Əlaqə Arxiv
news Image
2015.10.20
09:00
| A A A
AXCP-də böyük parçalanma
Kamil Seyidov: “Əli Kərimlinin partiyanı avtoritar şəkildə idarə etməsinin nəticəsidir ki, qısa zaman kəsiyində çoxsaylı partiyadaşları onu tərk edib” Mais Səfərli: “Vəziyyətin bu cür davam etməsi fonunda Əli Kərimlinin sədrlikdən kənarlaşdırılması da mümkündür”

Ötən bazar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayı keçirildi. Açılışda çıxış edən AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev elan etdi ki, indiyədək 60-dan çox rayon təşkilatında konfrans keçirilib, qurultaya 240 nümayəndə seçilib: "Bu nümayəndələrdən 212-si qeydiyyatdan keçib. Bu da qurultayın keçirilməsi üçün yetərsay deməkdir".

Sonra say və mandat komissiyası seçilib, sədarət formalaşdırılıb. Sədrliyə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev, təşkilat komitəsinin üzvləri Mehman Muradlı və Səbuhi Əliyev namizədliklərini irəli sürüblər. Gizli keçirilən səsvermədə 212 qurultay nümayəndəsi iştirak edib, 165 səslə R.Nurullayev qalib gəlib. O, AXCP sədri elan edilib.

Beləliklə, biz yenidən siyasi səhnədə AXCP adına iddialı olan iki partiyanın olduğunu görürük. Görəsən, bu vəziyyət həmin adda fəaliyyət göstərən partiya üçün nə deməkdir? Gözləmək olarmı ki, Əli Kərimli artıq AXCP rəhbərliyindən həqiqətən də kənarlaşdırılsın?

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, eyni adda iki AXCP-nin mövcudluğu Ə. Kərimlinin təşkilatının daha da zəifləyərək, cəmiyyətdə nüfuzunu tamamilə itirməsilə nəticələnəcək: "Bu gün AXCP-də baş verənlər birbaşa olaraq Əli Kərimlinin yeritdiyi siyasətin nəticəsidir. Əli Kərimli AXCP-ni demək olar ki, tamamilə öz monopoliyasına alıb. Burada fərqli fikir səsləndirənlərə partiya rəhbərliyi mənfi münasibət bəsləyir. İnsanların azad və fərqli söz demək imkanlarını Əli Kərimli məhdudlaşdırıb. Əli Kərimli partiyanı sanki özününküləşdirib. Məhz bunun nəticəsidir ki, bir müddət əvvəl Razi Nurullayev başda olmaqla bir qrup cəbhəçi Əli Krimli ilə əlaqələri kəsdi. Sonradan isə daha çox cəbhəçi R. Nurullayevin tərəfini tutdu.

Məhz Əli Kərimlinin partiyanı avtoritar şəkildə idarə etməsinin nəticəsidir ki, qısa zaman kəsiyində çoxsaylı partiyadaşları onu tərk edib. Digər tərəfdən, uzun illərdir ki, partiya sədri olsa da, Ə. Kərimli siyasətdə hər hansı ciddi bir uğura imza ata bilmədi. Onun siyasi fəaliyyəti daimi olaraq uğursuzluqlarla zəngindir. Bu amil də cəbhəçilərin ondan ayrılmasına qərar vermələrinə təsir edib. Artıq göründüyü kimi sıravi üzvlər avtoritar təfəkkürlü və bu xüsusda da daim məğlubiyyətlərə uğrayan birisi ilə getmək istəmirlər. Onlara yeni qüvvə lazımdır. Bu qüvvəni də onlar Razi Nurullayevin yaratdığı təşkilatda görürlər. Belədə artıq eyni adda iki AXCP-nin olduğunu görürük.

Belə bir vəziyyətin yaranması Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın cəmiyyətdə nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.

Əli Kərimli rəhbərliyə keçəndən üzü bəri bu təşkilat dəfələrlə parçalanmalara məruz qalıbBu hal onu göstərir ki, yaxın zamanlarda Əli Kərimlini daha yeni qüvvələr tərk edəcək. Çünki, hazırda onunla olan bir çoxları Nurullayevin son addımlarını gözləyirdi. Artıq AXCP Etimad Qurultayı da baş tutdu. Deməli, Kərimlinin komandasında yenə də qopmalar olacaq. Belədə Əli Kərimli cəmiyyətdə zəif nüfuzunu da itirəcək. Cəmiyyətdə Əli Kərimli barəsində etibarsız, ətrafına toplanan qüvvəni saxlamaq bacarığı olmayan, yeritdiyi siyasətin daimi olaraq parçalanmalara gətirib çıxardığı imici formalaşıb ki, son hadisə bu imici daha da möhkəmləndirəcək".

Həmsöhbətimiz düşünür ki, Ə. Kərimli bu hadisədən sonra bir lider kimi artıq özünü bərpa edə bilməyəcək: "Bu fonda hazırda Kərimlinin yanında qalanlar da ciddi fikirləşməli olacaqlar. Onlar sözsüz ki, Əli Kərimliyə son şans verəcəklər. Lakin bu son şansın da Kərimlini xilas edəcəyini düşünmürəm. Əli Kərimli AXCP-sinin bir müddət əvvəl keçirilən qurultayı göstərdi ki, növbəti qurultayda ona qarşı ciddi rəqiblər ortaya çıxacaq. Bu fonda da növbəti qurultay dönəmində Ə. Kərimlinin rəhbərlikdən kənarlaşdırılacağı qaçılmazdır".

Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, hazırda AXCP adına iki təşkilatın iddia etməsi Əli Kərimlinin rəhbərliyə gəlməsindən üzü bəri uzun illər bu qurumda baş verən böhranın növbəti dalğasıdır: "Bildiyiniz kimi, uzun zamandır ki, bu partiyada belə böhranlı hallar yaşanır. Müxalifət partiyaları məhz belə böhranların nəticəsi olaraq hazırda olduqca zəif duruma düşüblər. Proses gördüyümüz kimi indi də davam edir. Bu da təbiidir. Çünki, bu partiya uzun illərdir müxalifətdədir və bu illər ərzində cəmiyyətə yeni təşəbbüslər verə bilməyib.

Artıq müxalifət partiyalarının resusrları belə tükənib. Həmin partiyalar bütün səviyyədən olan seçkiləri uduza-uduza gəlib. Ən dəhşətlisi isə odur ki, buna rəğmən, partiya rəhbərliyi dəyişmir. Bütün bunlar da sıravi partiya üzvlərinin etirazına səbəb olur. Ona görə də bir çoxları həmin təşkilatları tərk etmək zorunda qalır. AXCP ətrafında cərəyan edən proseslər belə də davam edəcək. Həmin qurumlarda nə qədər ki, islahatlar aparılmır, orada demokratizm təmin olunmur, oradan parçalanmalar, bir ada iki,üç təşkilatın iddia etməsi kimi proseslər də davam edəcək, hətta daha da şiddətlənəcəkdir. Belə vəziyyət həmin partiyaların sonda tam iflası ilə sonuclanacaq. Vəziyyətin bu cür davam etməsi fonunda Əli Kərimlinin sədrlikdən kənarlaşdırılması da mümkündür. Partiyadaşları tərəfindən bu addımın atılacağı da istisna deyil. Sədr seçkiləri daimi olaraq uduzur, o bir rəhbər olaraq nə cəmiyyət, nə də partiyadaşlarına bir şey verə bilmirsə, həmin partiya rəhbərinin postunda qalmasının özü sual altında olan məsələdir. Proseslərin normal məcrada getmədiyi partiyalarda hər cürə proseslərin baş verəcəyini gözləmək mümkündür".



Sizin Reklam Yeriniz