Əlaqə Arxiv
news Image
2015.10.17
12:10
| A A A
Xəzərdə yeni silahlanma yarışı başlanır
Hatəm Cabbarlı: “Xəzərin hərbiləşdirilməsi bu gün Rusiyanın geosiyasi maraqlarına cavab verir” Üzeyir Cəfərov: “İŞİD-i Xəzərdən vurmaqla Rusiya İran və İraqı da bu prosesə cəlb etdi”

Rusiyanın quruda yaratdığı gərginliklər su hövzələrinə də sirayət etməyə başlayıb. Bura sahilində yerləşdiyimiz Xəzər dənizi də aiddir. Məhz Moskvanın addımları ildə Xəzər dənizində silahlanma sürətlənir.

Rusiya yaxın perspetivdə Xəzər və Qara dənizlərində donanmasını gücləndirəcəyini, bura əlavə hərbi gəmilər gətirəcəyini açıqlayıb. Bundan başqa, bir neçə gün əvvəl Türkmənistan da Xəzərdə öz gücünü nümayiş etdirdi. Oktyabrın 9-da rəsmi Aşqabad ölkənin Hərbi-Dəniz Donanması Qüvvələrinin şərəfinə hərbi-dəniz paradı keçirib. Analitiklər Rusiyanın Xəzər dənizində digər ölkələri də silahlanmağa məcbur etdiyini deyirlər.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı hesab edir ki, burada psixoloji amili nəzərə almaq lazımdır: "Rusiyanın sanksiyalarla qarşılaşması iqtisadiyyatda problemlərin yaşanmasına səbəb olub. Bu ərəfədə Rusiyanın müxtəlif bölgələrdə hərbi dəniz donanmalarını daha da gücləndirəcəyi ona əlavə maliyyə problemi yaradacaq. Bu, iqtisadi və siyasi problemləri həll etdikdən sonra mümkün ola bilər.

Düzdür, Xəzərin hərbiləşdirilməsi bu gün Rusiyanın geosiyasi maraqlarına cavab verir. Belə ki, İŞİD-ə hədəflənən raketlər də Xəzər dənizindən atıldı. Bu baxımdan Xəzər dənizini sadəcə Xəzəryanı dövlətlər üçün deyil, həm də Yaxın Şərq probleminin bir parçası kimi dəyərləndirilə bilər. Bu hadisələrin necə inkişaf edəcəyi Rusiyanın xarici siyasətində, geosiyasi mövqelərində bundan sonra Xəzər dənizindən necə istifadə edəcəyinə bağlıdır. Bu baxımdan Rusiyanın açıqlama verməsi daha çox ABŞ və AB-ə qarşı psixoloji təzyiq vasitəsidir. Rusiya bununla ABŞ və AB-nin diqqətini Ukrayna və Suriyadan yayındırmağa çalışır".

Hatəm Cabbarlı əlavə etdi ki, digər Xəzəryanı dövlətlər Rusiyanın bu bəyanatına daha səbrlə yanaşmalıdır: "Bu mövzuda Rusiyanın necə hərəkət edəcəyin izləməlidirlər. Rusiyanın Xəzər sahili var. O donanmasını daha da gücləndirə bilər. Ancaq Xəzəryanı dövlətlərin Rusiya ilə ciddi problemləri olmasa da, onların da Xəzər dənizindəki donanamalarını yeniləməyə sövq edə bilər. Bu da Xəzər hövzəsində kimə qarşı bəlli olmayan silahlanma yarışının sürətlənməsidir. Bu baxımdan Xəzəryanı dövlətlər Rusiyanın addımlarına uyğun olaraq Xəzər dənizdə təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirə bilərlər".

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə Xəzərdə belə proseslərin təəssüfləndirici olduğunu deyir: "Xəzər dənizinin silahsızlaşdırılması həmişə gündəmdə olub. Ancaq indi isə bu cür addımların heç bir məntiqi mənası yoxdur. Baş verənlərə görə isə şimal qonşumuzu günahlandırmaq lazımdır. Durduğumuz yerdə bizi də bu proseslərə qoşur.

Rusiyanın İŞİD ilə bağlı son addımları, ona qədər "Dağıstan" və "Tatarıstan" gəmilərinin Xəzər dənizinə gətirilməsi, silahlanmanın güclənməsi narahatçılıq yaratmaya bilməz. Rusiya hazırda alovun üstünə bir az da benzin tökür. Xəzərdə silahlanma başlayacaq. Türkmənistan neytrallığına yenidən baxmaq istəyir. Azərbaycan da haqlı olaraq hərbi xərclərini artırır. Bu, yaxın perspektivdə dünyada gərgin proseslərin gedəcəyindən xəbər verir.

Böyük güclər dünya düzənini dəyişməyə meyllidirlər. Amma Xəzərdə silahlanmağa fasilə verilməlidir. Xəzər dənizində ola biləcək gərginlik sahilyanı ölkələrdən yan keçməyəcək. İŞİD-i Xəzərdən vurmaqla Rusiya İran və İraqı da bu prosesə cəlb etdi. Bundan sonrakı siyasət Xəzərin silahsızlaşdırılması gündəmə gətirməlidir. Nə olursa olsun, buna nail olmaq lazımdır".

Sizin Reklam Yeriniz