Əlaqə Arxiv
news Image
2015.10.16
10:31
| A A A
Milli maraqları pula satan QHT-lər
Fərasət Qurbanov: “Bir sıra qeyri-hökumət təşkilatları xarici donorların pozucu təsiri altına düşür və bu istiqamətdə müəyyən layihələrin həyata keçirilməsində iştirak edirlər” Aydın Mirzəzadə: “Qərb dairələri Azərbaycandakı bəzi QHT-lərə dəstək verməklə ölkəmizdə “beşinci kolon” yaratmağa çalışır”

"Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozurlar. QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar". Bu fikirləri Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib.Araşdırmalar göstərir ki, barəsində söhbət açılan QHT-lər əsasən Qərbdən qrant alır, onların verdiyi maliyyə hesabına müxtəlif layihələr həyata keçirirlər. Bu fonda həmçinin, belə demək mümkünsə, həmin dairələrin sifarişlərini də icra edirlər. Lakin qanunları pozmalarına, yaratdıqları QHT-lərə özlərinin şəxsi varlanma mənbəyi kimi yanaşmalarına baxmayaraq, Qərb ölkələri bunları bilə-bilə hələ də onlarla əməkdaşlıq edir. Hətta fürsət düşən kimi bu istiqamətdə əməkdaşlığı genişləndirməyə də çalışırlar. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, xaricdən qrant alan QHT-lər məhz onların maraqlarına dəstək verdiyindəndir ki, Qərb dairələri də bu qüvvələri müdafiə etməkdə davam edir: "Ölkəmizdə bir sıra QHT-lər var ki, hələ də onların Qərblə əlaqələri çox güclüdür və bu əlaqələr qalmaqda davam edir. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyi QHT sektorunun hər hansı bir xarici donorla əlaqələrinə heç bir maneə yaratmır. Amma təbii ki, həmin QHT-lər də bu əlaqələri ilk növbədə milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmlənməsinə həsr etməlidir. Təəssüf ki, bir sıra qeyri-hökumət təşkilatları bu məsələyə zidd gedərək, özünü "demokrat" adlandırır, bir çox xarici donorların pozucu təsiri altına düşür və bu istiqamətdə müəyyən layihələrin həyata keçirilməsində iştirak edirlər. Belə QHT-lə bağlı hər hansı qanunun tələbləri tətbiq olunanda dərhal onların müdafiəçiləri də peyda olur. Onları müdafiə edən şəxslər isə Avropa Parlamentində, Avropa Şurasında və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatlar arasından tapılır. Bu da düşünməyə əsas verir ki, nədən bu təşkilatları xarici donorlar beləcə sıx şəkildə müdafiə edirlər. Doğrudanmı onlar qanunun bütün tələblərinə əməl edir, onlara qarşı hər hansı bir təzyiq var? Əsla belə deyil.

Qeyri-hökumət təşkilatları ilə iş onu deməyə əsas verir ki, bir çox QHT-lər faktiki olaraq, qanunun bütün müddəalarına əməl etməmələrinə baxmayaraq, özlərini daha çox şəffaf hesab edir, amma ətrafındakıları qeyri-şəffaflıqda ittiham edir. Onlar yalnız özlərini qanunların müdafiəçisi kimi qələmə verməyə çalışırlar. Bu, heç də belə deyil. Həmin qərbyönümlü QHT-lər bir çox hallarda öz nizamnamə tələblərinə belə əməl etmir. Son dövrlər həmin məşhur QHT-in ümumi yığıncaqlarının şahidi olmuşuq? Həmin QHT-də doğrudanmı İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyası kimi qurumların olduğunu görürürkmü? Bunların baş verdiyini görmürük. Həmin QHT-in mətbuatda hansısa bir ictimai faydalı əməyinin də şahidi olmamışıq. Deməli, bu QHT-lər ancaq bəzi xarici təşkilatların təsiri altına düşüb, ölkədə sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərməyə çalışır. Azərbaycan qanunvericiliyi QHT-in fəaliyyətini tənzimləyir və belə pozucu hərəkətlərin qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər müvafiq müddəalar vardır. Bu müddəalara əməl etmək isə hər bir QHT və vətəndaşın borcudur. Əlbəttə, bu müddəalar heç də QHT fəaliyyətini məhdudlaşdırmağa, onların işini çətinləşdirməyə yönəlməyib. Qanunda belə müddəalar da yoxdur. Amma xarici donorlarla əməkdaşlıq edən bəzi QHT-lər yeni qanunvericiliyin tələblərinə belə əməl etmək istəmir. Onlardan qanunun tələblərinə əməl etməyi tələb etdikdə isə qarşı tərəfi qanun pozuntusu, korrupsiyada, demokratiyanın tapdalanmasında, şıffaflığın olmamasında ittiham edir. Qanunun tələblərinə əməl etmək hər bir QHT və vətəndaşdan tələb olunmalıdır. Avropa ölkələrinin özündə qanunlar pozulanda oradakı QHT-lərə qarşı da tələblər tətbiq olunur. Xarici donorlar öz ölkələrində qanuna hörmətlə yanaşdıqları kimi, Azərbaycan QHT-ləri də ölkə qanunvericiliyinə əməl etməlidirlər. Xarici donorlarla işləyən bəzi QHT-in fəaliyyəti ümumiyyətlə, yoxdur. Onlar donorların verdiyi qrantlar hesabına hansı işləri həyata keçirdiyini ictimaiyyət görməyib. Deməli, əslində, heç bir fəaliyyət həyata keçirmirlər. Yalnız həmin missioner təşkilatların xüsusi sifarişlərini yerinə yetirirlər. Ona görə də belə halların qarşısı sərt formada alınır. Bu əsasda həmin QHT-lərə havadarlıq edənlərin əsassız ittihamları da heç bir nəticə vermir. Xaricdən qrant alan QHT-lər məhz Qərbin buradakı maraqlarına dəstək vermək üçün çalışır. Məhz bu səbəbdən Qərb dairələri həmin QHT-in, hətta onlar qanunları pozmaqda davam etsələr də belə, fəaliyyətini dəstəkləməkdə davam edir, onları "müdafiə" etməyə çalışırlar".

Millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, Qərbdəki bəzi dairələr Azərbaycanda məqsədyönlü surətdə "beşinci kolon" yaratmağa çalışır: "Bunu bir vaxtlar siyasi təşkilatlar xəttilə etmək istədilər. Azərbaycan cəmiyyəti buna sərt reaksiya verdiyindən istəklərini yarımçıq saxladılar. Vaxtaşırı ayrı-ayrı insanları öz maraqlarına uyğun fəaliyyət aparmağa yönəldirlər. Bu formalardan biri də qeyri-hökumət təşkilatlarıdır. Göründüyü kimi bu qurumlar siyasətlə məşğul olmayan, müəyyən sosial proqramları həyata keçirən vətəndaşlar tərəfindən yaradılan təşkilatlardır. Amma onlar arasında siyasiləşməyə meyl edən, QHT hərəkatına varlanmaq vasitəsi kimi baxanlar da tapılır.

Bu proses də onlara ayrılan vəsait əvəzinə müəyyən addımları atılması tələbilə müşayiət olunur. Heç də təsadüfi deyil ki, özünü siyasətə qoşan QHT-in fəaliyyətində ilk növbədə anti-hökumət, anti-milli hərəkatı görürük. Azərbaycanın ümummilli maraqlarını beynəlxalq aləmdə müdafiə edən və xaric tərəfindən maliyyələşən QHT-lər yoxdur. Xaricdəki müəyyən dairələri məhz hökumət, dövlət əleyhinə aparılan fəaliyyət maraqlandırır və belə fəaliyyəti həyata keçirənlərə böyük məbləğlərin ayrıldığı da cəmiyyətimiz üçün artıq sirr deyil. Ancaq onlar unudur ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs hüquqi fəaliyyəti və əldə etdiyi gəlirlərin mənbəyinə aydınlıq gətirməlidir. Bu baxımdan ölkəmiz əleyhinə olan QHT-lər gec-tez ifşa olunur. Hesab edirəm ki, bu yolun sonu yoxdur".


Sizin Reklam Yeriniz