Əlaqə Arxiv
news Image
2015.10.10
11:00
| A A A
Xristian təəssübküşliyi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir
Elşən Manafov: “Bu fərqli yanaşma xristian təəssübküşliyindən irəli gəlir” Azər Həsrət: “Belə bir yanaşma Qərbin ölkəmizə münasibətdə sərgilədiyi ikili standartın daha bir nümunəsidir”

Hələ də Qərb ölkələri tərəfindən Gürcüstan, Moldova və Ukraynadakı separatçılarla Dağlıq Qarabağdakı separatçı quruma fərqli münasibət göstərilir. Halbuki, bu vəziyyət Qafqazda terrorun çiçəklənməsi və separatizm təhdidlərini artırır.

Qeyd edək ki, Qərb ölkələri Gürcüstan, Moldova və Ukraynadakı separatçı rejimləri tanımadığını bəyan edərək, onlara qarşı ciddi sanksiyalar tətbiq edib. Bu ölkələrdəki separatçı rejim nümayəndələrinin Qərb dövlətlərinə getməsi yasaqlanıb. Həmin separatçılarla Qərbin iqtisadi-siyasi, mədəni sahədə belə hər hansı bir əlaqəsi yoxdur. Hətta Qərb sözügedən separatçı rejimlərə dolayı yolla dəstək verən Rusiyaya qarşı da sanksiyalar tətbiq edir. ABŞ başda olmaqla, Qərb ölkələri separatizmdəm əziyyət çəkən bu 3 ölkəyə hərbi, siyasi, iqtisadi mənada hər cür dəstəyi göstərir. Amma anoloji vəziyyəti Qərbin Dağlıq Qarabağ separatçılarına münasibətində görmürük.

Politoloq Elşən Manafovun fikrincə, Qərbin Dağlıq Qarabağdakı separatçı rejimlə MDB məkanındakı digər separatçı qurumlara fərqli münasibət sərgiləməsi xristian təəssübkeşliyi və Azərbaycanı özlərinin bildiyi geosiyasi məkana nəyin bahasına olursa-olsun cəlb etmək niyyətindən qaynaqlanır: "Əslində, Qərbin MDB məkanında separatizmdən əziyyət çəkən ayrı-ayrı dövlətlərə fərqli münasibət bəsləməsi bu gün Azərbaycanın Qərb, Avropa Şurası, ATƏT-lə münasibətlərində yaşanan problemlərin kökündə dayanan əsas problemlərdən biridir. Yəni, Qərb siyasətçiləri Azərbaycanın ərazi bütövlüyü, erməni separatizmi ilə əlaqədar olaylara ikili standartlardan yanaşıb, erməni dövlətinin Dağlıq Qarabağ ermənilərinə açıq-aşkar hərbi-siyasi dəstək verməsilə bağlı amillərə bilərəkdən göz yumaraq ölkəmizi ciddi bir faktor qarşısında qoyublar.

Etiraf edək ki, zamanında MDB məkanında Vaşinqtonun dəstəyilə yaradılmış təşkilat vardı. Onun adı GUAM-dır. Ora Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova daxildir. Bu dövlətlərdən 3-ü, Gürcüstan, Azərbaycan və Moldova bilavasilə o zamankı Rusiya hakim-siyasi elitasının iqtidarı dönəmində Moskvanın dəstəyilə separatizmdən əziyyət çəkən dövlətlər idi. İndi də separatizmdən əziyyət çəkən bu dövlətlər sırasına Ukrayna da daxil olub. Buradan belə düşünülürdü ki, məhz MDB məkanında Rusiya ilə münasibətlərdə problemlər yaşanan dövlətləri GUAM təşkilatında görməklə Qərb nəhayət onların separatizmə qarşı mübarizəsinə dəstək olacaq, bu dövlətlərin ərazi bütövlüyü məsələsində yekdil mövqe nümayiş etdirəcək. Təəssüf ki, belə olmadı. Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü məsələsində yekdil mövqe nümayiş olunduğu halda, Azərbaycana münasibətdə Qərb dövlətləri, ilk növbədə ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr ölkələr ikili standartlardan çıxış etdilər. Bu da təbii ki, təəssüf doğurmaya bilməz. Belə yanaşmanın kökündə isə bir tərəfdən xristian təəssübkeşliyi dayanır. Digər tərəfdən, Moldova, Gürcüstan və Ukrayna dövlətlərinin hakim siyasi elitaları Rusiya ilə münasibətlərdə yarana biləcək problemlərin mahiyyətinə varmayaraq açıq-aşkar Qərbə inteqrasiya yolunu tutdu. Halbuki, Azərbaycanm iqtidarı dövlətimizin maraqları, balanslaşdırılmış siyasətin prioritetlərindən çıxış edərək, Qərblə Rusiya arasındakı disbalansda ortaq mövqeyini qoruyub saxlaya bildi. Bu isə Qərbi qıcıqlandırdı. Qərbin enerji təhlükəsizliyi məsələsində Azərbaycan həmin bölgə ilə özünün maraqlarına cavab verən bir mövqe tutdu. İmkan olduğu halda Rusiya və İran ərazisindən neft kəmərlərinin keçilməsinə razılıq da vermədi. Halbuki Azərbaycan bunu da edə bilərdi. Lakin Qərb Azərbaycan iqtidarının bu jestini anlasa da, nədənsə dövlətimiz və xalqımızın maraqları kontekstindən çıxş etmədi. Bu da ilk növbədə xristian təəssübküşliyi amilindən və Qərbin nəyin bahasına olursa-olsun Azərbaycan dövlətini özlərinin vacib bildiyi geosiyasi məkana inteqrasiya etdirmək məsələsindən irəli gəlir. Azərbaycan isə bəyan etdi ki, region və dünya dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, qarşılıqlı anlaşma, dostlıq və qardaşlıq prinsipləri üzərində qurmaq niyyətindədir. Hansısa dövlətə və hansısa geosiyasi məkana münasibətlərə xüsusi önəm və prioritet vermir. Çünki, xüsusi önəm və prioritetin verilməsi gələcəkdə Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Qərbin bu mövqeyi bu gün Azərbaycanla Qərb institutları arasında yaranan ən ciddi problemdir".

Siyasi şərhçi Azər Həsrət isə MDB məkanındakı separatçı rejimlərə münasibətdə Qərbin fərqli yanaşmasını ölkəmizə münasibətdə onlarda mövcud olan ikili standartlarda görür: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bütün dünyanın gözü qarşısında baş verib və burada əslində, ciddi baş sındırmağa da gərək yoxdur. Hər şey göz qabağındadır. Fakt işğal faktıdır. Qonşu dövlət başqasının ərazisini işğal edib və artıq 25 ilə yaxındır ki, bu işğalçılıq siyasətindən əl çəkmir. Belə olan halda əlbəttə ki, ədalətli dövlət və qurumlar məsələyə ədalətli yanaşmalı idilər. Amma ötən müddət ərzində həmin ədalətli qurumlardan başqa bir yanaşma tərzinin nümayiş etdirildiyinin şahidi olduq. Onlar tərəfindən daimi olaraq Azərbaycanın ədalətli mövqeyi dəstəklənmədi. Əksinə, Azərbaycandan daima güzəştlər tələb olunur.

Ukrayna, Moldova və Gürcüstanda baş verən bənzər hadisələrdə isə Qərb birmənalı mövqe tutdu. Konkret olaraq, həmin torpaqların Rusiya tərəfindən işğalı, Moskvanın həmin ölkələrdəki problemlərə müdaxiləsi öz adı ilə çağırıldı. Yəni, Qərb dövlətləri həmin ölkələrdə cərəyan edən münaqişələrdə birbaşa olaraq Rusiyanı ittiham etdi. Bu fonda da Rusiyanı işğalçı kimi tanıyırlar. Azərbaycana münasibətdə isə bu baş vermədi.

Belə bir yanaşma isə ikili standartın daha bir nümunəsidir. Azərbaycana münasibətlə digər 3 ölkədəki hadisələrə fərqli münasibətdə həm də xristian təəssübkeşliyi nəzərə çarpmaqdadır. Çünki, digərlərindən fərqli olaraq Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda, Azərbaycan digərlərindən fərqli olaraq tam müstəqil siyasət yürüdən bir dövlətdir. Digər 3-ü Qərbin arxasında sürünməyə meylli ölkələrdir. Bu faktlara əsaslanaraq Qərb həmin 3 ölkə ilə bağlı birmənalı mövqe ortaya qoyur, Azərbaycanla bağlı isə ikibaşı danışır".



Sizin Reklam Yeriniz