Əlaqə Arxiv
news Image
2015.10.06
10:00
| A A A
Avropa Şurası Ermənistana sanksiya tətbiq edəcək?!
Aydın Ağayev: “Bu, bizim üçün arqument yaradır ki, həmin məqamla bağlı olaraq Avropa Şurasının özünü ittiham edək” Elxan Şahinoğlu: “Avropa Şurası qarşı müvafiq tədbirlər görməlidir”

Ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz olaraq başqa ərazilərdən köçürmələr həyata keçirməsi heç kimə sirr deyil. İşğalçılar həmçinin, bu ərazilərdə Azərbaycana məxsus maddi-mədəni abidləri də məhv edirlər. Digər tərəfdən, işğal zonasında ermənilər narkotik maddələr də becərirlər.

Bütün bunflar fonunda Ermənistan hər vəchlə çalışır ki, işğal olunmuş ərazilərə beynəlxalq müşahidəçilər gəlməsin. Qeyd olunan əsasda ermənilər Avropa Şurasının Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valteri hələ də Azərbaycanın işğal olunmuş ərazilərinə buraxmırlar. Öz nümayəndəsinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında monitorinq aparmalarına Avropa Şurası kimi bir qurum nail ola bilmir. Maraqlısı da odur ki, Avropa Şurası Ermənistanın bu əməlinə qarşı hər hansı bir sanksiya tətbiq etmək əvəzinə, susmağa üstünlük verir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Avropa Şurasının Ermənistana məruzəçiləri işğal olunmuş ərazilərə buraxmadığına görə ona münasibətdə hər hansı bir addım atmaması qurumun özündən soruşulmalıdır: "İstənilən beynəlxalq təşkilatda, xüsusilə Avropa Şurasında ermənilərin təcavüzünün mahiyyətini göstərə bilən hər bir məsələyə İrəvan həmişə müqavimət göstərib. Bu, bizə aydındır. Ermənilər "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində vəziyyətə dair" Valterin məruzəsinin başlığına da etiraz edir. Deməli, onlar məruzənin başlığından irəli gələn məntiqi ermənisayağı qəbul etmirlər. Sual olunur, niyə? Dağlıq Qarabağ Azərbaycanın ərazisi deyilmi? Ərazisidir. Digər işğal olunmuş torpaqlar Azərbaycanın ərazisi deyilmi? Ərazisidir.

Bu işğal olunmuş ərazilərimiz bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. O cümlədən bunu Avropa Şurası da tanıyıb. Sənədlərin hamısında bu məsələ qeyd edilib. Buna erməni etiraz edə bilərmi? Yox. Avropa Şurası ərazi bütövlüyünü tanıdığı Azərbaycanın işğal olunmuş ərazisində vəziyyətə dair məruzə hazırlamalı olan öz nümayəndəsinin ora getməsinin qarşısını alan ermənilərlə bacarmır, bacara bilmir, bacarmaq istəmir, göz yumur. Bu suallar ünvanlanmalıdır Avropa Şurasının rəhbərliyinə. Tək bu məsələ deyil, Sərsəng su anbarı ilə bağlı da eyni məsələ yaranıb. Bu məsələdə isə başlıq başqa cür yazılıb. Onda ora məruzəçiləri niyə buraxmırlar? Hər iki məruzə elə bil ki, şifahi hazırlanır, işğal olunmuş ərazilərə getmədən hazırlanır. Ona görə ki, ermənilər onları həmin ərazilərə buraxmırlar. Bunlar artıq Avropa Şurasının özündən soruşulmalı bir məsələdir. Bu, bizim üçün arqument yaradır ki, həmin məqamla bağlı olaraq Avropa Şurasının özünü ittiham edək.

Ərazi bütövlüyünü tanıdığın ölkənin işğal olunmuş torpaqlarına məruzəçini ermənilər buraxmır, amma ona göz yumurlar. Bu kontekstdə ölkəmizin qurumdakı nümayəndə heyəti Valterin məruzəsilə bağlı məsələ qaldırılandan sonra arqumentləşdirilmiş mövqe ilə erməni təcavüzkarlığını həmişə ifşa ediblər. Haqq bizim tərəfdədir, hər kəs də bunu bilir. Amma reallıq odur ki, Ermənistan həmin məruzəçiləri ora buraxmır. Onu da çözmək artıq Avropa Şurasının öz məsələsi olmalıdır. Biz onu bunlardan ciddi surətdə soruşmalıyıq. Başqa hər hansı bir digər məsələ ilə bağlı qurumdakılar dərhal, operativ reaksiya verirlər. Amma bizim həmin məsələ ilə bağlı qurumun hər hansı bəyanatı ilə belə rastlaşmadım".

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu istiqamətdə lobbiçilik fəaliyyətini gücləndirməklə Avropa Şurasının Ermənistana qarşı sanksiya tətbiq etməsinə nail olmaq olar: "Avropa Şurası bildiyiniz kimi, bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən qətnamə qəbul edib. Bundan başqa, Avropa Şurasının Dağlıq Qarabağa dair Alt Komitəsi də var. Amma təəssüf ki, ermənilər ora qoşulmayıb. Lakin Azərbaycan həmin komitənin fəaliyyətində maraqlıdır.

Ermənilər başa düşür ki, bütün hallarda Avropa Şurası ölkənin ərazi bütövlüyünü əsas götürür. Ona görə də qurum məruzəçilərinin işğal olunmuş ərazilərimizə gəlməsinə əngəl olmaq, bu kimi maneələrlə imkan vermirlər ki, Avropa Şurası təmsilçisi Dağlıq Qarabağda müşahidələr aparsın. Avropa Şurası özünə hörmət edən bir qurumdursa, öz nümayəndəsinin qurumun üzvü olan bir ölkə tərəfindən həmin ərazilərə buraxılmamasına qarşı müvafiq müəyyən tədbirlər görməlidir. Bu istiqamətdə öncə Ermənistanla danışıqlar aparmalı, ikinci dəfə də buraxmadıqları halda artıq bu ölkəyə qarşı qətnamənin qəbul edilməsi də səsverməyə çıxarıla bilər. Dağlıq Qarabağla bağlı məsələdə Avropa Şurası məşğul olmayacaqsa, kim məşğul olacaq?

Ermənilərin istəyi odur ki, məsələ ilə bağlı ancaq ATƏT-in Minsk qrupu məşğul olsun. Çünki, bu, onlara sərf edir, çünki həmsədrlər Ermənistanın nazı ilə oynayır, onu Dağlıq Qarabağ ətrafında olan torpaqları belə boşaltmağa məcbur etmirlər. Belədə İrəvan status-kvonu uzadır. Düzdür, Avropa Şurası məruzəçisinin işğal olunmuş torpaqlara buraxılması o demək olmayacaq ki, bu, münaqişənin həllini sürətləndirəcək. Hər halda mötəbər qurum olaraq Avropa Şurası nümayəndəsinin müşahidələri əsasında hazırladığı məruzə diqqətə alınacaq. Buna yol verməmək üçün də ermənilər qurum təmsilçisinə belə bir maneə yaradırlar. Proses onu göstərir ki, Azərbaycan tərəfi bu istiqamətdə fəallığını daha da artırmalıdır. Ölkəmiz bu məsələni mütəmadi olaraq gündəmə gətirməlidir ki, Strasburq prosesə maneə olan tərəfə qarşı müvafiq qərar qəbul etsin. Onun üçün də lobbi çalışmalarını gücləndirməli, oradakı deputatlarla işi daha da intensivləşdirməliyik".



Sizin Reklam Yeriniz