Əlaqə Arxiv
news Image
2015.10.22
10:00
| A A A
Avropanın məkrli mövqeyi bumeranq effekti verməyə başlayır
Arzu Nağıyev: “Avropa Şurasının bir sıra qurumları Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatlarının mövqeyini əsas tutaraq belə qərəzli bəyanatlar yayırlar” Vüqar Zifəroğlu: “Ümid edirik ki, Azərbaycana qarşı olan münasibətlərində müəyyən korrektələr edəcəklər”

Məlumat verildiyi kimi, Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası öz işinə başlayıb.

Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun budəfəki sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı qərəzli bəyanat qəbul edilməsi olub. Azərbaycan nümayəndə heyəti də bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib.

Aydındır ki, bu hadisədə itirən tərəf Avropa Şurasının özü, o cümlədən Yerli və Regional Hakimiyyətləri Konqresidir. Çünki onlar Azərbaycan kimi vacib bir ölkə ilə əməkdaşlıqdan məhrum olurlar.

Siyasi analitik Arzu Nağıyev bildirdi ki, son vaxtlar Avropa Şurasının Azərbaycanla bağlı hər hansı bir qərarı ancaq insan hüquqlarının pozulması, cinayət işləri sona çatmış və ya çatmamış bir sıra şəxslər barəsindədir: "Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış qaçqınlar ordusunun, Ermənistanın təçavüzü nəticəsində evlərindən, daimi yaşayış yerlərindən didərgin salınan 1 milyon nəfərin hüquqlarının tapdalanmasından söhbət belə getmir. Təəssüf ki, hər hansı qərar qəbul edilmir. Düşünmürəm ki, bütün bunlar bilərəkdən edilir.

Əfsuslar olsun ki, Avropa Şurasının bir sıra qurumları Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatlarının mövqeyini əsas tutaraq belə qərəzli bəyanatlar yayırlar. Bizim istər Avropa Birliyi dövlətləri, istərsə də digər siyasi qurumlarla normal münasibətlərimiz mövcuddur. Azərbaycana qarşı onların qərəzli mövqe tutmağa heç bir əsası yoxdur və ola da bilməz. Varşavada qəbul edilən qərarı öz tərəfimdən də qərəzli hesab edirəm. Azərbaycan tərəfinin də hazırki sessiyada iştirakdan imtinasını düzgün qərardır".

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, elə bizim də məqsədimiz bu cür reaksiyamızdan onların adekvat nəticə çıxartamalarıdır: "Çünki, Azərbaycan Qərblə münasibətlərinə həmişə strateji müttəfiqlik səviyyəsində baxıb. İstər enerji sahəsində əməkdaşlıq, istərsə də terrora qarşı koalisiyalarda iştirak məsələlərində Azərbaycan Qərbə öz tövfələrini verib. Səmimi partnyor olaraq özünü hər zaman təsdiq edib. Qərbdən də gözləntilərimiz eyni münasibət olub. Amma istədiyimiz münasibəti görmədikdə, biz də bu cür adekvat münasibət göstərmək məcburiyyətində qalırıq. Ümid edirik ki, Azərbaycana qarşı olan münasibətlərində müəyyən korrektələr edəcəklər".

Politoloq əlavə etdi ki, Azərbaycan Cənubi Qafqazda dövlət şərtlərinə cavab verən yeganə respublikadır: "Bu gün Gürcüstan var gücü ilə Azərbaycanın səviyyəsinə çatmaq istəyindədir. Ermənistanın isə heç adını çəkməyək. O, faktiki olaraq, Rusiyanın forpostu funksiyasını yerinə yetirən vilayət statusundadır. Bu anlamda Azərbaycanın əhəmiyyəti böyükdür.

Qərb və ya Rusiyanın Cənubi Qafqazda öz sözünü keçirmək üçün Azərbaycan kimi ölkəyə ehtiyacı var. Azərbaycan kimin tərəfində olsa, Cənubi Qafqazda həmin tərəfin qələbəsi deməkdir. Eyni zamanda Yaxın Şərqin qapısıyıq. Həmçinin, bir çox transmilli lahiyələrdə Azərbaycan açar ölkədir. Bu anlamda Azərbaycanın əhəmiyyəti böyükdür".

Sizin Reklam Yeriniz