Əlaqə Arxiv
news Image
2015.10.19
17:15
| A A A
Oqtay Əsədov Gürcüstan baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Parlamentdən verilən məlumata görə, görüşdə sədr ümidvar olduğunu bildirib ki, bu səfər ölkələr arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

O qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri var: "Təqdirəlayiq haldır ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində inkişaf edən əməkdaşlığımız bu gün də davam etdirilir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr strateji tərəfdaşlıq xarakteri alıb. Münasibətlərimizin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynayıb. Bu günədək ölkələrimiz arasında 107 sənəd imzalanıb. İqtisadi sahədəki əməkdaşlığımız, irimiqyaslı layihələrin həyata keçirilməsindəki birgə fəaliyyətimiz həqiqətən təqdirəlayiqdir. Biz Gürcüstanla həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində gələcəkdə də əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik".

G. Kvirikaşvili isə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. O qeyd edib ki, tarixən möhkəm təməllər üzərində qurulmuş əlaqələr günbəgün inkişaf etməkdədir: "Biz Azərbaycanı özümüzə dost, strateji tərəfdaş hesab edirik. İnanırıq ki, birgə həyata keçirməkdə olduğumuz layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək. İqtisadi, mədəni, humanitar sahələrdəki əlaqələrimizin daha da genişlənməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu sahədə hər iki ölkə parlamenti dostluğumuzun daha da möhkəmlənməsinə öz töhfəsini verir".

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze və digər rəsmi şəxslər iştirak ediblər.


Sizin Reklam Yeriniz