Əlaqə Arxiv
news Image
2015.10.20
10:00
| A A A
Ermənistan Rusiyaya da xəyanət etdi
Şahin Cəfərli: “Bu, əlbəttə ki, ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanması deməkdir, lakin hesab edirəm ki, uzağa gedən nəticələr çıxarmağa dəyməz" İlqar Vəlizadə: “İş ciddi mərhələyə gələndə Rusiya da ciddi reaksiya verir”

Ermənistanın 2013-cü ildə Avropa inteqrasiyası prosesini nümayişkaranə dayandırdıqdan və tələsərək Rusiyanın inteqrasiya prosesi sayılan Avrasiya İqtisadi İttifaqına qoşulmasından bir neçə il sonra yenidən Avropa İttifaqı ilə danışıqları bərpa etmək qərarı verdi. Qərar heç kəsi təəccübləndirmədi. Avropa İttifaqı Şurası da Avropa Komissiyasına və xarici işlər üzrə ali nümayəndə Federika Moqeriniyə Ermənistanla yeni çərçivə sazişi barədə danışıqlara başlamaq üçün zəruri səlahiyyətlər verib. Danışıqların bu ilin sonunadək başlaması planlaşdırılır.

Bəzi siyasi şərhçilərin fikrincə, Ermənistanın "gah-gah siyasəti" onun üçün yaxşı bitməyəcək. Avropaya meyllənməsi Rusiyanın sərt münasibəti ilə nəticələnə bilər. Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, doğrudan da son vaxtlar Ermənistan-Avropa İttifaqı münasibətlərində müəyyən canlanma hiss olunur: "İttifaqa üzv olan ölkələrin xarici işlər nazirlərinin 12 oktyabr 2015-ci il tarixli toplantısında Avropa Komissiyasına bu ilin sonuna qədər Ermənistanla ikitərəfli münasibətlərin yeni hüquqi bazası üzrə danışıqlara başlamaq tapşırılıb. Bu günlərdə İrəvanda ticarət üzrə Avropa İttifaqı-Ermənistan alt komitəsinin toplantısı keçirilib. Aİ-nin Ermənistandakı nümayəndəsi bu ölkə ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirib.

Noyabrda Ermənistan iqtisadiyyat nazirinin Brüsselə rəsmi səfəri və iqtisadi sahədə iki sənədin imzalanması planlaşdırılıb. Sözsüz ki, bütün bunlar Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində 2 ildir davam edən böhranın və qeyri-müəyyənliyin başa çatması anlamına gəlir. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində Aİ ilə assosiasiya sazişi imzalayacağı gözlənilirdi, lakin bu tarixdən bir ay əvvəl – sentyabrda Serj Sarkisyan Vladimir Putinlə görüşündən sonra Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqının formalaşdırılması prosesinə qoşulmaq qərarını elan etdi. Bu qərar (eləcə də Ukrayna prezidenti Viktor Yanukoviçin bənzər addımı) Aİ dairələrində çaşqınlığa səbəb olmuş və Ermənistanla əlaqələrə qeyri-müəyyən müddətə qədər fasilə verilmişdi.

İndi belə görünür ki, tərəflər qarşılıqlı əlaqələrdə yeni səhifə açmaq qərarına gəliblər. Bu, əlbəttə ki, ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanması deməkdir, lakin hesab edirəm ki, uzağa gedən nəticələr çıxarmağa dəyməz. İmzalanacaq yeni sənəd sadəcə olaraq, tərəflər arasında mövcud olan tərəfdaşlıq və əməkdaşlığa dair sazişi əvəz edəcək. Ermənistan artıq strateji seçimini edib və birmənalı olaraq Rusiyaya üstünlük verib. İşğalçı ölkə Rusiyanın patronajlığı ilə yaradılan Avrasiya İqtisadi İttifaqının üzvüdür, Rusiya ilə vahid iqtisadi məkanda təmsil olunur. Ermənistanın demək olar ki, bütün iri sənaye müəssisələri Rusiyanın əlindədir. İki ölkə arasında hərbi sahədə dərin əməkdaşlığın olması da göz qabağındadır: Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və ərazisində Rusiyanın hərbi bazası uzunmüddətli əsasda dislokasiya olunub. Ermənistan bir növ, Rusiya Federasiyasının bir anklavı halına gəlib. Belə bir ölkənin Rusiyadan qopması və Avropa ilə inteqrasiyaya getməsi qeyri-mümkündür. Təsadüfi deyil ki, Avropa İttifaqına sədrlik edən Lüksemburqun xarici işlər naziri Jan Asselborn Ermənistanla imzalanacaq yeni sənədin assosiasiya sazişindən daha aşağı səviyyəli əməkdaşlığı ehtiva etdiyini bildirib. O, həmin sənəddə Ermənistan üçün hər hansı gömrük imtiyazlarının nəzərdə tutulmadığını vurğulayıb. Ermənistanın Aİ ilə bu yaxınlaşma siyasətinin strateji xarakter və inteqrasiya mahiyyəti daşımadığını Moskva da çox gözəl bildiyi üçün bu addımlar onda hansısa narahatlıq yaratmır. Lakin o da istisna deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə Azərbaycan arasında hansısa razılaşma ola biləcəyindən ehtiyatlanaraq Aİ ilə əməkdaşlığı qəsdən qabardır və bu yolla Moskvaya mesaj verir. "Mənim əlimin altında başqa alternativ də var" mənasındakı bu mesaj Rusiyanı Ermənistanın maraqları əleyhinə addım atmaqdan çəkindirmək məqsədi güdür. Ermənistanda keçirilən rəy sorğularında əhalinin Avrasiya İqtisadi İttifaqına dəstəyinin azaldığını göstərən rəqəmlərin ortaya çıxması və bunun mətbuatda elan edilməsini də Moskvaya göndərilən siqnal kimi qiymətləndirmək olar".

Politoloq əlavə etdi ki, Ermənistan-Aİ əməkdaşlığını Dağlıq Qarabağ münaqişəsi kontekstində dəyərləndirdikdə isə, bunun hansısa ciddi təsirə səbəb olmayacaq: "Aİ-nin bu münaqişəyə dair artıq formalaşmış mövqeyi var. Aİ bu məsələdə tərəfsiz mövqe tutur və ATƏT-in Minsk qrupunun səylərinə dəstək verir. Əgər Ermənistan assosiasiya sazişini imzalasaydı, o halda bəlkə Aİ-nin dəstəyini qazanmasından söhbət açmaq olardı. İndiki halda Aİ-nin bu məsələyə dair siyasətində prinsipial dəyişiklik gözləməyə dəyməz".

Digər siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, Ermənistan Avropa ilə münasibətlərdə sanki bir oyun oynayır: "Çünki, əslində, real heç nə baş vermir. Bütün danışıqları imitasiya xarakteri daşıyır. Rusiya da bunu çox gözəl başa düşür. Ona görə ciddi reaksiya vermir. Amma iş ciddi mərhələyə gələndə Rusiya da ciddi reaksiya verir. Məsələn, 2003-cü ildə Ermənistan Avropa ilə yaxınlaşanda Rusiyanın ciddi reaksiyasını gördük.

Hazırda isə reallıqda odur ki, Ermənistan Rusiyaya inteqrasiya planlarında iştirak edir. Həm də iştirak etmək məcburiyyətindədir. Çünki, Avrasiya İttifaqı çərçivəsində qəbul edilən sənədlər, proqramlar Ermənistana da şamil olunur. Ermənistanın müvafiq orqanları bu sənədlər üzrə hərəkət edirlər. Əgər ziddiyyət əmələ gəlsə, Rusiya mütləq öz iradını bildirəcək. Amma hələlik ciddi təhlükə görmədiyindən Rusiya susur".

Sizin Reklam Yeriniz