb olacaq bu beynəlxalq təşkilatlar anlamalıdır ki, dünya cəmiyyətləri sabitlikdə maraqlıdırlar. Sabitlik olamayan yerdə inkişafdan söhbət gedə bilməz. Odur ki, mənbəyi məlum olmayan beynəlxalq təşkilatlar tərəfindən verilmiş qrantlara qarşı Milli QHT Forumu olaraq şəxsi etirazımızı bildirmişik. Bizi maraqlandıran yalnız sağlam əməkdaşlıqdır. Vətəndaş cəmiyyətinin, təhsilin, səhiyyənin, mədəniyyətin, iqtisadiyyatın inkişafına dəstək verən təşkilatlarla əməkdaşlıq etmək olar. Biz beynəlxalq əməkdaşlıqdan təcrid olunmaq fikrində deyilik. Milli maraqlara qarşı çıxan QHT-lər haqqında mütləq ölçü götürülməlidir".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirir ki, bu məsələnin iki tərəfi var: "Burada söhbət Azərbaycan daxilində fəaliyyət göstərən QHT-lərdən gedirsə, Azərbaycan hüquq-mühafizə orqanları onların fəaliyyətini müvafiq şəkildə nəzarətdə saxlamlıdır. Baş prokuror da məhz bu məsələyə toxunub. İş burasındadır ki, xaricdə, xüsusən də Qərb ölkələrində formalaşmış bir sıra fondlar var. Eyni zamanda bəzi Qərb dövlətlərində QHT-lərə maliyyə ayrılması ilə məşğul olan strukturlar fəaliyyət göstərir. Özlərinin dediyinə görə, həmin strukturlar Azərbaycanın daxilində fəaliyyət göstərən QHT-lərə maliyyə ayırmaqla burada vətəndaş cəmiyyətinin inkişafına çalışırlar. Amma araşdırmalar və xüsusən də son illər baş verən hadisələr göstərdi ki, guya demokratiya, insan haqları və və s. məsələlər üçün çalışan o fondlar və hökumət qurumları çirkli pulların yuyulması ilə məşğul olublar.

Faktlar aşkar edilib ki, həmin təşkilatların Azərbaycanda QHT-lərə ötürdüyü maliyyə sonradan nağdlaşdırılaraq işlədilir. Baxmayaraq ki, Azərbaycan hökuməti dəfələrlə həmin fondlara, təşkilatlara proseslərdə qaranlıq işlərin olması barədə xəbərdarlıq edib. Şəffaflıq təminini tələb edib. Həmin təşkilatlar isə öz növbələrində şəffaflıq tələbi qarşısında beynəlxalq aləmdə səs-küy salırlar. Bu günün özündə də hay-küy salırlar ki, guya Azərbaycanda QHT-lərə təzyiq var. Amma bunlar təbii ki, uydurma ittihamlardır. Baş prokurorun bu məsələyə toxunması əslində, əsassız deyil, haqlı yanaşmadır. QHT təmsilçisi olaraq istərdik ki, bütün QHT-lər necə ki, cəmiyyət üçün faydalı işlər gördüklərini iddia edirlər, eyni qaydada öz maliyyə hesabatlarında da şəffaflığı təmin etsinlər".




Sizin Reklam Yeriniz