Əlaqə Arxiv
news Image
2015.10.03
10:00
| A A A
Minsk qrupunun tərkibi dəyişdirilir?!
Elşən Mustafayev: “Minsk qrupunun tərkibi ABŞ, Türkiyə, Almaniya və Rusiyadan ibarət olsun” Hikmət Hacızadə: “Türkiyə və Almaniyanın orada təmsil olunması yaxşı olardı”

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçiliyi hələ də heç bir nəticə vermir. 20 ildən artıqdır ki, bu qurum konfliktin həlli ilə məşğuldur. Amma bu 20 il ərzində problemin həll edilməsi istiqamətində zərrə qədər də olsa addım atmayıb. Əksinə, hələ də torpaqlarımız Ermənistan tərəfindən işğal altında qalmaqdadır.

İşğal zonasında separatçı, terrorçu rejim öz çirkin niyyətlərini həyata keçirməkdə davam edir. Hələ də 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıda bilmir. Minsk qrupunun passiv olması fonunda bu formatın dəyişdirilməsi, yaxud da oradakı üzvlərin bəzilərinin əvəzlənməsinin vacibliyi məsələsi dəfələrlə gündəmə gəlib. Bir ara Avropa İttifaqının da qurumda təmsil olunması məsələsi qaldırıldı. Bu fonda Fransanın Almaniya ilə əvəzlənməsi irəli sürüldü. Hətta Avropa İttifaqının özü belə prosesdə iştirak etməyə hazır olduğunu bəyan etdi.

Minsk qrupunun vasitəçilik missiyasının iflasa uğraması fonunda başqa ölkələrin də vasitəçiliyə cəlb olunması yenidən gündəmə gəlir. Məsələn, region ölkələrindən qardaş Türkiyə ilə İran prosesə cəlb oluna bilər. Nəzərə alaq ki, onların hər ikisi də problemin həllində iştirakda maraqlı olduqlarını bəyan ediblər.

Politoloq Elşən Mustafayev Minsk qrupunun tərkibinin dəyişdirilməsi və Türkiyənin də ora cəlb olunması məsələsinin hər zaman gündəmə gələ biləcəyini bildirdi: "20 ilə yaxındır ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərir. Qurum fəaliyyətdə olduğu bu müddət ərzində həll istiqamətində iynə ucu boyda olsa da bir iş görməyib. Zaman-zaman, illərdir ki, bu tərkibdə Minsk qrupunun hər hansı irəliləyişə nail ola bilməyəcəyini deyirik. Bura üzv olan dövlətlərin bir çoxu münaqişənin ədalətli həllində o qədər də maraqlı görünmür. Çünki, ədalətli həll Ermənistanı narazı salan bir həll olacaq.

Ermənistanla strateji cəhətdən və hərbi baxımdan müttəfiq olan Rusiya kimi ölkə problemin həllində İrəvanın istəyinin əleyhinə hər hansı bir real addım atacaqmı? Söhbət məhz bundan gedir. Məsələyə BMT çərçivəsində baxılmalı idi. Amma həll prosesi Minsk qrupunun əlində qalırsa, onun tərkibinə yenidən baxılmalıdır. Bir neçə il öncə təklif etmişdik ki, ATƏT-in Minsk qrupu həmsədrləri arasında rotasiya dəyişikliyi olsun, Fransa həmsədrlikdən çıxarılsın, əvəzinə Türkiyə ora daxil olsun. Sözsüz ki, Rusiyanın da bu tərkibdə olmamasını istərdik. Amma problemin yaranmasında birbaşa iştirak edən ölkə olaraq Rusiyanın orada qalması labüddür. Eyni zamanda, Avropa İttifaqı ölkələrindən birinin, məsələn Almaniyanın Minsk qrupu həmsədrliyinə gətirilməsi də mümkündür. Almaniya Bundestaqı Dağlıq Qarabağ münaqişəsilə bağlı dəfələrlə çox doğru bəyanatlar verib. Ona görə də təklif etmişdik ki, Minsk qrupunun tərkibi, ABŞ, Türkiyə, Almaniya və Rusiyadan ibarət olsun".

İranın prosesdə vasitəçilik etmək missiyasına gəldikdə, həmsöhbətimiz Tehranın burada iştirakını məqbul bilmədi: "İranın bu prosesdə iştirakının əleyhinəyəm. Ən azından ona görə ki, İran Azərbaycan münasibətlərində vəziyyət birmənalı deyil. Düzdür, müharibə dövründə qaçqınlarımızın İran vasitəsilə Azərbaycana keçməsinə bu ölkə yardım etdi. Amma eyni zamanda Tehranın torpaqlarımızın 20 faizini işğal edən Ermənistanla ciddi əlaqələri var. İkincisi, İranın bir dövlət olaraq "mehriban qonşuluq" siyasəti apardığını hiss edirəm. Onlar üzdə nə qədər mehriban görünsə də, əslində, İran Azərbaycanın inkişaf edərək güclü dövlətə çevrilməsinin tərəfdarı deyil. Bunu üzə vurmasalar da, hiss olunur ki, onların dövlət siyasəti bunu tələb edir. Ona görə də İranın burada vasitəçilik missiyyası həyata keçirməsinin tərəfdarı deyiləm. İran bu vasitəçilik missiyası ilə həll prosesinə heç nə verə bilməyəcək".

Politoloq Hikmət Hacızadə qeyd etdi ki, münaqişənin həlli üzrə vasitəçilərin dəyişdirilməsi, yenilərilə əvəzlənməsi məsələsini hər zaman gündəmə gətirmək mümkündür. Amma bununla belə, o düşünür ki, yola yenə də "köhnə qvardiya" ilə davam ediləcək: "Həqiqətən də ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişədə irəliləyişə nail ola bilmir. Bu müddət ərzində konfliktin həll istiqamətində irəliyə doğru bir addım da olsa, atılmayıb. Ona əsasən də ara-sıra vasitəşilik prosesinə digər ölkələrin də cəlb olunması məsələsi gündəmə gəlir. Həmin məsələni yenə də qabartmaq olar.

Türkiyə və Almaniyanın orada təmsil olunması yaxşı olardı. Amma məsələ ondadır ki, bunun üçün münaqişə tərəflərinin hər ikisinin də razılığı olmalıdır. Ermənistanın bu əsasda Türkiyənin vasitəçiliyinə razılıq verəcəyi gözlənilmir. İrana gəldikdə, bu ölkə özünü müsəlman dövləti hesab etsə də, İrəvanla ciddi əlaqələr qurub. Digər tərəfdən vaxtilə onun vasitəçilik səyi Şuşanın itirilməsilə nəticələndi. Həmçinin, onun burada olmasına Vaşinqton etiraz edəcək. Başqa bir tərəfdən, uzun illərdir ki, vasitəçilərin bəzilərinin dəyişdirilməsinin vacib olduğu bəyan edilir. Amma bu istiqamətdə real addımların atıldığını, həmsədrlərdən hansısa birinin başqası ilə əvəzləndiyinin şahidi ola bilməmişik".



Sizin Reklam Yeriniz