Əlaqə Arxiv
news Image
2015.10.07
15:00
| A A A
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış şərait Azərbaycan prizmasından ideala yaxın və unikaldır

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış şərait Azərbaycan prizmasından ideala yaxın və unikaldır. Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Ermənistanı çətin duruma salıb, qoşunların təmas xəttində baş verən hərbi gərginlik Ermənistanın daxili və xarici siyasətinin testinə çevrildi.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistanın heç müttəfiqi yoxdur, geosiyasi vəziyyət Ermənistanın ziyanınadır: "Ermənistanın indiki düşdüyü vəziyyətin bir səbəbi Azərbaycanın apardığı siyasətdirsə, digər səbəbi Ermənistanın özünün siyasətidir:

ı. KTMT-yə sədrliyə başlayan Ermənistan Azərbaycanla sərhəddə vəziyyəti bilərəkdən gərginləşdirdi. Ermənistan parlamentinin deputatı V.Babayanın Ermənistanla sərhəddə yerləşən Azərbaycan kəndlərindəki panik vəziyyətlə bağlı yaydığı məlumat, Ermənistan müdafiə nazirliyinin dönə-dönə Azərbaycanla həmsərhəd ərazilərinə zərbələr endirməklə bağlı yaydığı informasiyalar, eləcə də S.Sərkisyanın hərbi məsələlər üzrə müşaviri M.Sərkisyanın verdiyi açıqlamalar deməyə əsas verir ki, ermənilər Azərbaycanın sərhədyanı kəndlərini şüurlu surətdə atəşə tuturmuşlar. Azərbaycan ordusunun verdiyi cavab onları çaş-baş saldı. KTMT Ermənistana kömək etmədi. Ermənistanın KTMT-yə müraciət etməyə ehtiyacının olmaması ilə bağlı deyilənlər erməni yalanıdır. Ermənistanda KTMT-nin keçirdiyi hərbi təlim zamanı Ermənistanın müdafiə nazirinin müavini Y.Xaçaturov hətta mətbuat vasitəsilə KTMT-ni cəsarətli addımlar atmağa çağırdı. KTMT-nin mövqeyi iki istiqamətdə maraq cəlb edir:

- Birincisi, KTMT baş katibinin müavini general V.Semerikov Ermənistanın bu mövzudan KTMT-yə bir neçə dəfə müraciət etdiyini bildirdi. V.Semerikova görə, KTMT-nin bu məsələyə münasibət bildirməsi üçün siyasi qərar lazımdır. Siyasi qərarı isə KTMT-nin Prezidentlər Şurası qəbul etməlidir. KTMT Prezidentlər Şurasında qərarlar konsensusla qəbul edilir. Qazaxıstan və ya Belarus prezidentinin konsensus verəcəyi qeyri-mümkündür. Semerikovun açıqlamasının ikinci tərəfi demək olar ki, sensasiyadır. General V.Semerikova görə, KTMT istənilən işğala məruz qalmış dövləti, istənilən işğalçıdan qorumaq imkanına və gücünə malikdir. Belə alınır ki, Ermənistanın işğalına məruz qalmış Azərbaycan KTMT-yə müraciət edəcəyi təqdirdə KTMT Azərbaycan torpaqlarının Ermənistanın işğaldan azad olunmasında Azərbaycana kömək edəcəkdir. Bu, Ermənistanın KTMT adı ilə şantaj siyasətinin başa çatdığı anlamındadır. Eləcə də, KTMT-yə Ermənistanın ümidi qırıldı.

ıı. Rusiya hazırda BMT TŞ-nin sədridir. İstənilən anda istənilən məsələni gündəliyə daxil edə bilər. Rusiya Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın başına açılan oyunlara susdu. Heç bir reaksiya vermədi. Hətta insidentləri dayandırmaq çağırışı etmədi. Azərbaycan ordusunun açdığı atəşlər nəticəsində erməni mətbuatı 4 mülki vətəndaşın öldüyü, bir neçəsinin yaralandığı, şəxsi evlərə, mülki obyektlərə dəyən zərər barədə məlumatlar yayıb. Rusiya ən azı ümumi halda sakitliyə çağıra bilərdi. Bunu da etmədi. Həmin məlumatların yayıldığı dövrdə Ermənistanda, Ermənistan-Rusiya birgə qoşunları batalyon səviyyəsində hərbi təlimlər keçirirdi. Başqa sözlə, Rusiyanın hərbi bazasının və hərbi aktivliyinin fonunda da Azərbaycanın ünvanına heç bir fikir səslənmədi.

ııı. İran Ermənistanın kommunikasiya, iqtisadi investisiya məsələlərində olduğu kimi Dağlıq Qarabağ məsələsində də ümidgahına çevrilib. İranla "Altılıq" arasında uğurlu müqavilənin imzalanması Ermənistanı xeyli ruhlandırmışdı. Amma Ermənistan İranın paradoksal siyasəti ilə üzləşdi. Ermənistan kifayət qədər antiiran siyasəti aparıb. Livana sülhməramlı adı ilə qoşun göndərməsi, Vorotan SES-i ABŞ-a satması ən qatı antiiran addımlarıdır. Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi vəziyyətin gərginləşəcəyi təqdirdə İranın Ermənistana yardım etməsi mümkün deyil;

ıv. Daxili vəziyyəti getdikcə gərginləşən Ermənistan heç bir təhdidə cavab verə bilməz. Faktiki Ermənistanın daxilində hakimiyyət uğrunda mübarizə başlayıb. ABŞ-ın korrupsiya məsələsində Ermənistanın rəhbərinə eyham vurması Serj Sərkisyanın vəziyyətini çətinləşdirib. Müdafiə naziri S.Ohanyanın ailəsi barədə açıqlanan məlumatlar onu xeyli nüfuzdan saldı. Hakimiyyət uğrunda mübarizə faktoru kimi S.Ohanyan sıradan çıxdı. Serj Sərkisyanla eks prezident R.Köçəryan arasındakı gərginliyi buraya əlavə etsək, Qarabağ klanının hakimiyyəti saxlamaq uğrunda mübarizədə vəziyyətinin çətinləşdiyini iddia etmək olar. Baş nazir O.Abramyan konstitusiya islahatlarından sonra baş nazir postunda qalmaq uğrunda siyasət aparır. Bu siyasətin real əlamətləri və nəticələri var. Qarabağ əlillərinin deputatlar tərəfindən döyülməsi və permanent mitinqlər dövründə əhalinin Serj Sərkisyanın siyasətini dəstəkləyəcəyi mümkünsüzdür.

v. ABŞ hazırda Ermənistanın yeganə müttəfiqidir. Yaxın Şərqdəki erməniləri ABŞ-ın əlinə alət verməklə Serj Sərkisyan müəyyən qədər pauza və resurs əldə etdi. Amma bu resurs məhduddur və yaxın zamanlarda tükənəcək. Yaxın Şərqdə ermənilər qaçıb qurtardıqdan sonra dünya erməniliyi, o cümlədən Ermənistan yeni vəziyyətlə üzləşəcək.

vı. Rusiyanın Suriyada aktiv hərbi əməliyyatlara girişməsi Ermənistan üçün mənfi, Azərbaycan üçün müsbət tutumludur. Suriyada ermənilər Rusiya rəsmilərinin və Rusiyanın patriarxı Kirilin təkliflərini dəfələrlə rədd ediblər. Kəsab hadisələri zamanı Rusiya Kəsabdakı erməniləri ciddi şəkildə müdafiə etdi. Rusiya Ermənistana Kəsaba sülhməramlı göndərməyi təklif etdi. Dünyanın əksər dövlətlərinə sülhməramlılar göndərən Ermənistan Suriya ermənilərinin müdafiəsi üçün sülhməramlılar göndərmədi. Rusiya Suriya ermənilərinin və Ermənistanın Suriya siyasətini unuda bilməz.

Politoloq onu da qeyd edib ki, RF-nin Suriya siyasətinin davamlılığı Türkiyə və İranın Rusiya istiqamətində apardığı siyasətdən asılıdır: "İndiki reallıqda RF-nin Türkiyə və İranla siyasətini qurmaq üçün ən yaxşı parametr Rusiyanın Azərbaycanla olan münasibətidir. Beləliklə, yaranmış geosiyasi vəziyyət Ermənistanın ziyanınadır. Getdikcə gərginləşir. Ermənilər çox şey itirə bilərlər. Azərbaycanın apardığı siyasət isə həm Ermənistan, həm region, həm də qlobal miqyasda ona əlavə dividentlər qazandırır. Bu isə Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların başlanmasında çox əlverişli şəraitin yaranması anlamında başa düşülməlidir. Yaranmış şərait Azərbaycan prizmasından ideala yaxın və unikaldır: Azərbaycana minimal risklə böyük qələbə vəd edir".


Sizin Reklam Yeriniz