Əlaqə Arxiv
news Image
2015.10.23
17:00
| A A A
Böyük Britaniyanın Avropa İttifaqında qalmasını istəyənlərin sayı azalır

Son aylar Birləşmiş Krallığın Avropa İttifaqında (Aİ) təmsil olunması tərəfdarlarının sayı 61 faizdən 52 faizə qədər enib. Bu barədə "Ipsos Mori" xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir.

Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, Britaniyada iyun ayında keçirilən analoji tədqiqat zamanı respondentlərin cəmi 27 faizi Avropa İttifaqından çıxmaq barədə suala müsbət cavab vermişdi. Hazırda isə bu fikirlə krallıq sakinlərinin 39 faizi razılaşır.

Yerli şərhçilərin fikrincə, ictimai rəyin qısa müddət ərzində kəskin dəyişməsinə çox güman ki, Avropada davam edən miqrasiya böhranı səbəb olub.

Son həftələr Fransanın bilavasitə Britaniya sərhədləri yaxınlığındakı Kale şəhərində yaşama izni və sosial müavinətlər almaq məqsədi ilə Birləşmiş Krallığın ərazisinə daxil olmağa çalışan minlərlə qanunsuz mühacir toplanıb.

Baş nazir Devid Kemeronun sözlərinə görə, Böyük Britaniyanın bundan sonra da Avropa İttifaqında qalması barədə referendum ən geci 2017-ci ilin sonunadək keçirilməlidir. Buna baxmayaraq, bəzi yerli KİV nümayəndələri səsvermənin artıq gələn il təşkil oluna biləcəyini ehtimal edir.

Hökumət başçısının özü isə ölkəsinin ittifaqın tərkibində qalmasının tərəfdarıdır. O, Aİ-də islahatlar keçirilməsinə və Böyük Britaniyaya qurumda idarəetmə səlahiyyətlərinin xeyli hissəsinin qaytarılmasına nail olacağına vəd verib. Lakin Avropa İttifaqınin digər üzv dövlətlərinin güzəştə getməyəcəyi təqdirdə, D.Kemeron krallığın Aİ-dən çıxmasını dəstəkləyə bilər.

Sizin Reklam Yeriniz