Əlaqə Arxiv
news Image
2015.10.08
10:30
| A A A
Yeni Rusiya-Türkiyə müharibəsi başlanır?!
Elşən Mustafayev: “Analoji hərəkətlər yenidən təkrarlanacaqsa, Rusiya təyyarələri Türkiyə tərəfindən vurulacaq” Aydın Ağayev: “Rusiyanın bölgə ilə bağlı öz konkret hədəfləri var”

Suriyada İŞİD qarşı hərbi əməliyyatlar həyata keçirən Rusiya təyyarələrinin Türkiyə sərhədini pozması ətrafında insident böyüyür. Belə ki, Rusiya qırıcıları Suriyada başladıqları əməliyyatlar fonunda iki dəfə Türkiyə sərhədini pozublar. Ankara dərhal buna görə Moskvaya öz etirazını bildirib. Hadisələrin bu cür davam etməsi bölgədəki durumu istər-istəməz daha da gərginləşdirir. Belə ki, Rusiyanın Əsədə qarşı duran qüvvələri məhv etmək niyyəti ciddidir. Bu fonda da onun hərbi əməliyyatların gedişində başqa ölkələrin, o cümlədən yenidən Türkiyənin hava sərhədini pozması mümkündür. Bəs bu vəziyyət Suriyada Türkiyə ilə Rusiya hərbi qüvvələrinin üz-üzə gəlməsinə səbəb ola bilərmi? Bu fonda prosesə Türkiyənin müttəfiqi olaraq NATO-da qoşula bilərmi?

Politoloq Elşən Mustafayev düşünür ki, insident yenidən təkrarlanacağı halda, Türkiyə və Rusiya hərbi qüvvələrinin üz-üzə gəlməsi və bu əsasda da prosesə NATO-nun qoşulması ehtimalı reallığa çevrilə bilər: "Əslində, iki dəfə ardıcıl olaraq Rusiya hərbi təyyarələri tərəfindən Türkiyənin hava sərhədinin pozulmasını təsadüfü saymaq olmaz. Ruslar baş vermiş insidentin texniki nasazlıq üzündən yarandığını bildirsə də, aydındır ki, burada təsadüfi məqamlar yoxdur. Bu hal əslində, birbaşa olaraq Rusiyanın regionda əzələ nümayiş etdirməsini göstərir.

Bir müddət öncə Kreml Suriyadakı Rusiya hərbi bazalarının yerləşdiyi böyük bir ərazini təhlükəsizlik zonası elan edərək, ora başqa ölkə hava qüvvələrinin uçmasına qadağa qoyub. Türkiyənin Suriya müxalifətini dəstəkləyən ölkə olduğunu nəzərə alsaq, Rusiyanın bu addımı əzələ nümayişidir. Ona da əminəm ki, Rusiya təyyarələri tərəfindən anoloji hərəkətlər yenidən təkrar olunacaqsa, həmin hava qüvvələri sözsüz ki, Türkiyə tərəfindən vurulacaq. Buna tamamilə əminəm. Çünki, Türkiyə artıq insidentlə bağlı qəti xəbərdarlığını verib. Bu fonda Türkiyəyə NATO-nun da dəstəyi olacaq. Bütün bunlar gözləniləndir. Bəlkə Rusiyanın Türkiyəni də açıq şəkildə münaqişəyə cəlb etmək fikri var. Amma bunun özü yanlış fikirdir. Türkiyə münaqişəyə açıq şəkildə cəlb olunsa, burada vəziyyət həddən artıq gərgin xarakter ala bilər. Hər halda Rusiyanın Türkiyəyə qarşı olan bu hərəkətləri təsadüfi deyil, düşünülmüş addımdır".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə son hadisələr fonunda Suriya səmasında Türkiyə ilə Rusiya hərbi qüvvələrinin üz-üzə gələ biləcəyi ehtimalını istisna etdi: "Rusiya hərbi hava qüvvələrinin Türkiyə sərhədini pozmasını problem hesab edirəm. Hadisələr başlamazdan öncə Türkiyə ilə Rusiya arasında, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində heç də pis perspektivlər yaranmamışdı. Amma indi vəziyyət tündləşir. İstər-istəməz digər maraqlı qüvvələr bu məsələdə artıq mövqe tutmağa başlayıb və ona uyğun da açıqlamalarla çıxış edirlər. Bu açıqlamalar xüsusən də Qərbdən gəlir.

Qərb analitikləri də xəbərdarlıq edir ki, bölgədə vəziyyətin pisləşməsi davam edəcək. Suriya böhranında bilirik ki, Rusiyanın öz hədəfləri var. Türkiyənin də həmçinin, orada çoxdan məlum siyasi mövqeyi vardır. Bu məsələdə istər-istəməz mövqelər nəinki tamamilə fərqlidir, onlar bir-birinə qarşıdır. Amma digər informasiyalara da rast gəlirəm. Məsələn, burada əməliyyatların genişlənəcəyi, hətta Rusiya tərəfindən digər qonşu ölkələrə keçəcəyi də bildirilir. Amma bu məlumatlara dərhal inanmaq lazım deyil. Çünki asan başa gələn iş deyil. Bu addımı atmaq heç də asan məsələ deyil. Rusiya bu addımı atmayacaq, onun bölgə ilə bağlı öz konkret hədəfləri var və bu xətti də yeritməkdə davam edəcək.

Konkret olaraq Türkiyə ilə Rusiya hərbi qüvvələrinin üz üzə gəlməsini istisna edirəm. Bu, mümkün olan məsələ deyil. Ona nə Rusiya, nə də Türkiyə getməyəcək. Buradakı mövcud vəziyyətin tədrici, ağır proseslərlə müşayiət olunan ağır nəticələri ola bilər. , Onun tərəflər üçün hansı nəticələrinin olacağını indidən təxmin etmək mümkün deyil. Qərb istəyir ki, Əsəd rejimi getsin, amma Rusiya bunu istəmir. Lakin hansısa çözüm variantını tapmaq üçün nədəsə razılaşa da bilərlər. Türkiyə də təbii ki, bu hadisələrin içindədir və hava məkanının pozulmasına görə haqlı olaraq etirazını bildirib. Bu şəraitdə istənilən özünə hörmət edən dövlət hansı reaksiyanı verməli idisə, Ankara da həmin reaksiyanı verdi. Ondan da əvvəl Türkiyə dövlət başçısı öz milli mənafeyindən çıxış edərək Rusiyaya yönəlik xəbərdarlıqlar da etmişdi. Hesab edirəm ki, proses məhz bu cür davam edəcək. Amma onun hansısa lokal, böyük bir müharibəyə çevriləcəyinə inanmıram. Çünki tərəflər buna getməz. Onun baş verməsi böyük fəlakətlər yaradar. Digər tərəfdən, Türkiyə NATO-nun üzvüdür. Ona görə də dərhal insidentlə bağlı olaraq NATO rəsmiləri tərəfindən müvafiq və adekvat reaksiya verildi. Özü də bu o halda baş verib ki, NATO ilə Rusiya arasında münasibətlər birinci üçün ikincinin üzərinə getmək baxımından bir arqument oldu".



Sizin Reklam Yeriniz