Əlaqə Arxiv
news Image
2015.10.22
10:45
| A A A
Azərbaycan raketləri erməniləri daha çox qorxutmağa başlayıb
Erməni ekspertin maraqıl etirafı: «Azərbaycan hazırda regionun əsas oyunçusu kimi kifayət qədər möhkəmlənib, həm də təkcə hərbi planda deyil, geosiyasi planda mövqelərini möhkəmləndirib»

Azərbaycanın Ermənistanla müqayisədə kifayət qədər böyük hərbi üstünlüyə malik olması artıq heç kimə sirr deyil. Bu xüsusda düşmən tərəfində də etirafların sayı artır və ermənilər özləri bildirir ki, Dağlıq Qarabağ savaşı yenidən alovlanarsa, Ermənistan ordusunun Azərbaycan qarşısında tab gətirməsi mümkünsüzdür.

Ona da diqqət çəkilir ki, Azərbaycan həm işğal olunmuş ərazilərində, həm də Ermənistanın özündə istənilən nöqtəyə zərbə endirmək iqtidarındadır.

Ermənistanın gizlicə Dağlıq Qarabağda "Skad B" ballistik raketlərini yerləşdirərək Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanın neft infrastrukturunu hədəf almağı planlarının da puç olması müharibənin yenidən alovlanması şəraitində düşmənin daha qısa zaman kəsiyində məğlubiyyətini qaçılmaz edir. Avstraliyada mənzillənmiş erməni analitik Masis İngilisyan qeyd edir ki, Azərbaycanın malik olduğu "S-300" PMU "Favorit" zenit-raket sistemləri ölkənin əsas neft infrastrukturunu istənilən hava və raket hücumundan tam müdafiə edərək Ermənistanın ballistik raket təhdidlərini neytrallaşdırır.

Erməni ekspert hərbi və təhlükəsizlik tematikası üzrə ixtisaslaşmış İMİNT Analysis mərkəzinin rəhbəri, həmin bloqun aparıcı Şon Konnerin təqdim etdiyi məlumatlara əsasən bildirir ki, Azərbaycanın "S-300" raketləri strateji obyektlərin hava-raket hücumundan etibarlı şəkildə müdafiəsini təmin etmək üçün döyüş mövqeyində dayanıblar. İMİNT Analysis 2012-ci ilin sonlarında Google Earth proqramının köməyi ilə Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi "Skad B" ballistik raketlərinin fotolarını çəkərək yaymışdı. Həmin raketlərin 300 kilometr uçuş radiusu var və Ermənistan bu raketləri gizlicə Qarabağda yerləşdirməklə Bakının neft infrastrukturunu hədəf almağa çalışırdı.

Mərkəz açıq mənbələrdən toplanan məlumatlara əsasən bildirir ki, Ermənistanın 8 atış qurğusu və 24 belə raketi var. Lakin bu atış qurğularından eyni vaxtda 8 raketin buraxılması belə Azərbaycanın "S-300" PMU "Favorit" zenit-raket sistemlərinin müdafiəsini yarıb keçməyə imkan vermir. Çünki bu zenit-raket sistemləri eyni vaxtda 12 raket buraxmaq imkanındadır və Ermənistanın istənilən ballistik təhdidini neytrallaşdırmağa imkan verir: "Azərbaycan Ermənistana qarşı mürəkkəb hava hücumundan müdafiə sistemi qurub, bu sistem istənilən potensial təhdidin qarşısını almağa imkan verir. Ermənistan Azərbaycanın daha böyük hərbi təhdidinə qarşı ona ani üstünlük verə biləcək kartı oynamaq istəyirdi. Lakin Azərbaycan hazırda regionun əsas oyunçusu kimi kifayət qədər möhkəmlənib, həm də təkcə hərbi planda deyil, geosiyasi planda mövqelərini möhkəmləndirib. Bu, Azərbaycanın müxtəlif tipli istənilən mürəkkəb hava hədəflərini vurmağa imkan verən havadan müdafiə sistemi sayəsində baş verib".

Qeyd edək ki, Azərbaycan Ordusunun istifadəsində olan "S-300 PMU2 Favorit" hava hücumundan müdafiə (HHM) sistemi bu tip silahların ən son və yeniləşdirilmiş modelidir. Sistem 27 kilometr hündürlüyə qədər, 200 kilometr uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər. Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 kilometr radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 kilometr məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur.

"S-300" zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı ZRS kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 kilometrdən 150 kilometrdək məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir.

Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub. Ümmuiyyətlə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Naxçıvanda yerləşdirilmiş "Smerç" raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir.



Sizin Reklam Yeriniz